Ölkə
Sakinin evini söküb, özünə obyekt tikdirən icra başçısını sizdə tanıyın. (Qusar)
31-03-2016, 17:34
Qusar rayon məhkəməsi vətəndaşı, rayon prokurorluğu isə başçını müdafiə edir.
Qusar rayon sakini Hacımirzə Ağamirzəyev "AzPolitika.info” saytına rayon İcra Hakimiyyəti ilə bağlı şikayət məktubu göndərib.
O,
Qusar rayon İcra Hakimiyyəti Başçısının məhkəmənin qərarı olmadan,
xüsusi mülkiyyətində olan evini sükdürdüyünü, bununla da cinayətə yol
verdiyini iddia edir. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə
təqdim edirik:
"1992-ci ildə fərdi ev tikmək
məqsədilə Qusar rayonun Samur qəsəbəsi ərazisində mənə verilmiş 0,10 ha.
torpaq sahədə 5 otaqlı yaşayış evi, 2 otaqlı hamam binası, 2 otaqlı
yardımçı bina tikdim. 02.06.2010-cu ilə qədər həmin evdə yaşamışam.
Əzab-əziyyətlə,
külli miqdarda vəsait xərcləməklə tikdiyim xüsusi mülkiyyətimdə olan
evim 02.06.2010-cu il tarixdə Qusar rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasovun şifahi tapşırığı əsasında, məhkəmənin qərarı olmadan,
rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, razılığım
alınmadan və hətta iştirakım təmin olunmadan sökülmüşdür.”
Hacımirzə
Ağamirzəyevin yazdığına görə, söküntüyə rəhbərliyi icra hakimiyyətinin
əməkdaşları Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov və
Mahir Mustafayev həyata keçirib. Evin sökülməsində isə Samur-Həzrə
yolunun tikintisinə ezam olunmuş, Abşeron rayonu Novxanı kənd sakini
Hümbətov Polad Səfər oğlunun idarə etdiyi, Tale.A.T. şirkətinə məxsus
ekskavatordan istifadə edilib. Bu zaman onun bütün əmlakı da məhv
edilib: "Evimi zorla sökməklə, bütün əmlakım qəsdən məhv edilməklə,
seyfdə saxladığım 30 000 manat, 800 ABŞ dolları pulum oğurlanmaqla,
Azərbaycan Respublikası CM nin 157,177,186.2.1, 308 və 309 cu
maddələrində nəzərdə tutulan cinayət tərkibli hərəkət edilmişdir”.
Məktub
müəllifi bildirir ki, kompensasiya tələb etdiyi üçün, icra başçısı onu
həbs etdirmək istəyib: "Qusar rayon icra başçısı Şair Alxasov İcra
Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyovun iştirakı ilə 2 dəfə məni
rəsmi qəbul edərək, evimin söküntüsü tapşırığını şəxsən özü verdiyini
təsdiqləyib. Evimin qanunsuz sökülməsi ilə əlaqədar başçıdan
kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan istifadə etməklə, rayon
prokurorluğuna qanunsuz tapşırıq verərək, süni ittihamlar yaratmaqla
mənə cinayət işi açdırdı. Məni əsassız olaraq Azərbaycan Respublikası
CM-nin 188-ci maddəsi ilə təqsirləndirdilər. Hətta cinayət işi
yekunlaşdırılaraq məhkəməyə verildi. 3 il ərzində yüzlərlə məhkəmə
baxışı keçirildikdən sonra, Qusar rayon Məhkəməsinin sabiq hakimi Telman
Məmmədov cənabları icra başçısı Şair Alxasovun bütün təsir və
təzyiqlərinə baxmayaraq, Azərbaycan Respublikasının qanunlarını rəhbər
tutaraq, hörmətli prezident İLHAM ƏLİYEV cənablarının ona tapşırdığı
HAKİMLİK vəzifəsini vicdanla icra etməklə, bəraət qərarı çıxardı. Qusar
rayon Məhkəməsinin 11 iyul 2013 cü il tarixli hökmü ilə, cinayət
hadisəsi olmadığı göstərilərək mənə bəraət vermişdir. Həmin bəraət hökmü
yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə qüvvədə
saxlanılmışdır.
Təhqiqat, ibtidai istintaq,
prokurorluq, məhkəmə organlarının qanunsuz hərəkətləri nəticəsində mənə
vurulmuş zərər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə
Dövlət büdcəsinin vəsaiti hesabından 1700 manat pul vəsaiti təzminat
şəklində mənə ödənilmişdir.
