Əsas Səhifə / Ölkə

Pulsuz bağçaya uşaq qəbulu neçəyədir?

29-01-2016, 21:05
Pulsuz bağçaya uşaq qəbulu neçəyədir?

Yəqin çoxları xatırlayır, Təhsil Nazirliyi uşaqların bağçaya, məktəbəqədər təhsil müəssisələrinə getməsini tövsiyə etmişdi.

 Hətta bağçaya getməyən uşaqların məktəbə qəbulunda problemlər yaranacağı deyilirdi. Lakin bundan sonra uşaq bağçalarına kütləvi axın başladı və beləliklə də bəlli oldu ki, bağçaların sayı yetərli deyil. Bağçaların özəlləşdirilməsi, binaların satılması nəticəsində azyaşlılar bu təhsil müəssisəsindən kənar düşmüşdü. Sonradan açılan bağçalar da tələbatın heç 50-60 faizini ödəmədi. 2012-ci ildə isə bağçalar Təhsil Nazirliyinin tabeliyindən alınaraq icra hakimiyyətlərinin balansına verildi. Bəs bundan sonra, yəni idarəetmənin dəyişdiyi illər ərzində valideynlərin bağça dərdinə əlac tapılıbmı?

Virtualaz.org saytına edilən müraciətlər idarəetmənin dəyişməsi ilə problemin çözülmədiyini, əksinə, daha da dərinləşdiyini söyləməyə əsas verir. Məsələn, Əmircan qəsəbəsi. Balandin küçəsi, ev 1a, mənzil 6-da yaşayan Aytən Cəfərova övladlarını bağçaya qoya bilmir. Şikayətçi deyir ki, tək qadın kimi işləyib, uşaqlarını dolandırmağa məcburdur. Lakin ətrafdakı bağçaların heç birində yer yoxdur.

Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadiq küçəsi, dalan 2, ev 6-da yaşayan 2-ci qrup Qarabag müharibəsi əlili Əhməd Rəhmanov da eyni məsələdən şikayətçidir. Ə.Rəhmanov deyir ki, övladlarını bağçaya qoymaqda çətinlik çəkir.

Digər valideynlər də bağçaların yerləşdiyi ərazidən, binanın təmirli olub-olmamasından, uşaqlara göstərilən xidmətdən asılı olaraq qiymətlərin dəyişdiyini bildirirlər. Məsələn, şəhərin mərkəzində, metronun "İçərişəhər”, "Sahil”, "28 may”, "Gənclik”, "Elmlər Akademiyası”, "Nizami” stansiyalarının yaxınlığındakı bağçalara "uşaq qəbulu” 500 manatdır. Yasamal və ya Moontində məbləğ bir qədər azalır. Metronun "Əhmədli” və ya "Həzi Aslanov” stansiyalarında "uşaq qəbulu” 200 manata başa gəlir.

Virtualaz.org-un əməkdaşları valideyn kimi bir neçə bağçaya baş çəkərək vəziyyəti öyrənməyə çalışıblar. Şəhərin müxtəlif ərazilərində yerləşən bağçalardan eyni cavabı veriblər: "yer yoxdur”.

Məsələn, Bakı şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin 29 saylı uşaq bağçasında da "yer yoxdur” bəhanəsi işləyir. Amma bağçaya ödəniş edilərsə, yer tapmaq olar. Hər bir halda binaya qədəm qoyarkən qarşımıza çıxan əməkdaşlardan birinin cavabı belə oldu.

Onunla söhbətimizdən bəlli oldu ki, paytaxtdakı dövlət uşaq bağçalarında 300-500 manat manat məsələsi yalan deyilmiş.

"Məsələn, Bakıxanov qəsəbəsindəki hansısa bağçaya uşaq qoyanda 300 manatdan çox ödəmirsən. Amma burada, yəni mərkəzdə qiymət 500 manatdır. Bundan əlavə, hər ay da uşağa baxılmağına görə 100-200 manat arası pul ödəmək lazımdır”,- deyə adını açıqlamaq istəməyən bağça əməkdaşı söyləyir.

