Əsas Səhifə / Siyasət

Malik Abışov qanunvericiliyin tələblərinə əməl etmir

28-02-2014, 18:11
Malik Abışov qanunvericiliyin tələblərinə əməl etmir
O, müxtəlif təmir-bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdən əlavə qazanc götürür

Yardımlı Rayon Maliyyə İdarəsi rayonun büdcə təşkilatlarına bir sıra ciddi problemlər, süni əngəllər yaradır. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, rayon maliyyə idarəsinin rəisi Malik Abışov mütəmadi yoxlamalar aparmaqla yerli təşkilatları təngə gətirib.

Büdcə təşkilatlarının 3 ildən bir yoxlanılmalı olduğunu deyən mənbənin sözlərinə görə, Malik Abışov tabeçiliyində çalışan şəxslərə Yardımlı rayonunda azı ildə iki dəfə yoxlama aparmaq barədə xüsusi tapşırıq verib: «Yardımlı Rayon Maliyyə İdarəsi tərəfindən aparılan hər yoxlama sonda bir sıra şəxslər üçün əlavə problemlər, başağrısı yaradır. Çünki hər yoxlamanın sonunda yerli büdcə təşkilatlarının səlahiyyətli şəxsləri irəli sürülən «şərt»ləri yerinə yetirməli, qarşıya qoyulan «tələb»lərə əməl etməlidirlər. Əks halda, rayon maliyyə idarəsinin qəzəbinə tuş gələ bilərlər». Yardımlı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının son zamanlar nədənsə düzgün hesablanmadığını vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, nəticədə iri həcmli vəsaitlər naməlum istiqamətə yönəldilir: «Həmin pulların hara axdığını dəqiq demək çətindir. Lakin bircə onu qeyd edə bilərəm ki, əməkhaqlarının düzgün hesablanmaması nəticəsində böyük həcmli vəsaitlər tamam başqa istiqamətə gedir. Ola bilər ki, Yardımlı Rayon Təhsil Şöbəsi bu məsələdə rayon maliyyə idarəsinin adının hallanmasında maraqlıdır. Yəni bir növ təhsil şöbəsi maliyyə idarəsini hədəf kimi göstərməklə yaxasını kənara çəkməyə, təhlükəni özündən uzaqlaşdırmağa çalışır». Hazırda Yardımlı Rayon Maliyyə İdarəsinin rəisinin kimə arxalandığını, kimlərin himayəsində olduğunu araşdırmağa çalışdığını deyən məlumatlı şəxs iddia edir ki, Malik Abışov son zamanlar gəlirlərini artırmağa müvəffəq olub: «Nədənsə son zamanlar Yardımlı rayonunda sahibkarlıq subyektlərində yoxlamalar aparılan zaman qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmur, yoxlamalar əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmır».

Bu günlərdə rayondakı mənbələrdən aldığımız bilgilərə görə, maliyyə idarəsinin müdiri Malik Abışov müxtəlif təmir-bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdən əlavə qazanc götürür. Belə ki, rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış vəsaitlərin böyük bir qisminin mənimsənildiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Yardımlı rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi idarə rəhbərliyi tərəfindən götürülür. Əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, Malik Abışovun göstərişinə əsasən rayon təhsil şöbəsinin müdiri Manaf Balışov bu günlərdə məktəb direktorlarını bir araya toplayaraq, onlara Novruz bayramına hazırlıq adı altında müəllimlərin hər birinin əməkhaqqından 20 manat pul toplamağı tapşırıb. Hazırda Yardımlı rayonunda 42-si tam orta, 22-si ümumi orta, 16-sı ibtidai məktəb, 3-ü məktəbəqədər və 5-i məktəbdən kənar müəssisə olmaqla 80 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, əgər tapşırıq yerinə yetirilsə, bu, 40 min manat vəsaitin toplanılması deməkdir: «Müəllimlərin əməkhaqları onsuz da ürəkaçan səviyyədə deyil. Lakin buna baxmayaraq, il ərzində müxtəlif bəhanələrlə müəllimlərin məvaciblərinin az qala yarısı mənimsənilir. Əslində bütün bunlardan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun da məlumatı var. Lakin nədənsə o, olub-bitənlərə seyrci mövqe sərgiləməkdədir».

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

P.S. «Gündəlik Bakı»nın yazılarından istifadə edərkən istinad etməyənlər ləyaqətsizdir.

Cavid Mehdisoy

Administratorla əlaqə

077 611-55-22

[email protected]