Foto Fakt

İcra hakimiyyəti 3 məhəllənin yolunu satıb Foto

30-01-2016, 12:45
"Əvvəllər bağ evinin yanından 3 məhəlləni birləşdirən yol vardı. Təxminən 3 ilə yaxındır ki, həmin yol Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən satılıb və yerində villa tikilib. Bu səbəbdən sakinlərin dənizə gedən yolu bağlanıb". Bu barədə "Bizim Yol" qəzetinə Bakı şəhər sakini  Əli Nəbiyev deyib. 

"Bununla bağlı həm Sabunçu Rayon İcra Hakimiyyətinə, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Prezident Administrasiyasına və digər qurumlara müraciətlər etmişəm. Bir neçə dövlət qurumu - Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi, Dövlət Əmlak Komitəsi və digərləri yolun qanunsuz olaraq zəbt olunması faktını təsdiqləyib. Bundan əlavə, dövlət qurumlarının verdiyi bütün hüquqi sənədlərdə, çıxarış və xəritələrdə həmin hissənin yol olması öz əksini tapıb. Həmin dövlət qurumları məsələnin həll olunması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məktublar göndəriblər" - deyə Ə.Nəbiyev bildirir. 

O qeyd edir ki, bütün bunlardan sonra icra hakimiyyətindən ona absurd hesab etdiyi cavab verilib. Məktubda qeyd olunub ki, həmin ərazidə yolun olmasını məqsədəuyğun hesab etmirlər. 
"Bildiririk ki, Sizə məxsus bağ sahəsinin yerləşdiyi əraziyə baxış zamanı məlum oldu ki, həmin ərazidə bütün yollar Bilgəh-Pirşağı avtomobil yoluna perpendikulyar olaraq çəkilib. Həmin yola paralel yollar qeyd olunan ərazidə mövcud deyil. Sizin tələb etdiyiniz yol vətəndaş Kərimov Bəkir Atakişi oğlunun istifadəsində olan torpaq sahəsinə aiddir. Ərizənizdə qeyd olunan ərazidə paralel yollar olmadığından yolun açılmasını məqsədə uyğun hesab etmirik" - icra hakimiyyətindən verilən cavabda qeyd edilir.

Ə.Nəbiyev əlavə edir ki, İcra Hakimiyyətindən verilən digər cavab isə tamamilə gülüncdür. 
"Sizə məxsus 5216 saylı bağ m. AA 021894 saylı 05.03.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündə iddia etdiyiniz yol əksini tapmamışdır. Həmçinin həmin ərazinin 2001, 2009, 2010 və 2012-ci il tarixlərində fəza çəkilişlərində iddia etdiyiniz yolun olmadığı məlum olmuşdur. Onu da qeyd edirik ki, 2009-cu ildə bağ sahənizi özəlləşdirərkən həmin ərazidə bağ evinin olmadığı 2009-cu ilin fəza çəkilişində öz əksini tapmışdır" - deyə icra hakimiyyətinin məktubunda bildirilib. 
Ə.Nəbiyev bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətindən həmin ərazi ilə bağlı 3D formatlı oyunlar platformalı, internet istifadəçiləri üçün nəzərdə tutulan "Google Earth" kompüter əlavəsindən ərazinin yer səthinin fəza şəkillərini çıxararaq ona göndəriblər. "Hətta orta məktəbdə belə rəsmi tədris vasitəsi hesab edilməyən bu internet proqramının şəkillərini dövlət sənədi kimi təqdim edirlər! Görünür, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı bilmir ki, rəsmi fəza çəkilişlərinin arxivləşməsi, səth quruluşu çıxarışları, xəritələr, torpaq sahələri planının kadastr göstəriciləri, ərazinin və torpağın kadastr cizgiləri torpaq sahəsinin yerquruluşu planları, təsdiqedici şəkillər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yerləşir". 

Şikayətçi əlavə edir ki, bu məsələ ilə bağlı bir neçə KİV-ə göndərdiyi müraciətlərə əsasən məqalələr dərc olunsa da, hansısa gözəgörünməz qüvvənin təzyiqi ilə həmin məqalələr saytlardan çıxarıldı. Əvəzində Sabunçu Rayon İcra Hakimiyyətinin haqlı olduğu rəyini yaradan material yayımlandı. 
Ə.Nəbiyev bildirir ki, bu məsələdə şəxsi maraqlarına görə deyil, dövlətin və əhalinin mənafeyi uğrunda mübarizə aparır. "Həmin yoldan təkcə mən istifadə etmirəm. Söhbət təxminən 20 bağ evinin dənizə çıxış yolunun bağlanmasından gedir. Bir daha vurğulayıram ki, bu, dövlət yolu olduğuna görə, məsələnin həll edilməsində də daha çox dövlətin özü maraqlı olmalıdır". Ə.Nəbiyev əlavə etdi ki, hazırda bu iş Prezident Administrasiyasının nəzarətindədir və yaxın gələcəkdə həll olunacağına ümid edir. 

Sabunçu rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı rəsmi mövqe öyrənməyə cəhd etdik. 428-84-84 nömrəsinə cavab verən və özünü təqdim etməyən şəxs kobudluqla, ancaq dövlət qəzetlərini tanıdıqlarını dedi: "Belə bir qəzet tanımıram, ancaq dövlət qəzetlərini alırıq. İndi qəzet var? Hamısı savadsız şeylərdir. Sözünüz var, gəlin icra hakimiyyətinə soruşun".  Onu təhqirə yol verməməyə, dövlət məmuruna yaraşan şəkildə - mədəniyyətli danışmağa dəvət edərək, İcra hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyini istədikdə isə "mənlik deyil, rayon təsərrüfatı şöbəsinin müdiri İsa Həsənova zəng edin" deməklə kifayətləndi. Adıçəkilən şöbə müdiri isə telefonlarımıza cavab vermədi. 

Rəşad VAQİFOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]