Siyasət

Deputatlar nə təklif edir? - Vəsait artırılsın!

23-02-2016, 15:54

Milli Məclisdə büdcəyə dəyişikliklərlə bağlı müzakirələr başlayıb.

«Qafqazinfo» xəbər verir ki, çıxış edən millət vəkili Fərəc Quliyev qeyd edib ki, vergilərlə sahibkarın yükünü artırmaq olmaz: «Burada başqa qaynaqlar axtarılmalıdır. Zəhmət çəkib hökumətin iqtisadi komandası çalışmalıdır, azalmaları doldurmalıdır. Hamı səfərbər olmalıdır. Cənab prezidentin ortaya qoyduğu iqtisadi konsepsiyanı dəstəkləyirik. Hökumət bu istiqamətdə işləməlidir».

Millət vəkili Fəzail Ağamalı həmkarından fərqli olaraq deyib ki, iqtisadi blok gücləndirlmiş iş rejimində çalışır: «Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var.

Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir. Bundan əlavə, 447 milyon manatı özündə saxlayan mənzil kommunal birliklərinin saxlanmasına nə gərək var?».

Millət vəkili Vahid Əhmədov bildirib ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcəyə daxilolmaları yerinə yetirmək üçün ciddi işləməlidir: «İpoteka kreditləri üçün 2016- ci ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab prezidenti isə ipotekanın məbləğinin daha 200 milyon manat vəsait artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verilməlidir.

Bundan əlavə, kənd təsərrüfatında problemlər həddən artıq çoxdur. Xüsusilə də suvarma sistemində ciddi problemlər var. Ona görə də ora ayrılan vəsaitləri artırmaq lazımdır. Xüsusi proqram işlənməlidir, yoxsa kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik. Elə etmək lazımdır ki, xırda və orta sahibkarlığın inkişafında problemlər olmasın». 

Administratorla əlaqə

077 611-55-22

[email protected]