Çeçenistan rəhbəri Ramzan Kadırov Stalini əbədi lənətlədi
Xeberman.com Oxu.Az-a istinadən məlumatına görə, o çıxışının videosunu çərşənbə axşamı, yanvarın 10-da, öz Instagram səhifəsində yerləşdirib.
"İosif Stalin çeçen və digər xalqları uçuruma apardı. Mən onu əbədi lənətləyirəm!”, - Çeçenistan lideri 1944-cü il hadisələrini xatırlayaraq bəyan edib. Qeyd edək ki, 1944-cü ildə SSRİ Dövlət müdafiə komitəsi Çeçen-İnquş MSSR-nin ləğv edilməsi və onun əhalisinin Orta Asiya və Qazaxıstana sürgün olunması barədə № 5073 qərar qəbul etmişdir.
Kadırovun sözlərinə görə, o illərdə "çeçenlərin əcdadları insanlığa sığmayan çətinliklərlə üzləşsələr də, cəsarət və dözümlülük göstəriblər”.
Bundan əlavə, Kadırov qeyd edib ki, dövlətin yeni rəhbəri Nikita Xruşov ədalətin bərpa olunmasına nail olub və çeçenləri doğma torpaqlarına qaytarıb.
"Biz buna görə Xruşova səmimi qəlbdən təşəkkür edirik”, - Çeçenistan rəhbəri deyib.
Çeçen və inquş xalqlarının kütləvi deportasiyası Stalinin göstərişi ilə 23 fevral 1944-cü ildə başlayıb. Rəsmi səbəb kimi, onların faşist işğalçılarına kömək etmələri göstərilib. Çeçen və inquşların Vətənlərinə qayıtması barədə qadağa 1957-ci ilin yanvar ayında ləğv olunub.
Rəsmi məlumata əsasən, Çeçen-İnquş MSSR-nin ərazisindən təxminən yarım milyon əhali çıxarılıb. Onlar Qırğızıstan və Qazaxıstanın uzaq rayonlarına sürgün ediliblər. Çeçen və inquşlardan başqa Şimali Qafqazın digər xalqları - kalmıklar, qaraçaylar və balkarlar da deportasiyaya məruz qalıblar.
Deportasiya nəticəsində ölənlər barədə dəqiq məlumat yoxdur.