İqtisadiyyat

Olimpiya çempionunun biznesi batır: Borc sahibləri qapıya dayanıb - FOTOLAR

26-04-2016, 21:02
Olimpiya çempionunun biznesi batır: Borc sahibləri qapıya dayanıb - FOTOLAR
Olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilən Tbilisi prospektində yerləşən "Nömrə 1” supermarketi bağlanıb. Salamazadə küçəsi 11 ünvanında yerləşən marketin qapısına qıfıl vurulub, mallar yığışdırılıb. 

Xatırladaq ki, "Nömrə 1” supermarketləri paytaxtın 6 yerində fəaliyyət göstərirdi.

Musavat.com-un əməkdaşı mağazanın bağlanma səbəbini öyrənmək üçün Xətai rayonu, Həzi Aslanov küçəsindəki "Nömrə 1” supermarketində olub və vəziyyətlə maraqlanıb.

Market hələ ki, müştərilərin üzünə bağlanmayıb. İçəri daxil olub, işin gedişatını izlədik. Başqa supermaketlərlə müqayisədə daha az müştəri gözə dəyir. Adətən, kassanın ətrafında çoxlu müştəri olsa da, indi əksinə, marketdə seyrəklik hiss olunur. 

Marketin  aşağı mərtəbəsində də eyni mənzərənin şahidi olduq. Kifayət qədər geniş sahəsi olan supermarketdə satıcılar da az idi. Satıcı qıza yaxınlaşıb, müdiriyyətlə görüşmək istədiyimizi bildirdik. Müdiriyyətin yerində olmadığını, ancaq Akif adlı müdir əvəzedicisinin marketin yaxınlığındakı ofisdə olduğunu bildirdi.

Supermarketin bir addımlığındakı ofisin qarşısında çoxlu sayda adam toplaşmışdı. Onlara yaxınlaşanda məlum oldu ki, müxtəlif şirkətlərin, ərzaq firmalarının  nümayəndələridir, bağlanmaqda olan marketdən qalıq borclarını almağa gəliblər. Otağın qarşısında təqribən 20-yə yaxın firma işçisi səhər saatlarından burada gözləyirdi, marketə verdikləri malların pullarını almağa çalışırdılar.
 
Özümüzü təqdim etmədən söhbətə qulaq müsafiri olduq. Məlum oldu ki, market sahibi aldıqları malların pulunu şirkət nümayəndələrinə vermir, onları get-gələ salır. "Nömrə 1” supermarketinin firma nümayəndələrinə 500 manatdan, 10 min manata qədər borclu qaldığını öyrəndik.

Adının çəkilməsini istəməyən şirkət nümayəndələrindən biri "Nömrə 1” supermarketlər şəbəkəsinin onları aldatdığını dedi: "Tbilisi prospektindəki mağazalardan biri bağlandıqdan sonra firmalara küllü miqdarda borcları qaldı. İndi həmin marketə verdiyimiz malların pulunu almaqda çətinlik çəkirik. Elə adam var ki, 6 aydan çoxdur, borcunu ala bilmir. Bir söz deyəndə də "arxamız güclüdür” deyirlər. Artıq 1 həftədir ki, ofisin qabağında dayanıb, bizi qəbul etmələrini  gözləyirik. Hələ də növbə çatmır ki, çatmır. Biz satıb, xərclədikləri malların pulunu istəyirik”.

Narazı firma nümayəndələri bu gedişlə borclarını ala bilməyəcəklərini dedilər: "Hər iki aydan bir mühasib dəyişir. Mühasibin biri ilə görüşürsən, bir müddət sonra gəlirik ki, onu yerinə başqa birisi gəlib. Beləliklə aylardır, vaxt uzada-uzada bizi gecikdirilər”.

Məsələ ilə bağlı mağazanın mühasibat işlərini aparan Akif adlı şəxslə əlaqə saxlamağa çalışdıq. Mağazanın bağlanma səbəbini və firmalara olan borclar haqqında məlumat almaq istəsək də, köməkçisi "Akif müəllim, danışmaq istəmir” deyib, qapını üzümüzə bağladı.

P.S. Qeyd edək ki, bu mövzuda ilk xəbər Kriminal.az portalında gedib.

Məğrur Mərd,
Musavat.com,
Fotolar müəllifindir

 






Administratorla əlaqə

077 611-55-22

[email protected]