Əsas Səhifə / Gündəm / Media

Həbsdəki jurnalistin həyat yoldaşı: "Onunla ünsiyyət quranlar karserə salınır"

12-10-2021, 17:06

Həbsdə olan "xeberman.com" saytının təsisçisi Polad Aslanov Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova dəstək bəyanatı ilə çıxış etdikdən sonra 1 saylı cəzaçəkmə müəssisəsində ona təzyiq göstərildiyini bildirib.
 
"Turan"-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı Gülmira Aslanova bildirib.
 
“Polad cəzaçəkmə müəssisəsindən zəng edib. O bildirib ki, onu digər məhbuslardan təcrid etməyə çalışırlar, onunla ünsiyyət quranlar isə döyülür və karserə salınır. Belə ki, keçən həftə Pənah adlı məhbus karserə salınıb. Poladın özünü 200 nəfərlik baraka keçirməyə hazırlaşırlar. Bu, Poladın Niyaməddin Əhmədovu dəstəklədiyi haqqında bəyanatından sonra baş verib”, - deyə həyat yoldaşı bildirib.
 
Onun sözlərinə görə, hazırda Polad 18 nəfərlik kamerada saxlanılır.
 
“Polada hakimiyyəti tənqid etməyə və məhbusların hüquqlarının pozulması haqqında danışmağa son qoymazsa, onu rahat buraxmayacaqlarını göstərirlər”, - deyə Aslanova qeyd edib.
 
Məsələylə əlaqədar Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
 
"Xeberman.com" saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]