Gündəm

Bunu edənlər həbs olunacaq - Prezident dəyişiklikləri təsdiqlədi

18-12-2016, 20:34
Bunu edənlər həbs olunacaq - Prezident dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş son dəyişiklikləri təsdiqləyib.

Xeberman.com xəbər verir ki, məcəllədə edilmiş dəyişikliklərlə bağlı "Azərbaycan” qəzetində dərc edilib və bu dəyişikliklər qüvvəyə minib.

Cinayət Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:

1. 99-4.6-cı maddəyə "170-171-1,” rəqəmlərindən sonra "192-2,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 192-2-ci maddə əlavə edilsin:

"Maddə 192-2. İdman yarışlarının manipulyasiyası

192-2.1. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

192-2.2. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

192-2.3. Bu Məcəllənin 192-2.1-ci və 192-2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

192-2.3.1. təkrar törədildikdə;

192-2.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

192-2.4. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etmə -
üç ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

192-2.5. Bu Məcəllənin 192-2.4-cü maddəsində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə -  üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 192-2.1-ci, 192-2.2-ci və 192-2.4-cü maddələrində "idman yarışlarının manipulyasiyası” dedikdə, şəxsin özünün və ya başqalarının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi) başa düşülür.

2. Bu Məcəllənin 192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verdikdə və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etdikdə cinayət məsuliyyətindən azad edilir.

3. Bu Məcəllənin 192-2.2-ci maddəsində nəzərdə tutulmuş əməli öz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törətmiş vəzifəli şəxs bu Məcəllənin 311-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunur.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]