Gündəm

Ermənilər Tərtər, Bərdə və Yevlax ərazisini tutub, Azərbaycanı iki yerə bölmək istəyirlərmiş

2-05-2016, 17:21
Azərbaycan prezidenti İlham Əliyev cəbhə bölgəsinə səfər edib 

Səfər zamanı İlham Əliyev ermənilərin müharibəni başlamasının səbəbini açıqlayıb. Prezident bildirib ki, Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlət aprelin ilk günlərindən yenidən atəşkəsi pozdu.

Baş verənlərlə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Məsələnin bir kökü bundan ibarətdir. Ermənilər görəndə ki, beynəlxalq aləmdə Azərbaycanın haqq işinə bir dönüş var, Azərbaycanın tərəfdarları artıb, çoxalıb, belə bir şəraitdə sülh danışıqları prosesi daha da aktuallaşıb, ona görə də sülh danışıqlarına getməyi arzulamazdılar və buna görə də aranı müharibə ilə, Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla qatdılar. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə ölkə prezidenti İlham Əliyevin ABŞ-a səfəri idi. ABŞ səfəri çox uğurlu oldu. Azərbaycanın qərbyönümlü siyasətinin mövqelərini xeyli möhkəmləndirdi. Bunun nəticəsində ABŞ-ın vitse prezidenti Bayden səviyyəsində, Con Keri səviyyəsində açıq sürətdə bəyan edildi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu ərazi bütövlüyünün təmin edilməsi üçün erməni işğalçı qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır.

TANAP, TAP Bakı -Tiblisi-Ceyhan layihəsindən sonra Azərbaycanın ikinci ən böyük layihəsinin ərsəyə gəlməsindən sonra Rusiya Azərbaycanla müəyyən dərəcədə rəqabət aparırdı. Bu rəqabətdə Azərbaycanın imkanlarını sarsıtmağa çalışırdı. Bu layihə və ölkə prezidentinin qərbyönümlü siyasəti birmənalı olaraq erməni və rus tərəfini qıcıq edirdi. İlham Əliyevin ABŞ-a, Beynəlxalq təhlükəsizlik konfransına səfəri günündə ermənilər Azərbaycan ərazisinə hücuma başladılar. Ermənilər havadarları ilə birlikdə çox mənfur bir plan işləyib hazırlamışdılar ki, guya qısa bir müddətdə onları Tərtər istiqamətində cəbhəni yarıb, Tərtər, Bərdə və Yevlax ərazisini tutub, Azərbaycanı iki yerə bölmək istəyirdilər. Ancaq Azərbaycan ordusunun kəşfiyyatı çox dəqiqliklə işlədi və ermənilərin belə bir məkirli niyyətini Azərbaycan siyasi və hərbi rəhbərliyinə bildirdi. Belə bir şəraitdə Azərbaycan ordusu əks həmlə hücumuna hazırlaşırdı. Bu müharibəni bütün təmas xətti boyu həyata keçirməyi planlaşdırırdı. Ermənilər Füzuli istiqamətində Azərbaycan ordusunun hücumunu qətiyyən gözləmirdi. Hətta Ağdam istiqamətində də hücum gözləmirdilər. Onlar elə hesab edirdi ki, Azərbaycan qoşunları ancaq Tərtər, Talış və Sərsəng istiqamətində daha çox qüvvə toplayıb.

Ermənilər ilk həmləni Tərtər istiqamətində etdilər. Həqiqətən də Azərbaycan ordusunun Tərtər istiqamətində mövqeləri çox güclü idi. Ermənilər hücuma keçdilər, müharibəni başladılar, burada ermənilərin qəyyumlarının da taktiki xəttləri aydın görünürdü. Gözləmədikləri bir vəziyətə düşdülər. Hücumda olan bütün erməni tankları vuruldu, erməni komandanlığının yüksək rütbəlilərindən bir çoxu məhv edildi və xüsusi təyinatlılarımız erməni ordusunu böyük bir ərazidə neytrallaşdırdılar. Beləliklə Azərbaycan ordusu sürətli hücuma keçərək, qısa müdətdə 20 km məsafədə yerləşən ərazini, Talış kəndini, Talış yüksəkliyini ələ keçirdilər. Düşmənin beli Tərtər istiqamətində qırıldı, paralel olaraq Ağdam istiqamətində hücuma başladıq. Daha böyük hücum isə Füzuli istiqamətində oldu. Ordumuz 4 gün ərzində çox uğurlu əməliyyatlar həyata keçirdi.

Bundan sonra Azərbaycan birtərəfli qaydada atəşkəs elan etdi. Ancaq ermənilər yenidən atəşkəsi pozdu. Bütün bunlara baxmayaraq, Azərbaycan bir xeyli ərazisini geri qaytardı. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verdi ki, son 20 il ərzində Azərbaycan ordusu çox güclənib. Düşmən ordusunu məhv etməyə qadirdir. Rusiyanın özü də bu məsələlərdən ciddi sürətdə ehtiyyatlanmağa başladı. Nəticə etibarı ilə, hələ ki "taym aut" götürülüb, ancaq inanmıram ki, bu uzun müddət çəkə".

Administratorla əlaqə

077 611-55-22

[email protected]