İqtisadiyyat

Dövlət kreditləri hansı məmurları ilişdirəcək?

9-05-2016, 21:13
Dövlət kreditləri hansı məmurları ilişdirəcək?Məhəmməd Talıblı: «Artıq iki ildir ki, cərimələrlə doldurulan dövlət büdcəsi formalaşdırılır»

Xəbər verdiyimiz kimi, Azərbaycanda qanunsuz kredit alanlar və aldıqları krediti təyinatı üzrə istifadə etməyənlər, eləcə də dövlət borcundan istifadə qaydalarını pozanlar üçün cərimələrin məbləği artırılır.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur.

Məcəllənin hazırkı variantına görə, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(azadlıq)

Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə isə təklif edilir ki, birinci hala görə şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən 4 mislinədək miqdarda cərimələnsin və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Ikinci hala görə, yəni eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən 5 mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Bununla yanaşı, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozmaya görə cərimələrin maksimal həddi artırılır.

Beləliklə, xüsusilə dövlət zəmanəti ilə kredit alan təşkilatlar xüsusi hədəfdə olacaq. O zaman sual yaranır ARDNŞ, "Azərişıq”, "Azərenerji”, "Azərsu” kimi təşkilatlar məsuliyyətə cəlb edilə bilərmi?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, əslində bu bir tərəfdən hökumətin sürətlə borclanmasını, həm də onun səmərli xərclənməsi üzərində nəzarəti sərtləşdirmək məqsədilə aparılır. M.Talıblının sözlərinə görə, doğrudan da hüquqpozma hallarının qarşısını almaq onun üçün nəzərdə tutulan hüquqi məsuliyyətin sərtləşdirməsi ilə bir çox hallarda ziddiyyət yaradır: "Hüquqi təctübələr göstərir ki, inzibati tədbirlər sərtləşdirildikcə, çox zaman hüquqpozma halları azalmır. Əslində onu doğran səbəbləri aradan qaldırmaq və daha təkmil mexanizmlər tapmaqla nəticəyə rəvac verməməkdir. Bu təkcə ictimai vəsaitlər üzərində şəffaflığın təmin edilməsi və səmərəli xərclənməni təmin etmək deyil, daha çox müxtəlif maliyyə sanksiyalarından fiskal qurumlara daxilolmaları artırmağı təşviq etməkdir. Çoxlu sahələrdə həyata keçirilən maliyyə sanksiyalarının yüksəldilməsi dövlət büdcəsinə neft sektorundan daxilolmalarının azalması və bunun hesabına qeyri-neft sektorundan yığım əmsallarının yüksəlməsinə nail olmaqdır”.

M.Talıblının fikrincə, əslində dövlət büdcəsini cərimələrlə doldurulması bir kurs olaraq 2 ildir ki, başlayıb. Sanki, cərimələrlə doldurulan dövlət büdcəsi formalaşdırılır: "Cinayət Məcəlləsində son dəyişikliklərin sayı iyirmini keçib. Bu kreditor borclarının artmasının qarşısının alınması və onun sərtləşdirilməsi məqsədilə edilir. Əgər əvvəlki qanunvericliyin tələbinə görə vətəndaş və ya hüquqi şəxs hüquqpozma halına görə 1000 manatdan yuxarı məbləğdə olardısa, bu zaman o, cinayət məsuliyyətinə cəlb olunurdu. Son dəyişikliklərdən sonra bu məbləğ 20 dəfə artırılaraq 20 min manat səviyyəsində müəyyənləşib. Yəni, külli miqdar həddi deyəndə 100 min manatdan yüksək məbləğ nəzərdə tutulacaq. Bu qanun 20 gündən sonra, yəni iyun ayının 1-dən qüvvəyə minəcək”.

M.Talıblının sözlərinə görə, yeni qanun tətbiq edilən zaman həm təşkilat rəhbəri, həm də banka borcu olan istənilən fiziki şəxs qəsdən müflisləşmə aktının qarşısını almaq üçün belə addımlar atılacaq. "Bu qanunun müsbət tərəfi ondan ibarətdir ki, indiyə qədər maliyyə pozuntusu olanlara qarşı cinayət məcəlləsi üzrə ittiham olunub həbs olunmuşdularsa, bundan sonra həmin məbləğ həbs üçün əsas sayılmayacaq. Yəni, sahibkarların maliyyə öhdəliklərini icra edə bilməyəndə, həbs olunma təhlükəsi ilə içəri doldurulmayacaq, onun ödənməsi üçün müəyyən fürsətlər tanınacaq. Çünki, həbs çıxış yolu deyil. Kiçik məbləğə görə həbsə atılan şəxsə qarşı həm ədalətsizlik edilmiş olurdu, həm də həmin vəsaitin qayatarılması heç bir konkret məbləğlə nəticələnmirdi. Nəticədə kreditor təşkilatlar həm daha çox vəsait itirirdilər, həm də həbsxanalara dövlət büdcəsindən daha çox vəsait xərclənirdi”, deyə M.Talıblı bildirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]