İslam

Hacı Şahin Həsənli: Ziya bünyadovun da, Vasim Məmmədəliyevin də tərcümə və şərh etdiyi Quranda səhvlər var.

1-03-2016, 15:42
Hacı Şahin Həsənli: Ziya bünyadovun da, Vasim Məmmədəliyevin də tərcümə və şərh etdiyi Quranda səhvlər var.Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin "Qafqazinfo”ya müsahibəsi - Azərbaycanda dinin cəmiyyətin yaşam tərzinə təsir imkanları əvvəlki illərlə müqayisədə necədir? - Azərbaycan müstəqillik qazandıqdan sonra gənclər arasında dinə meyllənmə günü-gündən artır. Dini inancın gündəlik həyatımıza təsiri çoxalıb. - İmamzadə kompleksinə və digər məscidlərin abadlaşdırılmasına dövlət milyonlarla vəsait ayrırır. Bu maliyyənin qarşılığında dini maarifləndirmə kifayət qədər uğurlu alınırmı? - Mən özüm də dövlət başçısının dəvəti ilə İmamzadə kompleksinin açılışında iştirak etdim. Orada müxtəlif dinlərin və müxtəlif məzhəblərin nümayəndələri iştirak edirdi. Aparılan abadlaşdırma işlərinin qarşılığında da maarifləndirmə olmalıdır. Artıq Azərbaycanda məscidlərdə kitabxana yaradılır və bir sıra məscidlər elmi mərkəzə çevrilir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimləri üçün təkmilləşdirmə kursları təşkil olunur. Ruhanilərin hazırlığı keçən illərə nisbətən yüksəlib. Azərbaycanda gənclərin dini maarifləndirmə işi yüksək olarsa, onlar bunun üçün xaricə getməz və bu bir çox problemlərin həllinə yardımçı olar. Bu gün müəyyən çatışmazlıqlar var, amma potensialımız bundan daha artıq nəticələrin əldə olunmasına imkan verir. Dini təhsilin ödənişsiz olması və müəyyən güzəştlər edilməsi barədə Qafqaz Müsəlmanları İdarsi və Dini Komitə tərəfindən təşəbbüs irəli sürülüb. - Sizin müşahidələrinizə görə, Suriya hadisələrinin pik həddə çatdığı 2012-2014-cü illərlə müqayisədə indi Azərbaycan dindarlarına bu hadisə necə təsir edir? Yenə də insanlar Suriyaya axışırmı? - Cəmiyyətdə, inanclı insanlar arasında radikallıq meylləri azalıb. Son dövrlərdə xaricdən istiqamətləndirilən cərəyanlar Azərbaycanda öz təsir imkanlarını genişləndirməyə çalışdılar. Amma bunla bağlı ardıcıl addımlar atıldı. Suriyadakı hadisələrin Azərbaycan cəmiyyətinə təsir imkanları sıfıra enməyib, amma ciddi dərəcədə zəifləyib. Kənardan kimlərində bizə din öyrətməsinə imkan verməli deyilik. Qlobal dünyada dövlətlərin təsiri qaçılmazdı, lakin biz bunu mimuma endirməliyik. Bunun üçün də din sahəsində hazırlıq kadrların yetişdirilməsinə ehtiyac var. - Quran ayələrinin tərcüməsinin yanlış şərh olunması barədə ilahiyyatçılarımız fikir səsləndirdi. Sizcə, Azərbaycan dilində qüsursuz tərcümə varmı? - Bu barədə Vasim Məmmədəliyevin müsahibəsini mən də oxudum. O da deyib ki, zaman keçdikcə tərcümələrin şərhlərində təkmilləşdirmə aparıla bilər. Quran dərin elm, mənəviyyat xəzinəsidir. Onu tam, dolğun şəkildə şərh etmək olduqca çətindir. Azərbaycanda Ziya Büyadovun tərcümə etdiyi kitabdan istifadə olunur, amma hansısa nöqsanların olması da təbiidir. Bu gün hansısa tam nöqsansız Quran tərcüməsini təklif edə bilmərəm. Ziya bünyadovun da, Vasim Məmmədəliyevin də tərcümə və şərh etdiyi Quranda səhvlər var. - Nardaran hadisələrindən sonra ölkənin digər rayonlarında da oxşar motivli həbslər davam etdi. Sizcə, son bir ildə bu prosesin intensivləşməsinin səbəbi nədir? - Biz hər zaman din-dövlət münasibətləriminin sağlam əsasla inkişaf