Ölkə

Prezidentlərin görüşündən gözləntilər: Azərbaycan silkələnə bilər

14-05-2016, 20:39

 

Natiq Miri: "Hakimiyyət cəmiyyətdə nüfuzunu itirəcək”

Cavid Musazadə: "Atəşkəs razılaşması olarsa, cəmiyyətdə narazılıq yaranacaq”

Əli Orucov: "Atəşkəs hər zaman müvəqqəti olub”

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlarda görüşü gözlənilir. Bu görüşün baş tutub, tutmaması hələ ki, dəqiq deyil. Əgər bu görüş baş tutarsa və prezidentlərin bu görüşündən danışıqların davam etdirilməsi üçün atəşkəs razılaşması əldə olunarsa, cəmiyyətdə bu necə qarşılanar?

Natiq Miri Cebhe.info-ya şərhində prezidentlərin görüşünü Qarabağ münaqişənin yenidən dondurulması kimi qiymətləndirib. Onun fikrincə Azərbaycan bu şansı Ermənistana verməməlidir:

"Belə vəziyyətlərdə hesab etmirəm ki, hakimiyyət Azərbaycan ictimayyətinin rəyilə bağlı narahatlıq keçirir. Azərbaycanda güya ictimai rəylə hesablaşma görüntüsü var. Ancaq sözün əsl mənasında ictimai rəy hakimiyyəti o qədər də maraqlandırmır. Məsələ bir də başqa konteksdə yanaşmaq lazımdır. Çünki 2 prezident arasında əgər görüş baş tutacaqsa, bu görüş mativi əsasən Sarkisyanın şərtlərinə uyğun aparılır. Sarkisyan da danışıqlara başlamaq üçün 3 şərt irəli sürmüşdü ki, bu şərtlərində əsas hədəfi bilavasitə atəşkəsin qorunması, möhkəmləndirilməsi üçün xüsusi mexanizmilərin yaradılması və tətbiq olunması ilə bağlıdır. Bunun kökündə də əsasən Azərbaycanın hərbi əməliyyatlara başlamasının qarşısının alınması hədəflənir. Ona görə də mən düşünürəm ki, belə bir görüş Azərbaycanın maraqları kontekstində deyil.

Çünki atəşkəsin qorunması və belə bir mexanizmlərin tətbiq olunması və gələcəkdə danışıqlar mərhələsinin başlaması münaqişənin dondurulması anlamına gəlir. Münaqişə dondurulmadan bu cür danışıqların aparılması mümkün deyil. Ancaq atəşkəs və bu yöndə aparılan işlər uzun zaman alan məsələdir. Bu da Ermənistanın bilavasitə maraqlarına xidmət edir. Çünki Sarkisyan hakimiyyəti bu gün güc balansını təmin etmək üçün mütləq mənada zamana ehtiyacı var ki, həm ordunun, həm də hakimiyyətinin mövqelərini gücləndirsin. Ona görə də bu cür dəyərli bir zamanı Ermənistana Azərbaycanın tanıma haqqı doğru olmazdı”.

Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti hərbi-psixoloji üstün olduğu vəziyyətdə danışıqlara gedərsə, ictimayyət bununla razılaşmayacaq. N.Miri əgər danışıqlar baş tutarsa hakimiyyətin nüfuzuna zərbə olacağını vurğulayıb:

"Azərbaycan indiki zamanda mütləq mənada basqı siyasəti yürütməlidir. Diqtə edən tərəf Emənistan deyil, Azərbaycan olmalıdır. Azərbaycan son hərbi-psixoloji üstünlüyündən istifadə edərək bu şərtlər altında danışıqlardan imtina etməlidir. Adətən danışıqlar ibtidaidən aliyə doğru gedir. Ancaq indiki mərhələdə bütün konsept başdan başlayıb. Ortada heç bir həll prosesi olmadan birbaşa prezidentlərin görüşünü təşkil etmək yalnız və yalnız atəşkəsin möhkəmlənməsinə xidmət edir. Bu da status kvonun qorunması deməkdir. Ona görə də düşünürəm ki, bu, Azərbaycanın maraqları çərçivəsində baş verən proses deyil. Bu belə deyilsə təbii ki, Azərbaycan ictimayyəti də buna razı olmayacaq. Hər bir halda Azərbaycan hakimiyyəti hətta ictimai rəylə hesablaşmasa belə, bu hakimiyyətin imicinə cəmiyyətdə ciddi şəkildə zərbə vuracaq.

Çünki aprel döyüşlərindən sonra pis-yaxşı cəmiyyətdə hakimiyyətin nüfuzu artmışdı. Bu gün sonu görünməyən danışıqlar prosesinə Ermənistanın və onun maraqlarını müdafiə edən havadarlarının, MİNSK Qrupunun həmsədr dövlətlərinin istəyi ilə danışıqlar prosesi aparılacaqsa təbii ki, cəmiyyət bununla razılaşmayacaq. Bu da hakimiyyətin nüfuzuna zərbə vuracaq. Bu təkcə nüfuz məsələsi də deyil, həm də danışıqlar prosesinin sonsuza qədər davam etməsi praktikasına yeni bir səhifədən başlamaq deməkdir. Buna görə də 24 illik bu yanlış siyasətin təzədən təkrarlanmasına qətiyyən imkan vermək olmaz”.

AXCP-nin sədr müavini Cavid Musazadə Qarabağ məsələsində hakimiyyətin xalqın yekdil mövqeyinə arxalanmalı olduğunu ifadə edib. Onun sözlərinə görə, hakimiyyət bu məsələdə Ermənistana qarşı zərrə qədər də güzəştə getməməlidir:

"Qarabağ müharibəsinin həlli, işğaldan geri çəkilmə məsələsi üzrə cüzi bir irəliləyiş olmasa, bu məsələ hakimiyyəti sarsıdacaq qədər təsirli nüanslara səbəb olacaq. Əgər belə olsa, yeni mərhələ başlayacaq. Cəmiyyətdə təmərküzləşmə olacaq. Hakimiyyət faktiki psixoloji uduzmuş olacaq. Bu təmərküzləşmədə rəy hakimiyyətə qarşı yönələcək. Hökmən müsbət nəticə olmalıdır.

Hətta 5 rayon verilərsə, bunun müqabilində rus qoşunlarının əraziyə sülhməramlı adıyla yerləşdirilməsi həyata keçirilərsə, bu da uğursuz nəticədir. Bunu da təbliğ edib bir müddət cəmiyyəti ovundura bilərlər. Bütün hallarda hakimiyyət xalqın yekdil mövqeyinə arxalanmalıdır. Zərrə qədər də güzəştə getməməlidir”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə isə, atəşkəs əldə olunsa belə erməni təxribatı davam edəcək:

"Atəşkəs rejimi onsuz da hər zaman kövrək olub. Bişkeş protokolundan bu günə qədər nə vaxt atəş dayanıb ki? Hər zaman Ermənistan təxribatları davam etdirib. Hər zaman Ermənistan mülki əhalini atəşə tutub. Müharibənin dayandırılmasının yeganə yolu erməniləri işğal olunmuş ərazilərdən qovub çıxarmaqdır. Atəşkəs olsa belə bunun müvəqqəti olacağı da artıq indidən bəllidir”.

Vilayət Muxtar
Cebhe.info

- See more at: https://cebhe.info/oxu/20643/#sthash.ty3Cc7cK.btefAv5k.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]