Gündəm

Bu dövlər qurumlarında nöqsanlar aşkarlandı - Yoxlama

2-03-2016, 23:17

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

İclasda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasda dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə (RİH) ayrılan vəsaitlərin istifadəsiilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib İclasda yoxlama qrupunun məlumatı və fəaliyyət istiqaməti üzrə məsul auditorun təqdim etdiyi hesabat dinlənilib.

Auditor RİH tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinin müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilmədiyini diqqətə çatdırıb.

Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyini bildirən auditor RİH tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmədiyini, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğunu, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilmədiyini deyib.

Eyni zamanda, mal-material qiymətlilərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verildiyi, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmadığı, RİH və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmadığı qeyd edilib.

Auditor RİH-in müəyyən olunmuş nöqsanların bir hissəsinin audit zamanı aradan qaldırdığını bildirərək podratçı təşkilatlarla satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə tam riayət olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına nəzarətin gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda büdcə vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq hesab olunub.

İclasda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul edilib. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qərarın surəti RİH-ə göndərilib, auditin nəticələri üzrəMilli Məclisinə məlumat təqdim olunub.

***

Palatadan verilən məlumata görə, iclasda Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.

Nəzarət tədbiri nəticəsində ƏVİ tərəfindən hesabat dövrləri ərzində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib.

Nəzarət tədbirinin nəticələrini ümumiləşdirərək auditor ƏVİ tərəfindən borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunması, aksiz vergisi üzrə potensial mənbələrin aşkar olunması üçün kompleks tədbirlərin görülməsi, fəaliyyətin son hədəfi kimi vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi istiqamətində inzibatçılığın daha da gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində borcların təminatı kimi xüsusilə iri dövriyyələri olan vergi ödəyicilərinin istehsal güclərini təmin edən əsas vəsaitlərinin və digər maddi qiymətlilərinin maliyyə (vergi) hesabatlarında vaxtında və tam həcmdə əks etdirilməsi, həmçinin fəaliyyətləri mənfəətlə nəticələnən vergi ödəyicilərinin illər üzrə rentabellik səviyyəsinin azalması hallarının əsas səbəblərinin müəyyənləşdirilməsi tövsiyə olunub.

İclasda kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Qərarın surəti auditin nəticələri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Vergilər Nazirliyinə və Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilib, auditin nəticələri üzrə Milli Məclisinə məlumat təqdim edilib

Administratorla əlaqə

077 611-55-22

[email protected]