Siyasət

Baş nazirin müavini: Onları müxalifətçi olduqlarına görə tənqid etmirik

16-05-2019, 19:35

Biz müxalifətçiləri müxalifətçi olduqları üçün tənqid etmirik. Onların içərisində bəzilərinin partiyanın və yaxud özlərinin, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik.

Oxu.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndirir:

“İstərdik ki, ölkəmizin bu ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər. Kim bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. Digər tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar.

Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olur-olsun, xalqa, dövlətə müxalifətdə olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun və davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin”.

“Bu vaxta kimi müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu fikirlər dayanır. Bundan başqa səbəbimiz yoxdur”, - deyə Baş nazirin müavini bildirib.

Əli Əhmədov qeyd edib ki, əgər müxalifətçilər bu yoldan çəkinəcək, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək:

“Bu düzgün yolda onlara uğurlar arzu edirəm. O ölkələr siyasi cəhətdən inkişaf edir ki, orada müxalifət ölkənin maraqlarını uca tutur və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]