Əsas Səhifə / Avto

Yol polisinin mentalitet qovğası: “Çəkmə, yazma” deyənlərə XATIRLATMA

8-04-2018, 16:44
Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı silsilə şəkildə videogörüntülərin yayılması rəsmi qurumların ciddi etirazına səbəb olub. Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov yol polisini videoya çəkən sürücüləri qınayaraq bu addımı mentalitetə zidd hesab edib. Həmçinin bildirib ki, bu cür videoların çəkilməsi ilə bağlı qanunvericilikdə boşluq var: “Mentalitetlə götürəndə belə videoları çəkən şəxslərin bu addımı qınağa səbəb ola bilər. Bu cür hərəkət mentalitetimizə zidddir. Qanunvericilik bu hərəkəti qadağan etmir. Amma sürücülər elə bilir kamera ilə çəkməklə inspektorda qorxu hissi yaradacaqlar”

Qeyd edək ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olur. Sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınır. Əslində bu yol patrul xidməti haqqında təlimatda da öz əksini tapır. Yəni vətəndaş o çəkilişi aparmasa belə, yol patrul xidməti avtomobilində bu çəkiliş aparılır. Məhkəmə və digər orqanların araşdırılması lazım gəldikdə isə həmin görüntülərdən istifadə edilir.

Vaqif Əsədovun sözügedən məsələ ilə bağlı dediyi fikirlər ciddi müzakirə yaradıb. Ekspertlər bu fikirlərin ortaya atılması səbəbinin əslində başqa məqamlardan xəbər verdiyini düşünürlər. Onların fikrincə, rəsmi qurumlar əslində qanunvericilikdə sözügedən məsələ ilə bağlı dəyişikliklərin və ya hansısa çıxarışların vacib olduğuna işarə edirlər. Məhz Vaqif Əsədovun qanunvericilikdə boşluğun olduğunu deməsi də buna hesablanıb.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında xidmət fəaliyyəti zamanı yol polisinin videogörüntüsünü lentə almaq barədə qanunvericilikdə hər hansı boşluğun olmadığını deyib. Onun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşını şəxsi işində deyil, xidmət vaxtı çəkmək qadağan deyil:

“Yəni heç bir problem yoxdu. Azərbaycan Konstitusiyasının 32-ci maddəsi insanın özünün icazəsi olmadan onun videosunun, şəkilinin çəkilməsini və səsinin yazılmasını qadağan edir. Amma polisin xidmət vaxtı çəkilməsi heç bir halda şəxsi həyat deyil. Bu artıq ictimai fəaliyyətdir. Burada şəxsi həyatdan söhbət gedə bilməz. Həmin proses heç bir qadağasız və məhdudiyyətsiz qeydə alına bilər.

Çəkiliş də yol polisinin gözünün qarşısında baş verir, gizli olmur. Əslində yol polisi əməkdaşının fəaliyyətinin qeydə alınması onun özünə, Dövlət yol polisinə lazımdır. Əsas da yolda və postda buna heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, şərt belədir ki, sürücü çəkmək istəyirsə, DYP əməkdaşının onun barəsindəki qanuni tələblərinə riayət etməklə çəkə bilər. Tutaq ki, DYP əməkdaşı kimisə saxlayır və sürücü ona deyir ki, sənə sənəd-filan vermirəm, səni çəkib sonra sənədlərimi təqdim edəcəm. Əvvəlcə sənədini təqdim et, sonra çək, problem yoxdur. Bu dediklərim qanunvericilikdə əks olunmayıb. Sadəcə, buna qadağa yoxdur.

Qadağa yoxdursa, deməli, olar. Düzdür, elə hallar olur ki, yol polisi əməkdaşları tərəfindən görüntülərin lentə alınmasına imkan verilmir. Onlar buna mane olmaq istəyirlər, hətta qorxudurlar ki, buna görə sizi cəzalandırarıq. Amma qanunsuzdur. Dövlət Yol Polisi əməkdaşının xidmət vaxtı videosunu, fotosunu çəkmək, hətta səsini yazmaq olar. Sadəcə olaraq, qanuni göstərişlərə tabe olmaq şərtilə buna əməl etmək lazımdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]