Media

ANS-in binasından heç nə aparılmayıb – RealTV yeni texnika ilə işləyəcək?

11-03-2018, 12:59
ANS-in binasından heç nə aparılmayıb – RealTV yeni texnika ilə işləyəcək?
Ötən gün “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verildi. “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real” TV) baş direktoru Mirşahin Ağayevdir. Yəni, 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS televiziyasının həmtəsisçilərindən olan Mirşahin Ağayev əvvəlki həmkarlarını bir yerə toplayıb. Yeni kanal üçün yeni tərkib formalaşdırmaqdadır.

Zoologiya İnsitutununun binasında yerləşən keçmiş ANS televiziyasının kadrları isə hələ iki il əvvəl hüquq-mühafizə orqanları tərəfindən möhürlənmişdi.

Hafta.az-ın obyektivini bu dəfə Zoologiya İnsitutunun ayaq üstə zorla dayanan binasından – daha doğrusu, keçmiş ANS televiziyasının binasından saldıq. “Real” TV-nin arxivinin formalaşdırılması üçün keçmiş televiziyanın arxivindən istifadə edilməsi üçün möhürlərin siminin qırılıb-qırılmadığını araşdırmaq qərarına gəldik.

İnsitutun içərisinə daxil olarkən üzümüzə “ANS-in geniş həyəti açıldı. Keçmiş televiziyanın pas atmış peyk ötürücüləri, iri antennaları qərib bir görkəmdə gəlib-gedənlərə “baxırdı”. İçəridəki rəngli divarları adlayıb pilləkanlarla yuxarı qalxırıq. Biri polis, digəri mülki geyimdə olan mühafizəçi qaşıladı. Arxalarında gizlətdikləri qırmızı plakatda “ANS ÇM” – ANS ÇM radiosunun sloqanı yazılmışdı: “Döyüş alnızımıza yazılıb!”.

Şəkil çəkmək istəyəndə mühafizəçilər buna icazə verilmədiyini bildirdilər. Onlar 24 saat ərzində buraya gecə-gündüz növbə çəkdiklərini vurğuladılar.

Bir neçə gün öncə keçmiş “ansçilərin” Real TV-nin arvini zənginləşdirmək üçün buradakı videoarxiv materiallarını yeni ofisə daşımaları ilə bağlı xəbərlər ölkə mediasının əsas müzakirə mövzularından idi. Binanın təhlükəsizliyinə nəzarət edən şəxs bildirdi ki, keçmiş ANS televiziyasının nə rəhbərliyindən, nə də işçilərindən kimsə buraya gəlməyib. Binadan heç bir material aparmayıblar. Onların sözlərinə görə, bütün qapılar möhürlənib. Möhrlərin açılması üçün aidiyyatı qurumların icazəsi lazımdır, amma hələlik belə bir izn haqqında onlara məlumat verilməyib.

Binada səliqəlilik hökm sürürdü. Liftlərin də işlədiyini gördük. Keçmiş televiziyanın yerləşdiyi məkan Zoologiya İnsitutunun nəzdində olan binada yerləşsə də insititut əməkdaşlarından kimsə gözə dəymədi.

Zoologiya İnsitutundan isə bildirilib ki, onlar ANS-in əmlakının ödənişsiz gözətçisinə çevriliblər. Yəni, avadanlıqların başına hər hansı iş gəlməməsi üçün keçmiş televiziyanın yerləşdiyi təxminən 1000 kvadrat metrlik ərazi mütəmadi olaraq mühafizə olunur. Adıçəkilən qurumdan həmçinin bildirilib ki, Keçmiş ANS televiziyasının rəhbərliyi istəsə də oradan hər hansı bir avadanlığı çıxara bilməz. Çünki ərazi insitutun balansındadır. Bundan başqa qapılar aidiyyatı qurumlar tərəfindən möhürlənib.

Həmçinin qeyd olunub ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Real TV-nin rəhbəri Mirşahin Ağayev də öz növbəsində keçmiş ANS TV-nin binasından heç bir avadanlıq götürülmədiyini bildirib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]