Əsas Səhifə / Xəbərlər

Pentensiar Xidmət vəkilləri üz-üzə gətirdi: "...zarafatla “sən işləyə bilmirsən” deyirdilər" - VK üzvləri nədən şikayətlənir?

5-05-2019, 19:25

Vəkil Adəm Məmmmədovun Pentensiar Xidmət əməkdaşlarının uydurma şəri ilə Fariz Namazlını vəkillikdən uzaqlaşdırmağa cəhd edilməsi barədə vəkil həmkarlarına çağırışına qarşı tərəfdən, daha dəqiqi, Vəkillər Kollegiyasının rəhbərliyindən reaksiya gecikməyib.

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adəm Məmmədov son zamanlar hüquq-mühafizə orqanları rəhbərlərinin vəkillərə təzyiq etmək üçün Vəkillər Kollegiyasına müraciət etdiyini bildirib.

Və onların vəkillərin səlahiyyətinə xitam verilməsi praktikasından "cuşa" gəldiyini qeyd edib: "Gec-tez ölkə rəhbəri vəkillərə qarşı edilən haqsızlıqdan xəbər tutacaq. Buna əmin olun!".

Adəm Məmmədovun bu ittihamına isə Vəkillər Kollegiyasından vəkil Cabbar Bayramov cavab verib, kollegiyanın sədri Anar Bağırov isə ona dəstək verib.

Belə ki, Cabbar Bayramov bildirib ki, həmkarı Adəm Məmmədovun Penitensiar Xidmətinin vəkil Fariz Namazlı barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etməsi haqqında məlumatı oxuyub:

"Paylaşımda, həmçinin qeyd edilir ki, son vaxtlar hüquq-mühafizə orqanlarının şikayəti əsasında vəkillərin səlahiyyətlərinə xitam verilməsi praktikası geniş yayılmışdır. Doğrusu, bir vəkil olaraq məsələ məni narahat etdi. Əgər doğrudan da, qanuni səlahiyyətlərini icra edən vəkilin səlahiyyətlərinə xitam verilməsinə nail olmaq hüquq mühafizə orqanları üçün bu qədər asandırsa, onda hüquqi müdafiənin perspektivindən danışmağa belə dəyməz.

Dövlət orqanlarının şikayəti əsasında vəkillərin kütləvi uzaqlaşdırılmasını eşitməmişəm. Hər halda, hüquqşünasın məsələyə qiymət verməsi üçün araşdırma aparması zəruridir. Bu səbəbdən, belə bir məlumatın mənə veriləcəyinə əmin olmasam da, vəkillərin barəsində şikayətlər və tətbiq edilmiş intizam tənbehləri barədə məlumat almaq üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etdim. Təəccübümə rəğmən, çox gözləmədən 2018-ci il üzrə statistik məlumat mənə təqdim edildi. Qeyri-hüquqşünas dostlarımın çoxu üçün maraqlı olmaya bilər, amma vəkillər və vəkil olmaq istəyən hüquqşünaslar üçün maraqlı rəqəmlərdir.

Demək, 2018-ci il ərzində vəkillər barədə cəmi 274 şikayət verilmişdir. 33 şikayət dövlət orqanlarından, 14 şikayət qeyri-dövlət təşkilatlarından və 227 şikayət vətəndaşlardan daxil olmuşdur. Bu şikayətlər araşdırılarkən 66 halda vəkil tərəfindən icra intizamının və prosessual qaydaların pozuntusuna yol verilməsi müəyyən edilmiş, 29 vəkilə xəbərdarlıq edilmiş, 9 vəkilə irad bildirilmiş, 15 vəkilə töhmət verilmiş, 12 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış və 6 vəkilin VK üzvlüyündən çıxarılması ilə bağlı məhkəməyə müraicət olunmuşdur. Sonunculardan 5 nəfəri üzvlük haqqını uzun müddət ərzində (6 aydan çox) ödəmədiyi üçün, 1 nəfər isə vətəndaş şikayəti əsasında VK üzvlüyündən çıxarılmışdır. Dövlət orqanlarının şikayəti əsasında VK üzvlüyündən çıxarılması halı isə mövcud deyil. Yəni, 2018-ci il ərzində dövlət orqanlarından daxil olmuş 33 şikayətin heç biri, vəkilin səlahiyyətlərinə xitam verilməsi ilə nəticələnməmişdir.

