Ölkə

Sumqayıt şəhər Məşğulluq Mərkəzində özbaşınalıq

1-03-2016, 01:13
Dövlət Məşğulluq Xidmətinin rəisi  Anar Bədəlbəyli işçisinin özbaşınalığından xəbəri var? 

Sumqayıt şəhər Dövlət Məşğulluq Mərkəzi ilə bağlı AzFakt.com-a daxil olan məlumata görə mərkəzin direktoru  İlham Hüseynov müvafiq qanunların tələblərinə əməl etməyərək özbaşına işlərlə məşğuldur. Bu barədə bir qədər sonra. Qısaca olaraq bildirək ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin səlahiyyətlərinə vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik, əmək bazarında olan tələb və təklif haqqında məlumat, gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərin təşkili, əmək yarmarkalarının təşkili, işsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi kimi məsələlər daxildir. Məşğulluq haqqında Qanuna görə, işsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur. DMX rəisi Anar Bədəlbəyli bu şəxsin törətdiyi əməllərə necə reaksiya verəcək?

Məlumatlı şəxsin sözlərinə görə, Sumqayıt Məşğulluq Mərkəzinin fəaliyyəti müasir tələblər səviyyəsində qurulmadığı üçün işsiz vətəndaşlar bir sıra problemlərlə üzləşmək zorunda qalıblar. Mənbə deyir ki, hazırda mərkəzə müraciət edən yüzlərlə işaxtaran vətəndaşlara kömək edilmir, əksinə onları süründürməçiliyə məruz qoyurlar. Mərkəzdə yüzlərlə vətəndaş işaxtaran qeydiyyatındadır və onlardan bir hissəsinin işsiz statusu var. İşsiz vətəndaşların işlə təmin olunması istənilən səviyyədə deyil. İş üçün mərkəzə müraciət edən vətəndaşlar əliboş yola salınır. Qanuna əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon və şəhər məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.  Burda vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərilmir. Həmçinin gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və vətəndaşların müvəqqəti məşğulluğunun təşkili də qanuna müvafiq qaydada aparılmır. Mərkəz tərəfindən vətəndaşlara təklif olunan iş siyahısında ali savadlı, təcrübəli və peşəkar kadrlar üçün normal iş tapmaq mümkün deyil. Mərkəzin direktor İlham Hüseynov qanunun tələblərindən üz çevirərək işsiz şəxslərə dövlət tərəfindən verilən müavinətlərdən özü üçün istifadə edir. Belə ki, işsiz statusu olan vətəndaş dövlətin ayırdığı müavinətin bir hissəsini mütləq direktora verməlidir. Əks təqdirdə, müavinət ala bilməz. Bir neçə gün öncə mətbuatda Sumqayıt Məşğulluq Mərkəzi ilə bağlı şikayət dərc olunmuşdu.Həmin şikayətdədə qeyd olunur ki, mərkəzdə işsizlik üçün müraciət edən vətəndaşlara "3 ayı sənin, 3 ayı bizim" təklifini edirlər. 

Göründüyü kimi Sumqayıt Məşğulluq Mərkəzinin direktoru İlham Hüseynov üçün dövlət qanunları yox özünün korrupsiya qanunları var. Qeyd edək ki, mərkəzlə bağlı araşdırmamız davam edir və yaxın günlərdə geniş araşdırma təqdim  edəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]