Əsas Səhifə / Yaşam

Bakı Apellyasiya Məhkəməsi femidanı tanımır

23-03-2014, 12:31
Bakı Apellyasiya Məhkəməsi femidanı tanımır
Xalqxeber.Az - Məmməd Məmmədov, sizin ədalətsiz qərarlarınız vətəndaşları dövlətdan narazı salır

Ölkəmiz sovet imperiyasının çaynağından yaxa qurtardıqdan sonra digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar aparılıb, bir sıra ciddi irəliləyişlərə imza atılıb.

Söz yox ki, həqiqi demokratik cəmiyyətin yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəldilib. Həmin islahatlara uyğun olaraq ölkə rəhbərliyi tərəfindən yeni mütərəqqi qanunlar, o cümlədən «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilib.

Qeyd etmək lazımdır ki, bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmaqla yanaşı, beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Beləliklə, hüquq sistemində aparılmış islahatlar nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb.

Bakı Apellyasiya Məhkəməsi bəzən ədalət prinsipini müəyyən maraqlara qurban verir və kim(lər)insə göstərişinə boyun əyməli olur

Bir sözlə, ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Məsələn, son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayı artırılıb, məhkəmə aparatlarının strukturu isə bir xeyli təkmilləşdirilib. Bundan başqa, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş «Məhkəmələr və hakimlər haqqında» Qanuna müvafiq dəyişikliklər barədə və «Məhkəmə-Hüquq Şurası haqqında» qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb. Həmçinin, yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılıb, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunub, onların intizam məsuliyyəti məsələləri bilavasitə Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilib, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılıb.

Bildiyiniz kimi, hakimiyyət bölgüsü prinsipinə görə Azərbaycan Respublikasında təşkil olunan dövlət hakimiyyətinin sahələrindən biri məhkəmə hakimiyyəti adlanır. Onu çox vaxt «üçüncü hakimiyyət» adlandırırlar. Odur ki, məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin xüsusi sahəsini təşkil edir. Və məhkəmə hakimiyyəti dedikdə, dövlət hakimiyyətinin elə bir xüsusi sahəsi başa düşülür ki, o, ədalət mühakiməsi yolu ilə həyata keçirilir. Yəqin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Məmməd Məmmədov bilməmiş deyillər ki, məhkəmə hakimiyyətinin həyata keçirdiyi fəaliyyətin əsas istiqaməti vətəndaşların hüquq mənafelərini qorumaqdan ibarətdir. Yəni məhkəmə hakimiyyəti insan və vətəndaş hüquqlarının təminatçısıdır. Lakin təəssüflər olsun ki, Məmməd Məmmədov bir çox hallarda funksiyasını normal şəkildə yerinə yetirə bilməməklə yanaşı, ədalət prinsipini də müəyyən maraqlara qurban verir. Məhkəmələr, eləcə də hakimlər yalnız qanuna tabe olmağa borclu olsalar da, bəzi məqamlarda Bakı Apellyasiya Məhkəməsi kim(lər)insə göstərişinə boyun əymək məcburiyyətində qalır. Halbuki heç bir dövlət orqanının, həmçinin vəzifəli şəxsin məhkəməyə bu və ya digər işi necə həll etmək barədə göstəriş vermək hüququ yoxdur. Görünür, Məmməd Məmmədov digər bir sıra məsələlər kimi bunu da unudub...

Bir sıra məhkəmə hakimləri və sədrləri var ki, fərqinə varmadan, bəlkə də bilərəkdən qüvvədə olan bəzi qanunlara hörmətsizlik edir, yol verdikləri ciddi nöqsanlarla ölkə konstitusiyasında nəzərdə tutulan müddəaları kobud surətdə pozurlar. Məhz elə bu səbəbdən də onlar son illər ölkə rəhbərliyi tərəfindən məhkəmə hüquq sistemilə bağlı aparılmış islahatlara kölgə salır, sadə vətəndaşların məhkəmələrə olan inam və etibarını bir xeyli zəiflədirlər. Misal kimi məhz Bakı Apellyasiya Məhkəməsini və Mülki Kollegiyanın hakimi Məmməd Məmmədovu göstərmək olar. Beləliklə, əldə etdiyimiz məlumata görə, Bakı şəhər Baytarlıq İdarəsinin Baş mühasibi (hal -hazırda nazir tərəfindən işdən azad olunub) M.Daşdəmirova ilə Kadrlar üzrə böyük müfəttiş R.Rzayeva (sabiq) arasında olan münaqişə sonunda R.Rzayevanın öz ərizəsilə işdən getməsinə gətirib çıxarıb. Bakı şəhəri Baytarlıq İdarəsinin baş iqtisadçısı, idarənin (sabiq) rəisi S.Abdullayev tərəfindən 2013-cü il yanvar ayından Kadrlar üzrə böyük müfəttiş vəzifəsinə təyin edilmişdir və idarənin sabiq rəisi, ona R.Rzayevanın iş fəaliyyəti dövründə buraxdığı nöqsanları araşdırıb yoluna qoymasını tapşırmışdır. R. Rzayevanın sənədləri araşdırıldığı zaman məlum olmuş ki, O, Azərbaycan Dövlət Müəllimlər İnstitutu adından təqdim etdiyi B seriyalı 121509 №li diplom blankı (Qeyd.№2/0972) dövlət nümunəli sənəd deyil. Həmin diplomun saxta olmağı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən № 48-03-3064/16 ,07.05.2013-cü il tarixli rəyə əsasən təsdiqlənmişdir.

