Dünya

Elçin Əsgərov: "Layf nyus"un İŞİD xəbəri yalandır!

5-04-2016, 12:27

Elçin Əsgərov: "Layf nyus"un İŞİD xəbəri yalandır!

Rusiyanın "Layf nyus” portalı məlumat yayıb ki, İŞİD-in tərkibində döyüşən 50-70 azərbaycanlı yaraqlıdan ibarət dəstə Suriyanın Rəqqa şəhərini tərk edib. Əsas kimi müəmmalı "hərbi mənbə” göstərilir. Bildirilir ki, terrorçular Türkiyə ərazisindən Azərbaycana qayıdıblar və Qarabağ münaqişəsi zonasında cərəyan edən döyüşlərə qatılacaqlar.

Məsələyə aydınlıq gətirmək üçün İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərova müraciət etdik.  İslam.az-ın müxbiri ilə söhbət zamanı E.Əsgərov bildirdi ki, Azərbaycan qanunlarına uyğun olaraq, Suriya və İraq ərazisində qanunsuz silahlı dəstələr, o cümlədən də İŞİD sırasında yer alan vətəndaşlar cinayət məsuliyyəti daşıyırlar.

"Onlar Azərbaycan ərazisinə qədəm qoyan kimi həbs ediləcək və məsuliyyətə cəlb olunacaqlar. İŞİD-in daha əvvəl ölkəyə qayıtmağa cəhd edən üzvləri də eyni aqibəti yaşayıblar və hazırda həbsdədirlər. Bu, birinci.

İkinci. İŞİD ideoloqları Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəni müqəddəs hesab etmirlər. Əksinə, Azərbaycanda hakimiyyətin əli keçirilməsi müqəddəs cihad elan edilir. Buna görə də "Layf nyus”un iddiası cəfəngdir.

Üçüncü. Bu, loqistik cəhətdən mümkünsüzdür. Silahlı qruplaşma Suriyadan Azərbaycana gəlib keçə bilməz.

Dördüncü. İŞİD üzvlərinin belə addım atmaları barədə heç bir ciddi və ya heç olmasa həvəskar səviyyədə məlumat yoxdur.

Bir daha təkrar edirəm ki, İŞİD üçün Azərbaycandakı dünyəvi dövlət əsas düşməndir. Hesab edirəm ki, "Layf nyus”un sözügedən xəbərinin əsas məqsədi Azərbaycanın haqq mübarizəsinə kölgə salmaqdır”.

Qeyd edək ki, daha öncə də "Layf nyus” Azərbaycana qarşı qərəzli məlumatlar yayıb. Belə ki, Tərtər sakininin sözləri təhrif edilərək, guya rayon sakinlərinin sözügedən rayonu tərk etmələri iddia olunub.

Elçin Əsgərov: "Layf nyus"un İŞİD xəbəri yalandır!


Administratorla əlaqə

077 611-55-22

[email protected]