Ölkə

Deputat Nəsib Məhəməliyevlə icra başçısı Asif Əsgərovun “obyekt” davası

18-07-2017, 09:49
Məlumdur ki, icra başçıları təyin olunduqları rayonun qeyd-şərtsiz “xozeyn”ninə çevrilir.

2006-2015-ci illərdə, yəni 10 ildən artıq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Nəsib Məhəməliyev də belə “xozeyn”lərdən biridir.

Ölkə mətbuatında Nəsib Məhəməliyevin təkcə Nəsimi rayonu ərazisindəki obyektlərinin siyahısı dəfələrlə dərc olunub.

Bu siyahıya qızıl dükanları, mağazalar, kafelər və digər obyektlər daxildir.

Ən dəhşətlisi odur ki, bu obyektlərin çoxu yaşıllıqların qırılması hesabına inşa edilib.

Düşünmək olardı ki, Məhəməliyevin bu obyektlərlə bağlı problemi yoxdur.

365info.az-a daxil olan məlumata görə, son 5-6 aydır Məhəməliyev həmin obyektlərlə bağlı ciddi problemlə üzləşib.

Məlumat üçün bildirək ki, Nəsib Məhəməliyev Nəsimi rayon icra başçısı vəzifəsindən azad edildikdən sonra Balakəndən deputat seçilib. Və Nəsimi rayonunda Məhəməliyevi Asif Əsgərov əvəz edir.

Hazırda Nəsimi rayon icra hakimiyyətinin başçısı olan Asif Əsgərov dəfələrlə deputat Məhəməliyevə xəbər göndərib ki, “obyekt”ləri bölüşdürməyin vaxtı çatıb. Amma Nəsib Məhəməliyev öz deputat statusundan istifadə edərək icra başçısının təklifini qulaqardına vurur. Daha dəqiq desək öz “obyekt”lərini indiki icra başçısı ilə bölüşmək istəmir.

İndiki icra başçısı Asif Əsgərov isə öz inadından əl çəkmək fikrində deyil. Çünki Asif Əsgərovu yaxından tanıyanlar gözəl bilir ki, o, öz marağından zərrə qədər güzəştə gedən deyil. Və istədiyinə gec-tez nail olur.

Yeri gəlmişkən, icra başçısı Asif Əsgərovla bağlı bəzi fikirlərimizi də qeyd etmək istəyirik.

Hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan cənab Asif Əsgərovun həyat yolu sözün əsl mənasında bir roman, kino mövzusudur.

Bu şəxs ixtisasca idmançı-cüdoçudur. Bir müddət cangüdən vəzifəsində çalışıb. Sonra idman klublarına rəhbərlik edib, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub və s.

Və günün birində idmaçı-cüdoçu-cangüdən Asif Əsgərov “partiya işinə” irəli çəkilib. Sonda Səbail RİH-nin başçısı olub. Bu gün də Nəsimi RİH-nin başçısı kimi öz vəzifəsini davam etdirir.

Bütün bunlar azmış kimi Asif Əsgərov tərcümeyi-halında qeyd olunan kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olur, elmi əsərlər, məqalələr yazır, hətta müdafiə edərək alimlik dərəcəsi alıb.

Görəsən, bu boyda işləri görməyə Asif Əsgərov necə vaxt tapır..?

Amma Asif Əsgərovun əsas işi qarşıdadır: Nəsib Məhəməliyevin Nəsimidəki tifağını dağıtmaq.

Bu barədə yaxın günlərdə Nəsimi rayonu ərazisindən reportajımızla tanış olacaqsınız.

Anar Asimoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]