Rəna Əziz qızı Rzayeva buna baxmayaraq Binəqədi rayon Məhkəməsinə bərait qazanması üçün müraciət etmiş, lakin Binəqədi rayon məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlunun ədalətli qərarı, dövlətçiliyin qanunlarını layiqincə qoruması nəticəsində heç kəsin müdaxiləsin nəzərə almadan doğru -düzgün araşdırmalar aparmış və Rəna Əziz qızı Rzayevanın "işə bərpa" tələbinə dair iddianı təmin etməmişdir.

Bununla kifayətlənməyən Rəna Əziz qızı Rzayeva Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermişdir. Məhkəmənin hakimi Məmməd Məmmədov Təhsil Nazirliyinin təsdiq etdiyi diplomun saxta olmasını nəzərə almayaraq, kənar müdaxilələrə uyaraq "işə bərpa" tələbinə dair iddianı təmin etmişdir.

Buradan aydın olur ki, məhkəmə prosesi zamanı işə birtərəfli baxılmışdır. Çünki R.Rzayevanı dəstəkləyən şəxslər nüfuzlu qohumlarına güvənərək ona bu prosesdə dayaq olmuşlar. İllərlə Bakı şəhəri Baytarlıq İdarəsində Kadrlar üzrə böyük müfəttiş işləmiş R.Rzayeva tutduğu vəzifəsindən sui-istifadə etməklə ali təhsilli kimi dövlət büdcəsindən artıq pul almış və Bakı Apellyasiya Məhkəməsinin "işə bərpa" iddiası təmin olunduğu halda işləmədiyi dövr üçün də dövlət büdcəsindən pul almaq qərarındadır. .

Sual olunur bəs bu cür korrupsiya hallarına necə göz yummaq olar hörmətli hakim Məmməd Məmmədov? Siz bu qanunsuz işə göz yumduğunuz zaman və bir sözlə desək ölçü götürülmədiyi halda bu korrupsiya halına şərait yaratmış olursunuz hətta saxta diplomlu bir fırıldaqçıya yenidən dövlətimizi aldatmağa, dövlət büdcəsindən öz məqsədi üçün istifadə etməyə şərait yaradırsınız.

Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətini araşdırsa...

Bu gün ölkədə ən çox tənqid edilən sahələrdən birinin də məhkəmə sistemi olduğunu qeyd edən məlumatlı şəxs hesab edir ki, əgər Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, eləcə də digər aidiyyəti qurumlar Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətini ciddi şəkildə araşdırsa, o zaman Məmməd Məmmədovun məsələsi gündəmə gələ bilər:

«Hazırda Bakı Apellyasiya Məhkəməsi elə bir vəziyyətdədir ki, bütün az qala hakimləri bir günün içində yol verdikləri qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edib hakimlik fəaliyyətinə xitam vermək olar. Çünki bir sıra hakimlər onlara verilən sifariş əsasında, yaxud da maddi tələbatını ödəmək məqsədilə ədalətsiz qərarlar qəbul edirlər. Əgər kiminsə iradı varsa, onda ölkədəki ən tanınmış hüquqşünas-alimlərdən ibarət komissiya yaratmaqla Bakı Apellyasiya Məhkəməsində qəbul edilən qərarları, hökmləri, qətnamələri, qərardadları ortaya qoyub bu qərarların qanuna uyğun olub-olmaması barədə mübahisə etmək olar. Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası və digər aidiyyəti qurumlar Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətini ciddi şəkildə araşdırsa, o zaman Məmməd Məmmədov olmaqla bir neçə hakimin cəzalandırılması məsələsi gündəmə gələ bilər. Həmçinin müvafiq araşdırmaların nəticəsində «üçüncü hakimiyyət»in, yəni məhkəmənin «dördüncü hakimiyyət»ə - mətbuata qarşı total hücumlara keçdiyinin də şahidi olmaq mümkündür».

Araşdırmalarımız davam edir. Növbəti saatlarda Rəna Əziz qızı Rzayevanın müəllimlər inistitutu tərəfindən verilən saxta diplomu sizlərə təqdim edəcəyik.



Xalqxeber.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]