Gündəm

Qazaxda bank müdiri kredit fırıldağının qurbanlarını həbs etdirir – Video

30-01-2016, 15:29

Qazax rayonunun Xanlıqlar kəndinin sakinlərinin kredit problemi hələ də həll olunmayıb. Sakinlərin adına kredit götürən kənddəki bağça müdirəsi Xatirə Əsgərova həbs edilsə də, kənd sakinləri "kredit bataqlığı”ndan xilas ola bilməyib

 
Kənd sakinləri həbsdə olan bağça müdirəsi tərəfindən saxta sənədlərlə adlarına götürülən kreditləri ödəyə bilmirlər. Adına kredit götürülən kənd sakinlərinin əksəriyyəti işsizdir. Ümumilikdə 230 nəfər kənd sakini bağça müdirəsinin kredit fırıldağının qurbanı olub.
 
Musavat.com-un Qazaxa ezam olunmuş reportyorları kənd sakinləri ilə görüşüb. Hazırda rayonda müəllimə, həkim kimi çalışan kənd sakinləri qarşılaşdıqları problemlə bağlı danışmaq istəmədilər. Onlar işdən çıxarılacaqları ilə hədələndiklərini deyirlər. Dövlət müəssisələrində işləyən bir çox kənd sakininin maaş kartları dondurulub. Onların maaşı Xatirə Əsəgərova üçün götürülən kreditlərə tutulur.
 
X.Əsgərova sakinlərin ona olan etimadından sui-istifadə edərək onların adlarına "Zaminbank”, "Beynəlxalq Bank”, "Kredaqro” Qeyri-Bank Kredit Təşkilatı, "Finca-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı və "Kapital Bank”ın Qazax şöbələrindən kredit götürüb. Hətta bəzi kənd sakinin adına bu bankların hamısında kredit rəsmiləşdirilib.
 
Əslən Xanlıqlar kəndindən olan X.Əsgərova sakinlərin əksəriyyəti ilə uzaq da olsa qohumdur. Əksər sakinlərin adına krediti də elə bu qohumluq əlaqələrindən istifadə edərək götürüb. Gah müdirə statusundan yararlanıb, gah da oğluna qonşu kənddə ev almağı əsas gətirərək həmkəndlilərinin razılığını alıb.
 
2012-ci ildən kreditlkəri ödəyə bilməyən X.Əsgərovanın əməlləri ifşa olunarkən o aldığı pulu Pərvanə Səfərova adlı Qazax rayon sakininə verdiyini deyib. Bununla da məsuliyyətdən yayınmaq istəyib.
 
P.Səfərovanın həyat yoldaşı Tariel Allahverdiyev xanımının qanunsuz olaraq həbs edildiyini deyir. Onun sözlərinə görə, X.Əsgərova ilə həyat yoldaşının heç bir şərikliyi olmayıb: "Pərvanə Xatirədən 2 min manat sələmə pul götürmüşdü. Bundan başqa onların heç bir əlaqəsi olmayıb. Kiçik bir mağazamız var idi. Öz gündəlik dolanışığımızı təmin edirdik. Kənd sakinlərinin hər biri də etiraf edir ki, onlar krediti Xatirə Əsgərova üçün alıblar. Bir neçə yalan ifadə ilə bütün işi yoldaşımın üstünə yıxdılar və 9 il 6 ay müddətinə azadlıqdan məhrun etdilər. Pərvanənin səhhətində ciddi problem var. Vəkili də özləri təyin edib”.
 
Kənd sakinləri də P.Səfərovanı tanımadıqlarını, yalnız X.Əsgərova ilə görüşdüklərini və krediti də onun üçün aldıqlarını deyirlər. Əksər kənd sakinlərinin adına "Zaminbank”ın Qazax rayon şöbəsindən kredit götürülüb.
 
Kredit fırıldağının qurbanı olan kənd sakinləri musavat.com-a açıqlamalarında bildiriblər ki, "Zaminbank”ın Qazax rayon şöbəsin müdiri Məzahir Mirzəyev onlara hansı yolla olursa-olsun, kreditləri ödətdirəcəyini deyib. M.Mirzəyev kənd sakinlərini kreditlərini ödəməyəcəkləri halda həbs etdirəcəyini də deyib. Və artıq kredit borcunu ödəyə bilməyən bir neçə kənd sakini həbs edilib.
 
Yanvarın 21-də adına olan kredit borcunu ödəyə bilmədiyi üçün həbs edilən kənd sakinlərindən biri Zaur Xəlilovdur. Atası Adil Xəlilov deyir ki, oğlu heç bir yerdə işləmir. X.Əsgərova oğlunun adına kredit götürüb. Kredit borcunu ödəyə bilmədiyi üçün Z.Xəlilova 10 sutka həbs veriblər.
 
