Xəbərlər / Gündəm
Əhəd Abıyev: “Mən Həciyəm, amma arada badə də qaldırıb sağlıq deyirəm”
8-04-2018, 20:25
“Spirtli içki, ümumiyyətlə, içmirəm. Amma doğrudur, içki məclislərində iştirak edirəm, içki stolunda da əyləşirəm. Yoldaşlar içir, sağlıqlar deyirlər. Mən özüm isə, düzdür, içmirəm, amma badəni qaldırıram. Deyilən sağlıqlara şərik oluram. Badəni qaldırmaq o demək deyil ki, içki içirsən. Bu, bir mikrofondur, qaldırırıb sağlığını və sözünü deyirsən. İçki içmək isə məcburi deyil. Mən ibadətimi qəlbən, daxilən edirəm. Reklam üçün etmirəm. Bu ibadətimi mən öz daxil aləmimdə edirəm. Allahla öz aramızda. Reklam və şou yaratmaq naminə ibadət etmirəm”.
Bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Ə.Abıyev bildirib ki, Həcc ziyarətində olub. Amma kiminsə ona “Həci” deyə, müraciət etməsini xoşlamır: “Mənə “Əhəd müəllim” və yaxud da ki, “yoldaş başçı” deyə, müraciət etsə, kifayətdir. “Həci” sözü mənim xoşuma gəlmir. Həcc ziyarətinin öz tarixi keçmişi vardır. Nə vaxtdan yarandığı haqda da məlumatlar. Bu, təkcə, azərbaycanlılar üçün nəzərdə tutulmayıb. Həcc ziyarəti dünya müsəlmanları üçün bağlıdır. Kimin ki, ürəyində niyyəti, arzusu var, gedir ziyarət edir. Heç kim Həcc ziyarətinə məcbur da göndərilmir. Heç buna görə, kiməsə təkid də eləmirlər. Hərə öz arzu-istəyi ilə ora yollanır. O cümlədən də, ziyarətə getməklə bağlı heç bir qəbahət də görmürəm. Kəbə Allahın evi sayılır da, ən müqəddəs yerdir. Kəbədə olmaqla, o daşı öpməklə keçmişi xatırlayıb dədə-baba adət-ənənəmizi yaşatmaqda mən bir qəbahətli bir iş görmürəm. Mən özüm də həcc ziyarətində olmuşam. Özüm də hacıyam”.
Ə.Abıyev Həcc ziyarətinə gedib gəldikdən sonra özündə baş verən müsbət dəyişikliklərdən də danışıb: “Həccə gedib gəlmək həkim müalicəsi deyil ki, orda sağalasan gələsən. Sadəcə olaraq, Allahın xofu gəldikdən sonra daha da artır. Mən deyərdim ki, bunun çox böyük təsiri də var. Həccə gedib gələndən sonra görürsən ki, müəyyən adamlar əvvəli içki içən olsa da, daha içmir. Həcc ziyarəti adama həyatı başa salır. Eyni zamanda, qəlbində sevgi, məhəbbət, istək artır. Necə ki, müqəddəs torpağı ziyarət edib gəlkirsən, bu proses artıq səndə yüngüllük əmələ gətirir. Çünki, düşünürsən ki, mən o torpaqda oldum və özünü yüngül hiss edirsən. Bu, mənəvi borcdur. İstər icra başçısı ol, istər, nazir ol, istərsə də adı sıravi vətəndaş ol, yenə də, bu mənəvi borcu qaytarmalısan”.
İcra başçısı təkrar-təkrar Həcc ziyarətinə gedən zəvvarlara da səslənib. O, dəfələrlər Kəbə evini ziyarət etmək əvəzində daha xeyirli işlər görməyi məsləhət edib: “Mən təkrar-təkrar Həccə gedənlərin əleyhinəyəm. 15 dəfə həccə getməyin nə mənası var? Bunun əvəzində valideynlərinin, qohum-qonşularının müəyyən ehtiyyaclarını ödəsə, yaşadığı ərazidə kasıb-kusublara əl tutsa, daha yaxşı olar. Bir dəfə ziyarət etdinsə, kifayət edir”.
Ə.Abıyev özünün təkrar həcc ziyarətinə getməsi ilə bağlı sualımıza cavab olaraq bildirib ki, əgər, elə bir maddi imkanı olsa, Həcc ziyarətinə getməz. O, öz hesabına kimisə Həcc ziyarətinə göndərməyi də məqsədəuyğun hesab etməyib: “Əgər, mənim böyük bir imkanım olsa, təkrar Həccə getmərəm. Onun əvəzində həmin vəsaiti körpələr evinə sərf edərəm. Və yaxud da, xəstə adamlara, imkansız ailələrə xərcləyərəm. Yəni, rəva bilmərəm ki, heç kimisə də Həccə göndərim ki, bu qədər yolu qət edib getsin. Çünki, müsəlmanlar dövlətlərində tez-tez terror aktları törədilir. Kimisə göndərəndə, qorxu içində yaşayaram ki, filankəsi göndərdim həccə, amma başına birdən nəsə hadisə gələ bilər. Buna görə də, hesab edirəm ki, həmin vəsaitə elə ölkədə xeyirxah bir əməllər həyata keçirməklə, əməli saleh bir işlə məşğul olsalar daha yaxşı olar”.
“Bəziləri “həci-məci”ni, “məşədi” və “kərbəlayi”ni özlərinə status və şərəf bilirlər. Gərək, əməlində şərəfli olasan. Hərəkətinlə, danışığınla, sözlərinlə bunu ifadəe tməyi bacarasan, gərək. Yəni, söz ilə əməl üst-üstə düşməlidir. Əgər, gündüz xeyirxahlıq edib axşamlar başqa işlərlə məşğul olacaqsansa, bu, yolverilməzdir. Yoxsa, dələduz olmaq və şorgöz olmaq yolverilməzdir” – deyə, icra başçısı Əhəd Abıyev qeyd edib. İnterpress.az