etdirilməsinin tərəfarıyıq. Bu münasibətlər düzgün tənzimlənməzsə, ciddi probleməri müşahidə edə bilərik. Bizim möcqeyimiz budur ki, din faktorundan sui-istifadəyə yol verməməliyik. Nardaran hadisələrində hansısa xaricin izi olub-olmamasını da istintaq müəyyən edə bilər. Hüquqi dövlətdə zor dili ilə danışmaqdan, kəskin ritorikadan imtina etmək lazımdı. Çünki inanc çox həssas məsələdir və bəzən başqa xarakter məsələyə çevrilə bilir. Nardaran hadisələri Azərbaycan xalqı və dövləti üçün həssas məsələ idi, bu sınaqdan çıxa bildi. Böyük dövlətlərin Azərbaycanda qarşıdurma yaratmaq istəkləri var və belə bir zamanda ən əlverişli vasitə din olur. Buna görə hamı məsuliyyətini dərk etməlidir ki, ictimai-siyasi sabitlik qorunsun. - Nardaran qəsəbəsi üçün xüsusi Qazilik İnstitutunun yaradılması necə açıqlana bilər? - Qafqaz Müsəlmanları idarəsinin tərkibində Qazilər Şurası var və onlar QMİ-ni yerlərdə təmsil edilər. Qazilər bir sıra məscidlərə nəzarət edirlər. Hər məscidin dini icma kimi qeydiyyata alınması üçün 50 nəfər imza verməli və icma üzvü olmalıdır. Nardaran üçün isə bu variant optimal hesab edildi ki, Qazilik İnstitutu yaradılsın. Hər məscid üçün deyil, bir məscid üzərində icma qeydiyyatdan keçdi, həmin qazi digər məscidlərə də nəzarət edəcək. - Nardaran hadisələrindən sonra sizin Hacı Taleh Bağırovla birgə fotolarınız və onun barəsində müsbət motivli sözlər dediyiniz səs yazısı yayıldı. Bu təsadüf idi ya planlı şəkildə sizə qarşı provokasiya? - Taleh Bağırzadə ilə mənim o qədər də əlaqəm olmayıb. Cəmi bir neçə dəfə tədbirlərdə görüşmüşəm. O tədbir də Müsəlman Birliyi hərəkatı tərəfindən təşkil olunmayıb. Hansısa bir tədbir olub, orada iştirak etdiyimiz zaman bir yerdə olmuşuq, şəkillərdən orda çəkilib. Həmin şəkilləri kompromat kimi təqdim etmək gülməlidir, şəkillərdən biri toyda çəkilib. Hansısa gizli bir iclas deyil. Mənim digər xadimləri ilə daha sıx əlaqəm olub, Taleh Bağırzadə ilə isə əməkdaşlığım olmayıb. Bunu başqa formada təqdim etmək bəzi radikal cərəyanların marağında idi və məqsədli şəkildə mətbuata təqdim olunmuşdu. Amma orada qeyri-adi bir şey yox idi. - Hacı Talehin bu işlərdə günahı olub-olmadığını istintaq müəyyən edəcək. Artıq ictimaiyyətin bir hissəsində bəlli bir fikir formalaşıb. Bəs siz Hacı Taleh barədə dediklərinizə görə təəssüf hissi keçirmisizmi? - Mənim Hacı Talehlə xüsusi bir tanışlığım olmayıb. Birinci dəfə həbsdən azad olunanda saytlardan biri müraciət etdi və mən bu fikirləri səsləndirdim. Sonradan yayılan fikirlərim həmin müsahibədən götürülüb və konteksdən çıxarılıb. Mən, ümumiyyətlə, bu hadisələrə görə təəssüf hissi keçirirəm. Gərək belə olmamaydı. - Bildirdiniz ki, dövlətlər dindən öz siyasətləri üçün istifadə edirlər. Azərbaycan üçün isə belə halla bağlı iki ölkənin adı çəkilir. İran və Səudiyyə Ərəbistanının müdaxilə etdiyi də ictimai fikrə aydındı. Sizcə, Azərbaycan üçün bunların hansı daha təhlükəlidir? - Dövlətlərin təsir imkanları var, amma müqayisə aparmaq istəməzdim. Bu dövlətlərin daxilində də müəyyən dairələr var ki, mövqeləri eyni olmur. Dövlətlərin daxilindəki fikir ayrılıqları da xaricə sirayət edir. Azərbaycanla bağlı da bu dövlətin mövqeyi bundan ibarət olmur. Müəyyən təsir dairəsində olan qruplar tərəfindən hadisələr törədilir və ya proses aparılır. Mən hansının daha