Ölkə
Sumqayıtda hərbçiləri daşıyan maşın teplovozla toqquşdu
30-10-2015, 17:42
Sumqayıt şəhərində teplovozla hərbi avtomobil toqquşub.
Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsindən ans press-ə verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində Azərbaycan Dövlət Dəmir yolunun Yaşma-Z.Taqıyev çeşidləmə mənzilinin 9-cu piçetində baş verib.
Bakıdan Yalamaya gedən Biləcəri Lokomotiv Deposunun maşinisti, 55 yaşlı Sumqayıt sakini Faiq Əzizovun idarə etdiyi teplovozla Məhəmməd Muxtarlının idarə etdiyi “Maz” markalı avtomobil toqquşub.
Nəticədə hərbi qulluqçular Məhəmməd Muxtarlı və avtomobildə olan 5 əsgər müxtəlif xəsarətlərlə MN-in Mərkəzi Hospitalına çatdırılıblar.
Onların vəziyyətinin stabil olduğu bildirilir.
Fakt Xaçmaz Xətt Polis Şöbəsinin Sumqayıt bölməsində araşdırılır.
Virtualaz.org saytı bildirir ki, hadisə ilə bağlı Müdafiə Nazirliyinin saytı da məlumat yayıb. Həmin məlumatda isə deyilir: “Oktyabrın 30-da “Maz” markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.
Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır”.
musavat.com