Beləliklə, vəkillər barəsində edilmiş 274 şikayət əsasında 37 intizam tənbehi tədbiri görülmüşdür (qanunvericiliyə görə xəbədarlıq intizam tənbehi sayılmır).

Statistika dəhşətli deyil, normaldır. Müqayisə üçün vaxtilə çalışdığım Vergilər Nazirliyində, əməkdaşların az qala yarısı töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdı. Hətta intizam tənbehi almayan əməkdaşa zarafatla "sən işləyə bilmirsən” deyirdilər.

Ötən ilin dekabr ayında "Park Bulvar” oteldə təşkil olunmuş İkinci Avrasiya Hüquq Qurultayında, Ukraynadan olan həmkarımız öz ölkəsində olan vəziyyət barədə məruzə edərkən, bəzi hallarda vəkilin ofisində axtarış aparıldığını qeyd etdi. Mən dəhşətə gəlmişdim.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu məlumatlar (vəkilin iş otağında, çantasında olan sənədlər və digər məlumat daşıyıcıları) vəkil sirrini təşkil edir. Həm Rusiya, həm Ukrayna, həm də Gürcüstan qanunvericiliyinə görə, Vəkillərin yuxarı təşkilatı öz qərarı ilə vəkili üzvlükdən çıxarmaq səlahiyyətinə malikdir. Bizdə isə bu məsələ məhkəmənin səlahiyyətindədir. Həmçinin, iştirak etdiyim konfranslarda aldığım məlumatlara görə, əksər ölkələrdə vəkil qurumları ədliyyə nazirliyinin strukturu kimi fəaliyyət göstərir. Bizdə isə bu məsələ daha demokratikdir. Hələ !999-cu ildə, Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Vəkillər Kollegiyası dövlət orqanlarından ayrılaraq müstəqil təşkilat oldu. Hal-hazırda da, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vəkillər tərəfindən təsis edilmiş müstəqil, qeyri-dövlət qurumudur.

Bütün göstərilənlərə baxmayaraq, dövlət orqanlarının vəkillərə qarşı mövqeyinin birmənalı olmadığını özüm də müşahidə etmişəm. Başa düşüləndir. Çünki, vəkil müdafiə tərəfinə, hüquq mühafizə orqanının vəzifəli şəxsləri isə ittiham tərəfinə aiddirlər. Şəxsən öz iştirakımla belə hallar baş verməsə də, Kollegiya tərəfindən vəkilin haqlı mövqeyinin müdafiə olunduğunu həmkarlarımdan dəfələrlə eşitmişəm və üzvü olduğum Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə qürur duymuşam!".

Kollegiyanın sədri Anar Bağırov isə Cabbar Bayramovun statusunu əlavələri ilə paylaşaraq, ona belə dəstək verib:

"Vəkil Cabbar Bayramov əsl vəkil yanaşması ilə Vəkillər Kollegiyasına vəkillər barədə daxil olan şikayətlər və qəbul olunmuş qərarlar barədə konkret rəqəmlərə və faktlara söykənən araşdırma aparıb.

Əlavə olaraq nəzərə almaq lazımdır ki, 2018-ci il ərzində RH-nə daxil olmuş və barələrində intizam icraatı başlanılmayaraq komissiyaya göndərilməyən xeyli sayda müraciətlər olub. Yekunda 2018-ci il ərzində RH-nə ümumilikdə 274 deyil, daha çox şikayətlər daxil olmuşdur, bu isə nəticə etibarı ilə pozuntu müəyyən olunan işlərin faizini daha aşağı salır.

Məsələdən xəbəri olmayan, hər-hansı araşdırma aparmadan kimisə xoşa gəlmək xətrinə fikir söyləyən insanları isə daha məsuliyyətli olmağa dəvət edirik.

Manipulyasiya və spekulyasiyalara son qoymaq üçün sabah bütün statistik məlumatları öz veb səhifəmizdə dərc edəcəyik".

Mia.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]