təhlükəli olması barədə fikir söyləməyə çətinlik çəkirəm. Bu gün Azərbaycanda dini proseslərə xarici təsir tam da olmasa, çox azalıb. - Hacı Qamət ateistləri "heyvan”la müqayisə etdi. Sizcə, bu doğrudurmu? - İnsanların dini etiqad, əqidə azadlığı və inanıb-inanmamaq hüququ var. Qurani-Kərimdə ayə var ki, dində məcburiyyət yoxdur. Peyğəmbərə belə bir səlahiyyət verilməyib ki, insanları zorla inanmağa vadar etsin. Bunu qəbul etməyənlərə dözümlü yanaşmaq lazımdı. Kimisə inanmadığına görə təhqir etmək qəbuledilməzdir. Bugün bəzi dindarlarda və bəzi ateistlərdə bu aqressivlik var, bir-birini alçaldırlar. - Yaxın çevrənizdə olan ateistlərlə necə davranırsız? - Müxtəlif tədbirlərdə ateistlərlə qarşılaşmışıq, ünsiyyətdə də olmuşuq, normal davranmışıq. Bu, kimlərinsə təəccübünə səbəb olub. - Ateist dostunuz ola bilərmi? - Hazırda yoxdur. Amma münasibətim olan insanlar var. Bəziləri ateistdir, bəziləri deist. Onlarla fikir mübadiləmiz də olur. - Övladınız ateist olarsa, nə edərsiniz? - Övladım ateist olarsa, onu sərbəst buraxaram, zorakı üsullara əl atmaram. Həqiqətən bu düşüncədəyəm. Təbii ki, övladımın ateist olmasını arzulamazdım. İnanc insanın axirətini təmin edən əsas şərtddir. - İslam zorakılığı qəbul etmirsə, niyə 630-cu ildə yaradılan İslam dövləti 636 və 642-ci illərdə Azərbaycan xalqını qılıncdan keçirib İslamı qəbul etməyə məcbur etdi? - Biz Xilafətlə İslam dinini bir-birindən ayırmalıyıq. İslamı təmsil etmək iddiasında olan Xilafət, heç də İslam prinsiplərinə riayət etmirdi. Xilafin əməllərini dini əməl adlandıra bilmərik. Böyük bir imperiya qurulurdu, ideologiyalar bəzən ərəb millətçiliyinə əsaslanırdı. Burada torpaqların işğalından söhbət gedirdi, bunu dinin adından etmələri o demək deyildir ki, bu dinin tələbi idi. Özünü xilafətin davamçısı adlandıran xəlifələrin İslamla əlaqəsi yoxdur. - Məhəmməd peyğəmbər 570, bəzi mənbələri görə 571-ci ildə anadan olub və 610-cu ildə özünü peyğəmbər elan edərək İslamı təbliğ etməyə başlayıb. Belə məlumat var ki, babaları yəhudi, özü isə 40 yaşına kimi xristian olub. Məhəmməd peyğəmbər 40 yaşına kimi hansı dinə qulluq edib? - Dinlərin adları şərti məsələdir. İslam peyğəmbəri haqda deyilir ki, o təkallahlılıq dininə inanıb, heç vaxt bütə sitayiş etməyib. Təkallahlılıq dini də onun babası olan İbrahimin dini olub. İbrahim peyğəmbərdən sonra yəhudi-ərəb bölünməsi baş verib. Ərəblərin və yəhudilərin qəbul etdiyi ortaq şəxsdir. - Yəni, yəhudili dininə sitayiş edib? - İbrahim peyğəmbərin oğlu İsmayılın nəslindən Məhəmməd peyğəmbər oldu. İbrahim peyğəmbərin digər oğlu İshaqın nəslindən isə yəhudilər yarandı. Buna görə də Məhəmməd peyğəmbəri birbaşa yəhudilik dininə aid etmək olmur. Həzrəti İbrahimin öz ayinləri var. Mənbələrdə də qeyd olunur ki, Məhəmməd peyğəmbər İslamı təbliğ etmədən öncə babası İbrahimin ayinlərini yerinə yetirib. O "Hira” mağarasına çəkilərək ibadət edərmiş. Hər zaman tək Allaha ibadət edib. - Ayinləri necə yerinə yetirirdi, necə ibadət edirdi? Hansı dinə uyğun idi? - Məhəmməd peyğəmbərin həyata keçirdiyi ayinlər indiki anlamda nə yəhudi, nə xristian dininə uyğun olması haqda tarixdə bir fakt var. Hansı şəkildə icra etməsi haqda bir fikir deyə bilmərəm. Çünki Namaz hökmü Quranda nazil olunub. Murad Əhməd

Administratorla əlaqə

077 611-55-22

[email protected]