Analitika

Stalinin nazirlərinə kələk gələn dələduz – “Qəhrəman” donuna bürünən Vaysman onlardan xeyli pul alıb

3-06-2019, 04:51
Onun əsl ad-soyadı Veniamin Vaysman olub. Amma o, özünü başqa soyadla təqdim edib - Kuznetsov. Bu adlarla yanaşı, sonralar daha bir ad da qazanıb – “Qroyssmester”...

Vaysman Veniamin 1946-1947-ci illər ərzində Stalin hakimiyyətinin 27 naziri (xalq komissarı) ilə görüşməyə, onlarla həmsöhbət olmağa, fikir mübadiləsi aparmağa nail olub. Sonuncunu çıxmaq şərtilə bütün görüşlər uğurlu keçib. Bu “uğurlar” şəxsən İosif Stalinin də çox böyük marağına səbəb olub...

Bu “maraqlı” adam hansı istedadına, bacarığına görə Kreml məmurlarının diqqətini cəlb edib? Kim olub Veniamin Vaysman?
Veniamin 1914-cü ildə Jitomirdə anadan olub. Kiçik yaşlarından valideyn nəzarətindən yayınan Vaysman uşaqlıqdan cibgirlik və oğurluqla məşğul olub. Buna görə o, düz 10 dəfə cəzaçəkmə müəssisəsinə göndərilib. 8 dəfə qaçmağa nail olub. Sonuncu dəfə qaçıb bir neçə gün meşələrdə gizlənəndə donvurmadan iki ayağını və bir əlində 3 barmağını itirib. Sonra Vaysman sənədlərini dəyişərək məhkumluqlarını gizlətməyi də bacarıb. Tanınmaması üçün Jitomirdən köçüb.



Müharibədən sonra Vaysman böyük planlarını həyata keçirməyə başlayıb. Bununla da onun böyük “talant”ı da üzə çıxıb. Belə ki, döyüşçü paltarı əldə edərək sinəsinə 10-15 dənə əldə düzəldilən saxta orden və medal asıb. Bu “təltif”lərin arasında Sovet İttifaqı Qəhrəmanı adı da olub. Özü də iki dəfə. Bu libasda Vaysman Kuznetsov soyadı ilə nazirlərin qəbuluna düşüb.
O, ilk hədəfi olaraq SSRİ qida sənayesi naziri Vasili Zotovu seçib. Özünü nazirə müharibə vaxtı tank diviziyasının qərərgah rəisi kimi təqdim edib. Güclü fantaziyaya malik Vaysman müharibə səhnələri haqqında elə maraqlı söhbətlər edib ki, hətta öz gözləri də yaşarıb. Təbii ki, həmişə məşğul olan nazir Zotov müharibənin yenicə qurtardığı bir ərəfədə “qəhrəman”ı dinləmək məcburiyyətində qalıb. Sonda Vaysman gəlişinin səbəbini açıqlayıb, ehtiyacları haqqında nazirdən xahişlər edib. Zotov “qəhrəman veteran”ı 900 rubl pul və 500 rublluq defisit ərzaq məhsulları ilə yola salıb.

Beləliklə, Vaysman öz “sehrli libas”ı ilə özünü gah təyyarəçi, gah tankçı, gah da kəşfiyyatçı qismində təqdim edərək 27 nazirin kabinetində maddi problemlərini əsl “qəhrəman” kimi həll edə bilib.



Vaysmanın SSRİ-nin qara metallurgiya naziri Ovanes Tevosyanla görüşü daha “maraqlı” keçib. Bu dəfə Vaysman özünü təyyarəçi kimi təqdim edib. Müharibənin qızğın vaxtalarında Vasilinin (İosif Stalinin oğlu) onu necə xilas etməsi səhnəsi erməni naziri kövrəldib.

