Elza əsəbiləşdi: "Gedin, özünüzlə məşğul olun"
Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə tənqid hədəfinə çevrilən "Qadın nə istəyir?" şeiri ilə bağlı açıqlama verib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni onu anlamayanlara müraciət edib:
"Bu şeir Adəm və Həvvaya həsr olunub. Çoxları fəlsəfi mənasını başa düşür. Bir çoxları isə geridəqalmışlardır. Yaradıcı insanları geri çəkməyə çalışırlar: "Elza, belə etmə, yazma...". Mən nə edim ki, sizlər Yuğ, Pantomima Teatrı nədir bilmirsiniz? Bilmirsiniz ki, ustadlarımız psixasof, avanqard, dodekafoniya, abstrakt, fəlsəfə, satira janrları altında əsərlər yaradıblar. Rəssamın sadə bir əsərində də nə qədər dərin məna görmək olur".
E.Seyidcahan prodüser Tolikin onun şeirini paylaşıb "Bu gün Elza Seyidcahanın yeni şeirini "Qadın nə istəyir?"i təqdim edirəm. Ay Allah, məni deputat et" sözlərinə əsəbiləşdiyini bildirib:
"Şeirimi paylaşıb məni təhqir edirlər. Efirlərdə barışıqdan, mehribanlıqdan danışmaq hara, video paylaşıb təhqiredici münasibət yazmaq, insanı əskiltmək hara? Mən sənətimi şou, gündəm xatirinə yaratmamışam. Şərəflə gedib-gəldiyim deputat yolumu da şoulaşdırmamışam. Siyasəti şouya çevirmək olmaz. Heç vaxt xətirlərinə dəyməmişəm. Gedin, özünüzlə məşğul olun. Mənim dərdimə qalmayın. Dərdimə qalan var, o da Allahdır. Başqalarının tənqidi məni maraqlandırmır. İncəsənətdəki insanlara nə olub? Sizin belə yazmağınız kənardakıları daha da qızışdırır. Barmağınızı qatlayın ki, Elza sizi harada və nə vaxtsa əskildib? Əksinə, həmişə müdafiə edib. Mənim yazdıqlarım etikadan kənardır? Dahi rəssamlar əsərlər yaradır, kimsə etikadan kənar söz işlədir? Yaradıcılığı təhqir etmək olmaz".