Əsas Səhifə / Gündəm

Bir çox şirkətlər satışı dayandırmağa başlayıblar

24-01-2016, 09:38
İndi Azərbaycanda bəzi şirkətlər xaricdən idxal etdikləri istehlak mallarını satışa göndərməyə tələsmirlər. 

ANS PRESS-in araşdırması nəticəsində məlum olub ki, şirkət sahibləri indi inflyasiyanın cilovlandırılması üçün hökumət tərəfindən həyata keçirilən kampaniyanın sovuşmasını gözləyirlər:

"Bu şirkətlər gərgin qrafiklə işləyirlər. Şəbəkəyə payladıqları malın satılanının pulunu hər axşam yığırlar və dərhal dollara çevirirlər. Mağazalara isə mal buraxmırlar, gözləyirlər ki, qiymətlərə nəzarət kampaniyası ötüb keçsin”, - deyə şirkətlərdən birinin nümayəndəsi bildirdi.

Ticarət sektorunda aparılan araşdırmalardan məlum olur ki, anbarlarda əsasən ərzaq mallarını saxlayırlar. Bunların sırasında kolbasa-konserv məhsulları, bağlamalarda satılan şirniyyat və s. var. Bəzi gigiyenik təmizləmə vasitələri də anbarlarda gözlədilir. 

Şirkət rəhbərlərinin məntiqi aydındır - xaricdən dollarla gətirdikləri malları 50 faiz devalvasiyaya uğramış manata satıb ziyan eləmək istəmirlər və hökumətin qərarı dəyişərək qiymətlərin başını buraxmasını gözləyirlər. Bu siyasəti bəzi istehsalçı şirkətlər də yürüdür. Məsələn, Hindistan əti ilə kolbasa və konserv istehsal edən, xaricdən alınmış quru südlə süd məhsulları düzəldən şirkətlər ticarət şəbəkəsinə məhsul buraxmağa tələsmirlər.

Bu arada bəzi məhsulların yararlılıq müddəti bitməyə doğru gedir. Düzdür, şirkətlərin bu məsələyə də əncamı var. Bəzi şirkətlərdə xüsusi aparatlar var və məhsulun yararlılıq tarixini dəyişə bilirlər. Amma bunun da elə uğuru olmur, əhali artıq xeyli maariflənib və saxtalaşdırılmış yararlılıq tarixini seçənlar artıq çoxdur. Həm də əhali yeni mal adına satılmış yararsız məhsulu bir daha almaqdan imtina edə bilər ki, bu da bəzi brendlərin on illərlə bazarda qazandığı nüfuzu sıfıra endirə bilər. Yəni məsələnin hər iki tərəfi ziyanlıdır. 

"AzMarketinq” konsaltinq-marketinq şirkətinin marketinq üzrə direktoru Eyyub Qarabağlı ANS PRESS-ə müsahibəsində şirkətlərin bu cür çaşqınlıq içində bahalaşmanı gözləməsinin böyük zərərlə başa çatacağını bildirib: "Dövlət istənilən halda prosesə tam nəzarət etmək iqtidarındadır. Bunun üçün kifayət qədər rıçaqlara malikdir. Bir də şirkətlər manatla zərər etmirlər ki… Əksəriyyəti devalvasiyadan əvvəl gətirdikləri malı anbarlarda gözlədirlər”. 

Eyyub Qarabağlı istehsalçı şirkətləri və iri supermarket şəbəkələrini pərakəndə satışı təcili olaraq yerli istehsala yönəltməyə çağırıb: "Dövlət inflyasiyanı cilovlamaq siyasətindən əl çəkməyəcək. Burada məqsəd yerli istehsala təkan vermək, valyutaya ehtiyac yaradan idxalı isə azaltmaqdır. Buna görə də supermarket şəbəkələri ölkə daxilində istehsalçılarla, fermerlərlə sazişlər bağlayıb, yerli mal satmalıdırlar”. 

Marketinq üzrə mütəxəssisin bu təklifi əslində inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş uğurlu təcrübəyə əsaslanır. Qərbdə iri supermarket şəbəklərinin alıcılarına uyğun olaraq öz standartları var və yerli fermer təsərrüfatları məhz bu standartlara uyğun məhsullar istehsal edir. Firmalar birbaşa fermer təsərrüfatları ilə saziş bağlayaraq alıcını planlı şəkildə ərzaqla təmin edirlər. Bu isə yerli aqrar sektora böyük dəstək verir. Avropa Birliyində, Yaponiyada və hətta Türkiyədə şirkətlərin xaricdən qida məhsulları idxalına icazə verilmir. Bu, yerli istehsalı dəstəkləməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə də imkan verir.
Azərbaycanda isə bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır. Yerli istehsalçılar müəyyən ərzaq məhsullarının idxalını ildən ilə artırmağa məcbur olurlar. Məsələn, 1998-ci ildə Azərbaycana ildə 388 min ton buğda gətirildiyi halda, 2003-cü ildə bu, 807 min tona, 2007-ci ildə isə 1 milyon 400 min tona qaldırılıb. 2013-cü ildə bu göstərici 1 milyon 450 min tona, 2014-cü ildə isə 1 milyon 200 min tona bərabər olub. 

Qiymətlərə nəzarət nəticəsində yaradılacaq aşağı qiymətlər rejimi xaricdən baha qiymətə gətirilən malların idxalını rentabelsiz edəcək. Bu, Azərbaycan emalçılarının yerli xammalla işləməsini stimullaşdıra bilər. Həmçinin yerli fermərlər də çağdaş emal sənayesinin tələblərinə uyğun kənd təsərrüfatı məhsulları istehsalını mənimsəməyə bilərlər. Aşağı qiymətlər rejimi daha sonra Azərbaycandan kənara ərzaq ixracına da yol aça bilər.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]