İdman
Qurban Qurbanov püşkatmanın nəticəsini qiymətləndirdi
3-12-2018, 10:06
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Avro-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsini şərh edib.
Oxu.Az-ın xəbərinə görə, baş məşqçi bildirib ki, Azərbaycan yığması maraqlı qrupa düşüb.
“Komandalar bir-birləri ilə tanışdırlar. Bu komandaların hər biri ilə mübarizə aparmaq olar. Mart ayına qədər yığmanın heyətini müəyyən etməliyik və rəqiblərimizi daha yaxşı öyrənməliyik”, - baş məşqçi deyib.
Q.Qurbanovun sözlərinə görə, elə komandalar var ki, Azərbaycan futbolçuları onlara qarşı daha yaxşı oynayır:
“Bu, xüsusən, bizim xal almağı bacardığımız komandalardır. Lakin illər keçir, nəsillər dəyişir. Buna görə biz rəqiblərimizin gücünü hazırkı vəziyyətə uyğun qiymətləndirməliyik”.
Baş məşqçi qeyd edib ki, bu, Azərbaycan millisi üçün böyük təcrübə olacaq.
“Çalışacağıq ki, daha yaxşı oynayaq. Çox əla olardı ki, Azərbaycan millisi Avro-2020-yə vəsiqə qazansın və evdə oynasın”, - o deyib.
Qeyd edək ki, Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsində E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandalarına qarşı mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.
Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.