Xanım əməkdaş ayrıca bizə hörmət edəcəklərini də əlavə edir. Yəni biz 300 manat ödəməklə güzəştdən yararlana bilərik. Amma aylıq 100 manat ödəmək şərtinə əməl etməliymişik.

Bağçada uşaqlara göstərilən xidmətin 100 manata dəyib-dəymədiyini xatırlatmağa ehtiyac görmürük. Xidmətləri sadalamaqla qərar verməyi valideynlərin öhdəsinə buraxırıq: "Uşaqlar nə qədər istəsə yemək yeyirlər, ac qalmırlar. Vermişel, makaron, ət sousu, dovğa və s. bu kimi yeməklər veririk, hamısı da burada bişir. Şirə, kompot kimi içkilər də olur”.

Onu da qeyd edək ki, digər bağçalarda da vəziyyət eynidir. Əksini iddia edənlərə bir neçə uşaq bağçasına baş çəkməyi məsləhət görürük.

Amma onu da qeyd etməliyik ki, uşaq bağçaları arasında təsərrüfat hesabı ilə fəaliyyət göstərənlər də var. Bu bağçalar ödənişlərin müqabilində çek verməyə borcludurlar. Valideyn isə çeki əldə etməklə bu müəssisənin dövlətə vergi ödədiyini, öz hesabına maliyyələşdiyini bilmiş olur.

Problem bəllidir. Bəs mütəxəssislər nə məsləhət görürlər?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org-a açıqlamasında bildirib ki, yer olduğu halda valideynlərdən qanunsuz pul tələb etmə halları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək vacibdir. "Əgər bağçada həqiqətən yer yoxdursa, onda heç bir vəsaitlə ora uşaq götürməyəcəklər. Amma "yer yoxdur” bəhanəsi ilə pul tələb edilirsə, bu barədə icra orqanları məlumatlandırılmalıdır”, - deyə hüquq müdafiəçisi əlavə edir.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək də problemin həllinə köməklik istənilə bilər. Həmçinin qanunsuz pul tələb etmə faktları haqqında bilgi vermək olar.

K.Ağazadə vurğulayır ki, dövlət uşaq bağçaları üçün valideynlərdən ödəniş tələb olunmamalıdır, çünki qanunvericiliyə görə, bu müəssisələr pulsuz xidmət göstərir: "Bəzilərində aylıq xərclərin qarşılanması üçün maksimum 15-20 manat ödəniş ola bilər. Bundan başqa, elə bağçalar var ki, meriyanın nəzdnində olsa da təsərrüfat hesablı olduğu üçün dövlət tərəfindən qismən maliyyələşir. Bu zaman müəyyən ödəniş ola bilər. Amma bu zaman valideyn-bağça arasında müqavilə bağlanmalı, həmin məbləğ bağçanın hesabına köçürülməlidir. Valideynlər hər hansı bir ödəniş üçün qəbz tələb edə bilərlər”.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun ötən ilin açıqladığı statistik məlumata görə, hazırda ölkədə 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Məktəbəqədər təhsil müəssisələrinin nümunəvi əsasnaməsi” və "Məktəbəqədər təhsil müəssisələrində sıxlıq normaları”nda bağçalardakı mövcud qrupların komplektləşdirmə şərtləri göstərilib.

Bir neçə il öncə Bakı Şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, hazırda dövlət büdcəsində 1 uşağın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nəzərdə tutulub. Nazirlər Kabinetinin standartlarına əsasən isə, həmin məbləğ 3 manatdan yuxarı olmalıdır.

Bağçaların sayına gəlincə, qeyd olunub ki, yaxın illərdə paytaxtda bağça çatışmazlığı problemi aradan qaldırılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]