Vaysmanın nazir kabinetlərini tez-tez dəyişməsi şübhələrə səbəb olub. Nəhayət, nazirlər tədbirlərdə görüşəndə bir-birləri arasında bu “qəhrəman” haqqında söhbət salarkən məlum olub ki, gah təyyarəçi, gah tankçı, gah da kəşfiyyatçı olan Kuznetsov onları böyük ustalıqla aldadıb.

Nazirlər bu haqda daxili işlər naziri İvan Serovu məlumatlandırıblar. Serov Moskva şəhər cinayət-axtarış idarəsinin rəisi qarşısında Vaysmanın həbsi üçün konkret tapşırıq qoyub. Bununla yanaşı, İvan Serov hadisəni bütün təfərrüatı ilə Stalinə məruzə edib. Stalin məruzəni acı bir təbəssümlə dinləyib, “mənim nazirlərim aldanılırlarsa, biz çox da irəli gedə bilməyəcəyik” deyə göstəriş verib ki, axtarış tədbirləri ilə bağlı mütəmadi olaraq onu məlumatlandırsınlar.

Vaysmanı ələ keçirməkdə problem ondan ibarət olub ki, onun daimi yaşayış yeri olmayıb və o, hətta tez-tez yaşadığı şəhərləri də dəyişib.



Hüquq-mühafizə orqanları bütün zəruri tədbirləri həyata keçiriblər, dövlət qurumları tam nəzarətə götürülüb, “kriminal” aləmin tanınmışları sorğu-suala tutulub, amma “qəhrəman”dan xəbər verən tapılmayıb.

Vaysman hələ ki, əldə etdiyi pulları xərcləyərək yuxarılarda nə baş verdiyindən, hədəfə çevrilməyindən, Stalinin göstərişindən xəbərsiz olub. Elə ki, pullar xərclənib qurtarıb, Vaysman yenidən “sehrli libas”ını geyinib.

Stalinin nazirlərinə kələk gələn dələduz – “Qəhrəman” donuna bürünən Vaysman onlardan xeyli pul alıbNövbəti dəfə o, SSRİ ağır sənayə naziri Aleksandr Yefremovu özünə hədəf seçib. Nazirin qəbul otağından kabinetə asanlıqla keçən Vaysman ssenarisini işə salıb, Stalinqrad döyüşlərindəki “qəhrəmanlığına” görə nazir Yefremov “səxavət” göstərərək ona 2 min rubl maddi yardım göstərməyə qərar verib. Vaysmanı qəbul otağına qədər yola salan nazir deyib ki, pulu elə indi gedib nazirliyin birinci mərtəbəsindəki kassadan ala bilər. Sevincək olan Vaysman kassaya yaxınlaşanda onu həbs ediblər.
Cinayət işində yüksəkçinlilərin adı keçdiyinə görə Vaysmanın məhkəməsi qapalı keçirilib. “Qəhrəman” bütün günahlarını etiraf edib. Ona son söz veriləndə bir cümlə söyləyib: “Təəssüfləndiyim yalnız bir şey var ki, Stalinin kabinetinə gedib çata bilmədim...”





Məhkəmənin hökmü ilə Vaysman Veniamin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bəzi versiyalara görə, onun cəzasının belə az olması Stalinin göstərişi ilə olub. Əslində Vaysman törətdiyi cinayətlərə görə daha ağır cəzaya məhkum edilməli idi.

Vaysman azadlığa çıxdıqdan sonra Moskva şəhər milis idarəsinin rəisi ilə görüşüb, bir daha cinayət törətməyəcəyinə söz verib və əlillər evinə yerləşdirilməsi üçün ona köməklik göstərilməsini xahiş edib. Milis rəisi onun xahişini yerinə yetirib, Vaysman Orenburqda əllillər evinə yerləşdirilib.

Öz “peşə”sinin qroyssmesteri olan Vaysman Veniamin 1969-cu ildə, 55 yaşında əllillər evində vəfat edib.

İlham Cəmiloğlu,

Administratorla əlaqə

077 611-55-22

[email protected]