Yuxarıda qeyd
etdiyim əsaslara, faktlara, sübutlara görə hesab edirəm ki, tələbim
haqlı və əsaslıdır. Şair Alxasov xüsusi evimi məhkəmənin qərarı olmadan,
ekskavatorla sökdürməklə, bütün əmlakımı qəsdən məhv etməklə, mənə
külli miqdarda zərər vurmaqla, qanunazidd hərəkət edilməsinə rəvac
verməklə, konstitusion hüquqlarımı bilərəkdən kobudcasına pozulmasına
tapşırıq verməklə, qanunsuzluğa yol vermişdir. Bütün bu qanunsuz
hərəkətlər – evimi məhkəmənin qərarı olmadan qanunsuz sökdürməsi,
mülkiyyətimdəki 0.46 ha torpaq sahəsini zorla, tamah məqsədilə əlimdən
alması həmin ərazidə özlərinə böyük, hər bir şəraiti olan dəbdəbəli
kommersiya obyektinin tikilməsi məqsədilə qabaqcadan planlaşdırılmışdır.
02.06.2010-cu
ildən etibarən Azərbaycan Respublikasının bütün rəhbər organlarına
müraciət etsəm də, bütün müraciətlərim aidiyyatı üzrə icra edilməsi üçün
Qusar rayon İcra Hakimiyətinə və Qusar rayon Prokurorluğuna göndərilib.
Onlar isə icra etməyərək, arxivə göndəriblər”.
Hacımirzə
Ağamirzəyev müraciətlərinin dəfələrlə KİV-də də işıqlandırıldığını,
televiziyalarda süjetlər verildiyini, ancaq nəticəsiz qaldığını
bildirir: Evimin qanunsuz sökülməsi ilə əlaqədar mənə vurulmuş maddi və
mənəvi zərərin ödənilməsi tələbi ilə Qusar RİH-nə qarşı 332 000 manat
dəyərində mülki iddia qaldırmışam. Hazırda da məhkəmə baxışları davam
etməkdədir.
Xüsusi evimi qəsdən sökməklə
cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsi tələbi ilə Qusar rayon Prokurorluğuna da müraciət etmişəm.
Müraciətim Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsində
qeyri-obyektiv araşdırılıb. Evimi qəsdən sökməklə cinayət tərkibli
hərəkət etmiş vəzifəli şəxslərin cinayət hərəkətləri bilərəkdən müdafiə
edilməklə, təhqiqatçı Xəqani Dadaşovun 17.11.2015-ci il tarixli qərarı
ilə cinayət işinin başlanması rədd edilib.
Həmin
qərardan narazı olduğuma görə Qusar rayon Məhkəməsinə şikayət etdim.
Qusar rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarı ilə, Samur
Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17.11.2015-ci il
tarixli qərar ləğv edilərək, materiallar Qusar rayon Prokurorluğuna geri
qaytarılıb.
Qusar rayon prokuroru Zahid
Vəliyev Qusar rayon Məhkəməsinin 23.12 2015-ci il tarixli qərarından
narazı olduğu üçün, həmin qərardan Azərbaycan Respublikası Sumqayıt
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına protest, yəni şikayət
verməklə, Qusar rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarının
ləğv edilməsini xahış edib.
Sumqayıt
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası protestə baxaraq, protesti
təmin etmədən, 01.02.2016-cı il tarixli qərarı ilə, Qusar rayon
Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarı dəyişdirmədən öz qüvvəsində
saxlayıb.
Göründüyü kimi, Qusar rayon
prokuroru Zahid Vəliyev Azərbaycan Respublikasının qanunvericilik
tələblərinə zidd olaraq, zərərçəkmiş vətəndaşın pozulmuş hüquqlarını
bərpa etmək əvəzinə, qanunsuz hərəkət etməklə bütün əmlakımı məhv edən
vəzifəli şəxslərin cinayət hərəkətlərini müdafiə etməkdən əl çəkmir.
Qusar rayon icra başçısı Şair Alxasov və İcra Hakimiyyətinin digər
vəzifəli şəxsləri törətdikləri qanunsuz hərəkətlərə görə, qanunvericilik
tələblərinə əsaslanmaqla, cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
P.S.
Məktubda göstərilənlərlə bağlı Qusar rayon icra başçısı Şair Alxasovun
və İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.