Analitika

Ərdoğanın ən məşhur silahdaşları yeni partiya ilə siyasətə qayıdır – ilk mərhələdə 30 deputat AKP-dən istefa verəcək, ardınca...

19-05-2019, 03:12
Türkiyənin hakim partiyası AKP-nin keçmişdə ağır artilleriyaları sayılan bir neçə üzvü yeni partiya yaratmağa hazırlaşır. Qeyd edilir ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül, sabiq iqtisadiyyat naziri Əli Babacan və sabiq baş nazir Əhməd Davudoğlu Ərdoğana qarşı bir və ya iki partiya çıxarmağa hazırlaşır.

Məsələ 31 mart bələdiyyə seçkilərindən əvvəl gündəmə gəlib. Qardaş ölkə mətbuatı seçkilərdən sonra bu istiqamətdə gizli və ya aşkar hazırlıqların başladığını yazır. Müxtəlif mənbələrə istinad edən mətbuat AKP-li müxaliflərin bir və ya iki partiya ilə aktiv siyasətə başlaya biləcəyini iddia edir. Buna səbəb kimi isə Abdullah Güllə Əhməd Davudoğlu arasında münsibətlərin yaxşı olmaması göstərilir. Əli Babacan da Abdullah Gülün yanında yer alır.

“Yeniçağ” qəzetinin yazarı Ahmet Takan isə bildirir ki, Abdullah Güllə Əhməd Davudoğlu tək bir partiya yaradacaq. Müəllif Abdullah Güllə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edir. Qeyd edilir ki, Əli Babacan yeni yaradılacaq partiyanın sədri olmaq istəmir.

Istanbulda keçirilən xüsusi bir toplantıda Ə.Davudoğlunun A.Gülə "Siz prezident olmusuz. Yeni partiyanın sədri olmaq istəyirsinizsə, bizə də sizin rəhbərliyiniz altında işləmək yaraşar"- dediyi vurğulanır. A.Gül isə partiya sədri olmaq istəmədiyin açıq şəkildə söyləyib.

Müəllif, mənbəyə istinadən, ən geci 1 ay sonra rəsmiləşdirilməsi gözlənilən partiyada əsas problemin kadr problemi olduğunu yazır. Mənbənin sözlərinə görə, Abdullah Gül özünə yaxın olan keçmiş nazir Beşir Atalay vasitəsilə partiyanın heyət və quruluşunda tam üstünlüyünü təmin etmək istəyir: "Bu da Əhməd Davudoğluna problem yaradır. Əhməd hoca AKP təcrübəsini yenidən yaşamaq istəmir”.

“Yeniçağ” qəzeti bundan əvvəlki məqaləsində Davudoğlunun 50 deputatla birgə partiya yaradacağını yazmışdı.

BBC türkcə isə nüxalif komandada yer alan mənbəyə istinadən yazır ki, Davudoğlu yeni partiya məsələsində tələsik davranmayacaq. O, AKP daxilində "demokratikləşmə" müzakirələri açaraq, həm partiyanın əsas bazasının nəbzini yoxlayacaq, həm də partiya daxilində öz təsir gücünü artırmağa çalışacaq. “Bundan sonra Davudoğlunun açıqlamalarını daha çox görəcəyik. Demokratikləşmə və sistemlə bağlı tənqidlərini və xəbərdarlıqlarını eşidəcəyik” - keçmiş baş nazirə yaxın mənbələr bildirib.

Əhməd Davudoğlunun partiyada qalmasının başqa bir səbəbi kimi isə son seçkilərin ardından AKP-nin fövqəladə konqresinin keçirilməsi ehtimalı göstərilir. Ə.Davudoğlunun yaxın ətrafı ölkə prezidentinin eyni zamanda partiya rəhbəri olmasının bəzi problemlər doğurduğunu deyərək buna qarşı çıxır. Məsələni bir müddət əvvəl Davudoğlu özü də gündəmə gətirib. Qeyd edilir ki, keçmiş baş nazir gözlənilən konqres iclasında problemi dilə gətirmək üçün hələlik partiya daxilində mübarizə aparmaq qərarı verib.

“Seçkilərdən əvvəl Abdullah Gülün dəstəyi, Əli Babacanın liderliyində yeni bir partiyanın qurulması ehtimalı uzun müddətdir dəhlüzlərdə danışılırdı. Babacanın Davudoğlu kimi bələdiyyə seçkilərindən sonra da hərəkət edəcəyi ifadə edilirdi” – yazan BBC türkcə “İYİ” partiyadan İstanbul millət vəkili Ümid Özdağın Babacanla söhbətinə də yer verib. Millət vəkili Babacanın hələlik prosesləri diqqətlə izlədiyini, yeni partiya mövzusunda da danışıqlar apadırğını və yarana biləcək yeni partiya məsələsində Davudoğlu ilə birlikdə hərəkət etməyəcəyini söylədiyini bildirib.

Davudoğlu cəbhəsindən də eyni şəkildə, Babacan-Gül tandemi ilə birgə hərəkət etmədikləri bildirilir. Davudoğluna yaxın isimlər, hətta Babacanın yeni bir partiya qurmasının çətin olduğunu deyib. Bildirilir ki, yeni partiya məsələsində Davudoğlunun nə vaxt və hansı şəraitdə addım atacağı məlum deyil. Davutoğluna yaxın keçmiş deputatlardan biri onun tənqidlərini hələlik konfranslarda dilə gətirdiyini deyib: "Hörmətli cənab Davudoğlu bu mövzuda hələlik bir açıqlama verməyib... Amma bəzilərinin könlündən keçir ki, yeni partiyanın müzakirə edilməsinə ehtiyac var. Hörmətli Davudoğlu hazırda səfərlər edir, konfranslar keçirir, tənqidlərini buralarda dilə gətirir. Ancaq hazırda partiya təşəbbüsü yoxdur, amma bu, sabah olmayacaq demək də deyil".

Bu arada, bir neçə gün əvvəl AKP-də hərəkətlilik olduğunu yazan “Yeniçağ” Britaniyadan səfərdən qayıdan Əli Babacanın İstanbulda iş adamları ilə qapalı görüş keçirdiyini iddia edib. Müəllif burada müzakirə edilən məsələlərlə bağlı bəzi məlumatlar əldə etdiyini deyir. “İlk etapda iqtisadi böhran bəhanə edilərək AKP-nin 30-a yaxın deputatı istefaya məcbur ediləcək. Daha sonra hökumətin legitimliyi müzakirəyə çıxarılacaq. Ardınca AKP-dən qoparılacaq millət vəkillərinin sayı 50-55-ə qaldırılacaq...” - “Yeniçağ” qəzeti yazır.

Qeyd edək ki, Türkiyə mediasında Davudoğlunun yanında yer alacaq tanınmış siyasətçi və bürokratlarla bağlı siyahılar da açıqlanıb. Davudoğlunun komandasında Bəşir Atalay, Hüseyn Çelik, Şamil Tayyar, Əhməd Başçı, Səlcuq Özdag və keçmiş Diyanət işləri başçısı Mehmet Görmezin də adı çəkilir. Siyahıda adı olan Mehmet Görmez isə Twitter hesabından bu iddiaları təkzib edib.

Əhməd Davudoğlu və Əli Babacan ayrı-ayrı və ya birlikdə hərəkət edəcəyi isə hələlik bəlli deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]