İqtisadiyyat

Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb

25-11-2018, 11:06

Bu ilin yanvar-sentyabr aylarında Türkmənistana məxsus 4 mln. ton neft, 190 min ton isə qeyri-neft məhsulu Azərbaycan ərazisi ilə daşınıb.

Xeberman.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə keçirilən mətbuat konfransında bildirib.
“Türkmənistan neftinin daşınması imkanları genişdir. Odur ki, nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir”, – deyə nazir qeyd edib.

Ş.Mustafayev vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana noyabrın 21-də rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub: “Belə ki, səfər çərçivəsində nəqliyyat-tranzit sahəsində 9 sənəd imzalanıb. Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb. Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”ə əsasən dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tərəflərin tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək.
Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir. Qeyd edək ki, 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial vardır. Ümumiyyətlə, Prezident İlham Əliyevin Türkmənistana səfər zamanı hər iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıblar”.

Nazir bildirib ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir: “Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir. Azərbaycan ərazisindən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri keçir – Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb. Azərbaycandakı siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşıma müddətinin az olması bu dəhlizlərinin əsas üstünlükləridir. Bu dəhlizlərin inkişafı istiqamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin mayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması həyata keçirilir, Yalamadan-Astarayadək dəmir yolu yenidən qurulur, Astara çay üzərində körpü tikilib, digər terminal kompleksləri yaradılır. Xəzər dənizində 270 gəmidən ibarət ən böyük donanma Azərbaycana məxsusdur, ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir. 2019-cu ildə gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara veriləcək, daha 4 gəminin tikintisi üçün sifariş veriləcək. 2020-ci ildə Şimal sərhəddindən Cənub sərhəddinədək, 2021-ci ildə isə Bakıdan Batumiyədək müasir avtomobil yolları istifadəyə veriləcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir”.

“Azərbaycan dəhlizlərinin təşviqi istiqamətində də işlər aparılır. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda keçiriləcək”,-deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədi ilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib.

“Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin “Kəmər və Yol” təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Kəmər və Yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.

Aparılmış uğurlu siyasət nəticəsində Azərbaycanda keçən tranzit yüklərin həcmi artmaqdadır. Tranzit yüklərin həcmi ümumilikdə 10,4 mln. ton, o cümlədən 8,4 mln. ton neft və neft məhsulları, 2 mln. ton qeyri-neft məhsulları təşkil edir. Qeyri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16%, 2018-ci ilin 9 ayında 23%, Şimal–Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə tranzit daşımaların artırılması üçün böyük imkan var və ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensilaının genişləndirilməsi üçün işlər aparılır”,-deyə nazir bildirib.
Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]