Əsas Səhifə / Xəbərlər
Pensiyaçı və əlillərin icbari tibbi sığortasını dövlət ödəyəcək
14-06-2018, 19:20
Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın.
Bunu baş nazirin müavini Əli Əhmədov bildirib.
O deyib ki, Nazirlər Kabinetində bununla bağlı toplantı keçirilib, müvafiq qurumlar dəvət olunub:
“Ciddi araşdırmalar aparılıb. İşçi Qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin.
Bu, bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər”.
Baş nazirin müavini güman edir ki, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək.
Ə.Əhmədov deyib ki, Yevlax, Mingəçevir və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi uğurlu nəticə verib.
Onun sözlərinə görə, payız aylarında Milli Məclisə (MM) icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələri, eyni zamanda, qanunlara yeni dəyişikliklər təqdim ediləcək:
“Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq”.
İcbari tibbi sığorta haqqına gəlincə, baş nazirin müavini bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər:
“Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olunacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək”. //Oxu.az