A.Xəlilovun sözlərinə görə, ailə üzvlərindən heç kim işləmir: "Mən də işləmirəm. Oğlumun körpə uşaqları evdə başsız qalıb. Sosial yardımı da kəsiblər. "Zaminbank”ın şöbə müdiri Məzahir Mirzəyev oğlumu hədələyirdi ki, ödəməsən, səni həbs etdirəcəm. Axı, biz niyə Xatirə Əsgərovanın adına kredit ödəməliyik? Hər kəs də bilir ki, bu pulu onun üçün götürmüşük. Buna görə də onu həbs ediblər”.
 
Hazırda həbsdə olanlardan biri də Qədir Əsgərovdur. O da heç bir yerdə işləmədiyi halda X.Əsgərova onun adına "Zaminbank”dan 3 min manat kredit götürüb. M.Mirzəyev ondan krediti ödəməsini tələb edib və əks halda həbs ediləcəyini bildirib. Q.Əsgərova 10 sutka həbs verilib. Yoldaşı Əminə Hüseynova 3 uşaqla çarəsiz vəziyyətdə qalıb.
 
Ə.Hüseynova deyir ki, onun da adına Xatirə Əsgərova kredit götürüb: "Yoldaşım günü 7 manata fəhlə işləyirdi. Günlərlə işsiz qalırdı. Heç bir sosial yardım da almırıq. 3 uşaqla başsız qalmışıq. Uşaqları məktəbə də göndərməyəcəm. Gündəlik çörək almağa pulumuz belə, yoxdur”.
 
Gülbadə Qurbanovanın da həyat yoldaşı həbs edilib. Onun da adına Xatirə Əsgərova "Zaminbank”dan kredit götürüb. Lakin X.Əsgərova həbs edildikdən sonra krediti onların ödəməsini tələb ediblər.
 
G.Qurbanovanın sözlərinə görə, həyat yoldaşı heç bir yerdə işləmir. Lakin onun adına "Zaminbank”dan 3 min manat kredit götürülüb: "Xatirə heç bir yerdə işləməyən yoldaşımın adına 3 min manat kredit götürdü. Mənə isə işlədiyim halda 2 min manat kredit verdilər. Öz kreditimi ödəyirəm. Lakin Xatirənin götürdüyü krediti ödəyə bilmirik. 130 manat maaş alıram. Yoldaşımı Məzahir Mirzəyev hədələyirdi ki, krediti ödəməsən səni həbs etdirəcəm. Elə də oldu. Yoldaşıma 7 sutka həbs veriblər”.
 
Kənd sakinlərindən Elvin Nəsibov da kredit borcunu ödəyə bilmədiyi üçün həbs olunanlardandır. 10 sutka həbs cəzası alan E.Nəsibov hazırda azadlıqdadır.
 
X.Əsəgərovanın kredit fırıldağının qurbanlarından biri də Rəcəb İsayevdir. Həm onun, həm anasının, həm də həyat yoldaşının adına X.Əsgərova tərəfindən kredit götürülüb: "Həyat yoldaşımın və mənim adıma "Zaminbank”dan kredit götürülüb. Nə mən, nə də yoldaşım işləmir. Anamın adına isə 3 bankdan kredit götürüb. Xatirə Əsgərova bizə yaxın qohumdur. Etibarımızdan istifadə edərək bizi aldatdı. İndi bu kreditlər bizim üstümüzdə qalıb”.
 
Zərərçəkmiş Nazəndə Həşəyeva da Məzahir Mirzəyevdən şikayətçidir. Kənd sakini deyir ki, M.Mirzəyev krediti ödəyə bilməyən kənd sakinlərini həbs etdirəcəyi ilə hədələyir: "X.Əsgərova mənim qızıllarımı da almışdı. İlk dəfə şikayət ediləndən sonra qızıllarım qaytarıldı. Kreditimin də bir hissəsi ödənildi. Kreditimin 1000 manatı qalıb. "Zaminbankdan” adıma 2500 manat götürülmüşdü. Məzahir Mirzəyev yenidən faiz hesablayıb. Borc təzədən 2500 manatı keçib”.
 
Qeyd edək ki, hazırda P.Səfərova və X.Əsgərova həbsdədir. Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə açılan cinayət işindən sonra P.Səfərova və X.Əsəgrova həbs edilib. P.Səfərova Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib. X.Əsgərovanın məhkəmə prosesi isə davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]