Ölkə

İcra başçısı prezidentin ayırdığı pulları belə «silib»

9-02-2016, 18:14

«Mübahisə olmamaq üçün həmin iki yüz manat cəriməni idarənin kassasına ödəsək də, atlarımızı iki ay həbsdə saxladı».

Ağcabədinin Afşar kənd sakinləri Qafqaz Xəbər Agentliyinə müraciətində bildirib ki, icra başçısı Şahin Məmmədov camaatı aldadıb.

TİA.AZ xəbər verir ki, icra başçısı kəndə su çəkiləcəyinə və yolların təmir ediləcəyinə vəd verib.

«1992-ci ilin mayından Ağcabədinin 1 saylı meşə zolağında məskunlaşmışıq. 2010-cu ildə rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə Müzəffər Cəfərov müdir təyin edildi. O vaxtdan məcburi köçkün olan beş ailənin qara günləri başladı.

Mal-qaramızın otarılması üçün hər il bizdən icarə haqqı adı ilə hər bir hektara 40 manat olmaqla 2010-cu ildə 50 h, 2011-ci ildə 30h, 2012-ci ildə 30h, 2013-cü ildə 37h, 2014-cü ildə 47 ha-nın pulu alınıb. Baxmayaraq ki, bizdən pul nağd alınıb, heç bir qəbz və ya müqavilə verməyib. Müqavilə və qəbz istədikdə aramızda ciddi mübahisələr olub»,- deyə narazılar şikayət məktubunda yazıb.

Məktubda deyilir: «Cəfərov 2015-ci ilin fevralın 11-də şəxsi təsərrüfatımızda olan iki baş atı meşə ərazisindən apararaq iki yüz manat cərimə yazıb ki, guya atlarımız meşə zolağına ziyan vurub.

Mübahisə olmamaq üçün həmin iki yüz manat cəriməni idarənin kassasına ödəsək də, atlarımızı iki ay həbsdə saxladı. Bu özbaşınalıq haqda Ağcabədi rayon İcra Hakimiyyətinə, Ağcabədi rayon Prokurorluğuna, Ağcabədi RPŞ-nə müraciət etsək də köməklik olunmadı».

Şikayətçilər bildirib ki, Ağcabədi rayon Məhkəməsinin hakimi E.Quliyevin sədirliyi ilə 26.11.2015-ci il tarixdə keçirilən məhkəmə iclasında M.Cəfərovun iddiasının qismən təmin edilməsinə dair qətnamə çıxarıldı. Onların sözlərinə görə, M.Cəfərov məhz icra başçısı Şahin Məmmədovun himayəsi və xeyir-duası ilə bu cür əməlləri törədir.

Ötən il mətbuata sızmış məlumatlardan birində deyilir: «Ağcabədi Rayon Təhsil Şöbəsinə inventarların satın alınması ilə bağlı 11 min manatlıq və avadanlıqların satın alınması ilə bağlı 7500 manatlıq tenderlərin qalibi olan «Abadlıq-MK» MMC-nin Təhsil Şöbəsində təsərrüfat hissə müdiri işləyən Əli Kazımova bağlı olduğuna dair əsaslı dəlillər mövcuddur.

Belə ki, «Abadlıq-MK» MMC-nin rəhbəri Əli Kazımovun oğlu Musa Kazımovdur. Bu işbirliyi nəticəsində külli miqdarda yeyintiyə yol verilib. Tender əməliyyatlarında bu şirkətin qalib olmasına şöbə müdiri Mehdi Əhmədov şərait yaradıb…».

Məlumatlarda bildirilir ki, bu gün Ağcabədi RTŞ-nin tabeliyində 60 artıq məktəb fəaliyyət göstərir ki, bu təhsil müəssisələrində çalışan müəllimlərin də ümumi sayı 3000 nəfərdən çoxdur. Belə çıxır ki, təhsil işçilərindən bir dəfəyə yığılan məbləğ 150 min manatdan az olmayacaq.

Ağcabədi rayon sakinləri: Nərimanov Nizami İnqilab oğlu, Alıyev Akif Yaqub oğlu, Hacıyev Şükür Mərkəz oğlu, Əhmədov Eldar Əli oğlu, Paşayev Rasim Əhmədalı oğlu da Şahin Məmmədovdan dövlət başçısına şikayət ediblər. Onların sözlərinə görə, Şahin Məmmədov onları sıxışdırır, sahibkarlıq fəaliyyətinə əngəl törədir: «Şikayətlərimiz mərhum prezidentimiz Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan qanununun 5-6-7-ci maddələrinə zidd olaraq, şikayətçi olduğumuz Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun üzərinə göndərilir.

Rayona içməli su çəkmək üçün alınmış xeyli sayda dəmir su borularını Şahin Məmmədov 1 milyona kimlərəsə satdı. Şahin Məmmədov 2-ci dəfə dövlət büdcəsindən külli miqdarda pul ayırtdırdı və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Bütün bu işlər rayondakı sahibkarların hesabına edildi. Büdcədən ayrılmış vəsaitlər isə icra başçısının hesabına yatırıldı. Ağcabədi suvarma sistemləri barəsində, su və melorasiya idarəsində, subartezian quyuları idarəsində Qıyamadınlı kəndindən Şahin Məmmədovun 50-yə yaxın qohumunun adına əmək haqqı yazılır.

Onlar işə çıxmırlar, ancaq maaş kartları əllərində, hər ay əmək haqqı alırlar. Şahin Məmmədov əslən Ağcabədinin Qıyamadınlı kəndindəndir. Mənbə qeyd edir ki, rayonda tender oyunları gedir. Belə ki, maliyyə idarəsinin işçilərinin adına, uşaqlarının adına, yaxud yaxın qohumlarının adına tender elan edilir. Məsələn, işçi Çingiz Əliyevin oğlunun adına, Etibar Hüseynovun xalasının adına tender oyunu keçirirlər. O cümlədən, rayon təhsil şöbəsinə aid olan tenderi təsərrüfat müdiri Əli Kazımovun oğlunun adına, yol idarəsinə aid olan tenderləri, yol idarəsinin müdiri, Vidadi Cəfərovun oğlunun Fərid MMC-yə aid olan tender adlandıraraq həyata keçirirlər».

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. (Gunxeber)

Administratorla əlaqə

077 611-55-22

[email protected]