Reportaj

Başçını Eldar Mahmudovun qızını məhkəməyə verən şirkətlə nə bağlayır? - Dosye...

28-03-2018, 01:50
MTN naziri olmuş Eldar Mahmudovun qızı Nərgiz Mahmudovanı məhkəməyə verən “Eyfel” MMC haqda yeni məlumatlar əldə etmişik

Hələ ötən il Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan vətəndaşlar müraciət yayıblar.

Vətəndaşların müraciətinə səbəb isə ərazidə tikinti aparacaq “Fədək” MMC adlı şirkətin rəhbərliyi barəsində olan faktlardır.

Belə ki, tikintini aparan Yavər Qurbanov adlı iş adamının köhnə dələduzluq əməllərinin üzə çıxması sakinlərin haqlı narahatlığına səbəb olub.

Sakinlər bildirir ki, Yavər Qurbanov bir müddət əvvəl dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmə hökmü də var. İndi belə bir şəxsin gəlib insanları köçürməsi və onlara mənzillər vəd etməsinə inan yoxdur.

Maraqlıdır ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov üzərində dələduzluq maddəsi olan birinə niyə bu prosesi həvalə edib.

Çünki Y.Qurbanov “Eyfel” MMC-nin rəhbəri olub və şirkət N.Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib.

İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin.

“Eyfel” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti şirkətinin apellyasiya şikayətinə baxılacaq.

“Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbli Akif Mustafayevlə birgə təsis edib.

FİA.Az xəbər verir ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb.

O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.

Yavər Qurbanovun direktoru olduğu həmin “Eyfel” MMC Bakı metrosunun “Nizami” stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib.

Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin sabiq MTN şefi Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

Göründüyü kimi, hazırda Azadlıq prospekti 80 ünvanındakı binanı yaşayış ola-ola sökən şirkətin təsisçisinin imici sakinlərin ona etibar etməməkdə heç də haqsız olmadığını göstərir.

Amma Nəsimi icra başçısı belə bir şəxsin tikinti işlərinə şərait yaradıb. Görünür ki, Asif Əsgərovla Y.Qurbanovun münasibətləri o dövrdən olub.

Əks təqdirdə axtarışda olan Akula Akiflə işbirliyində olmuş Y.Qurbanova təzədən tikinti işlərini aparmağa imkan yaradılmazdı.

Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.

Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub.

Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir.

Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir.

Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub.

Adı çəkilən bütün tərəfləri dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]