Ölkə

Vətəndaşları süründürməçiliyə salan dövlət qurumları – SİYAHI

12-02-2016, 23:56

"Cənab Prezidentin ardıcıl və qətiyyətli mövqeyi sayəsində bütün sahələrdə nizam-intizam xeyli möhkəmlənmiş, vətəndaşların nəzarət qaydasında baxılan müraciətlərində qaldırılan məsələlərin çoxu müsbət həll edilmişdir. Bunlardan bir qismi vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlarla əlaqədar olmuşdur”.

Mətbuat  xəbər verir ki. bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” – adlı məqaləsində bildirib.

Xeberman.com xeber saytının məlumatına görə, S.İsmayılov qeyd edib ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülüb, o cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb.

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunubvə digər tədbirlər görülüb.

"2015-ci ildə şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir. Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Goranboy, Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilmişdir”,-deyə PA rəsmisi bildirib.

Prezident Administrasiyasında vətəndaşların nəzarət qaydasında baxılan bəzi müraciətlərinə alınmış cavablar göstərir ki, bu müraciətlər onlara vaxtında baxılıb tədbir görülməməsindən və dəfələrlə olunmuş müraciətlərə laqeyd yanaşılmasından irəli gəlir.

Bəzi müraciətlərdə toxunulan məsələlər başqa sahələr və regionlar üçün də səciyyəvi olduqda, belə müraciətlər nəzarət qaydasında digər qurumlarda da araşdırılır. Məsələn, Quba sakini İ.Qasımovun rayondakı qum-çınqıl karxanalarının törətdiyi fəsadlar barədə müraciəti digər rayonlar üçün də səciyyəvi olduğuna görə bu məsələ aidiyyəti orqanlar tərəfindən Goranboy, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında da araşdırılıb, qanunsuz yaradılmış qum-çınqıl karxanaları və onlar barədə bəzi sərəncamlar ləğv edilib.

S.İsmayıov daha sonra məqaləsində bildirib:

"Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qayda-qanunun möhkəmləndirilməsində, "ictimai yara”, "xəstəlik” adlandırdığı korrupsiya və rüşvətxorluq hallarının kökünün kəsilməsində böyük əhəmiyyət daşıyan ictimai nəzarətin artırılmasının vacibliyini dəfələrlə qeyd etmişdir. Ölkə Prezidenti 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasda demişdir: "İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”. 

Nəzarət işinin əsas prinsiplərindən biri də odur ki, vətəndaşın müraciətinə laqeydlik göstərilməsin, qanuna zidd olaraq onun şikayəti hərəkətlərindən narazılıq bildirilən vəzifəli şəxsə göndərilməsin, qaldırılan məsələ sonadək obyektiv araşdırılıb müvafiq tədbir görülsün, müraciətin baxılmasını nəzarətə götürən şəxsə və vətəndaşa əhatəli cavab verilsin. Əvvəldə qeyd etdiyimiz kimi, bəzi hallarda daxil olan təkrar müraciətlər sübut edir ki, əvvəlki müraciət sonadək araşdırılmır, yaxud ona başdansovdu cavablar verilməklə iş bitmiş hesab olunur. Təbiidir ki, belə hallar məsələnin həllinə maneə törədir və vətəndaşların haqlı narazılığına səbəb olur”.

Ötən il Prezident Administrasiyasına qəbula gələn vətəndaşların sayı Bakı şəhəri və onun ayrı-ayrı rayonlarından, Mingəçevir, Şəki, Yevlax, Bərdə, Cəbrayıl, Füzuli, Kəlbəcər, Kürdəmir, Laçın, Salyan, Şəmkir, Tovuz, başqa şəhər və rayonlardan daha çox olub.

2015-ci ildə respublikanın yerli icra hakimiyyəti orqanlarında da vətəndaşların qəbulu müntəzəm keçirilmiş və həmin orqanlarda 165 mindən çox vətəndaş qəbulda olub. 

2015-ci ildə respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayondan 11336 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 11152 müraciətə baxılmış, bunların bir çoxu operativ həll edilmiş, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Qəbullarda iştirak etmiş 11336 vətəndaş daxili işlər (4868 nəfər), təhsil (623), əmək və əhalinin sosial müdafiəsi (512), ekologiya və təbii sərvətlər (491), ədliyyə (465), iqtisadiyyat (342), kənd təsərrüfatı (298), mədəniyyət və turizm (284), səhiyyə (280), fövqəladə hallar (263), vergilər (252), gənclər və idman (187), nəqliyyat (164), rabitə və yüksək texnologiyalar (117) nazirləri, Əmlak Məsələləri (452), Dini Qurumlarla İş (230), Gömrük (112), Ailə, Qadın və Uşaq Problemləri üzrə (100) dövlət komitələrinin sədrləri, Baş prokuror (327), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (361), Dövlət Sərhəd Xidmətinin (217) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (326), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (65) sədrləri tərəfindən qəbul edilib. Qəbullarda qaldırılan məsələlərin 84,6 faizi qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olub.

S.İsmayılov bildirib ki, İqtisadiyyat Nazirliyi, Xətai, Nərimanov, Nəsimi, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xaçmaz, Xocavənd, Kürdəmir, Qazax, Qobustan, Laçın, Saatlı, Sabirabad, Samux, Şəmkir, Zərdab rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən qəbul məsələləri, o cümlədən cədvəllərin tərtibi daha yaxşı təşkil edilib. Həmin cədvəllərdə qəbul saatına məhdudiyyət qoyulmur, qəbulun yeri və vaxtı, onun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri öz əksini tapır.

Bununla yanaşı, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər təşkilatlarda qəbulun təşkilində narahatlıq doğuran məsələlərdən biri odur ki, ayrı-ayrı hallarda yerlərdə qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki, qəbul cədvəllərinin düzgün tərtib edilməsi qəbulun yaxşı keçirilməsində əsas şərtdir. Qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir.

"Məsələn, Energetika, Müdafiə Sənayesi və Xarici İşlər nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Mərkəzi Bankın, "Azəristiliktəchizat”, "Aqrolizinq”, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, "Bakı Metropoliteni”, "Azərenerji”, "Azneftkimyamaş”, "Azərkəndtikinti” SC-lərdə, "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında, Milli Arxiv İdarəsində, Dövlət Mülki Aviasiya Administrasiyasında, Beynəlxalq Bankda, Ticarət və Sənaye, Auditorlar palatalarında, "Azərittifaq”da, Bakı, Daşkəsən, Göyçay, Xızı, Kəlbəcər, Quba, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində qəbulun təşkilində müəyyən qüsurlar nəzərə çarpır”,-deyə Prezident Administrasiyasının şöbə müdiri məqaləsində vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]