Siyasət

“Narıncı inqilab” və İsmayıllı işi: Əli İnsanovla İlqar Məmmədov azad ediləcəkmi?

10-03-2018, 12:23
Belə xəbərlər yayılır ki, apreldən sonra veriləcək amnistiya Əli İnsanov və İlqar Məmmədova şamil ediləcək.
Hər iki məhbusun azadlığa buraxılması barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı var.
Press-az.com xəbər verir ki, SİAM.Az yazır ki, sabiq səhiyyə naziri 2005-dən, REAL sədri 2013-dən həbsdədir. Ə.İnsanov da, İ.Məmmədov da əfv yazmaqdan imtina ediblər.
Keçmiş nazir öncə dövlət çevrilişində, sonra dövlət əmlakını mənimsəməkdə ittiham olunub, sonra həbxana nəzarətçisini döyməkdə təqirləndirilərək yeni cinayət işi açılıb, 7 il həbsi uzadılıb.
Əslində isə Ə.İnsanov siyasi motivlərlə həbs edilmişdi. Onunla eyni ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də həbs edilmişdi.
Hər iki nazir 2005-də ölkədə gözlənilən “narıncı inqilab”ın iqtidar daxilindəki baş ifaçılarından biri kimi təqdim olunub.
Məhkəmə getdiyi vaxtlarda Ə.İnsanov müxalifət liderlərindən üzr istəyib, hakimiyyətin ünvanına ən kəskin ifadələri səsləndirib.
İ.Məmmədov isə 2013-cü ildə İsmayıllıda xalq üsyanı başlayanda hadisə yerinə gedib. Onunla birlikdə müsavatçı Tofiq Yaqublu həbs edilmişdilər.
Hər iki siyasətçi İsmayıllı aksiyalarını qızışdırmaqda ittiham edilirdi. Artıq Ə.İnsanov 13, İ.Məmmədov 5 ildir məhkumluq həyatı yaşayır.
Avropa Məhkəməsinin çıxardığı qətnamələr Azərbaycan hökuməti tərəfindən icra olunmayıb. Lakin ötən ilin sonunda prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun verdiyi açıqlama bir mesaj oldu.
Onun sözlərinə görə, İ.Məmmədova azadlığa buraxıla bilər. Bu günlərdə YAP-çı deputat Siyavuş Novruzov da bildirdi ki, siyasi məhbuslar azad olunsun və parlamentə müraciət ünvanladı.
Gözlənilənlər budur ki, mayda REAL sədri azadlığa çıxacaq. Onunla bərabər xeyli sayda siyasi məhbus əfv oluna bilər.
Avropa Məhkəməsinin digər qərarı isə Ə.İnsanov barəsindədir və onun da AXC-nin 100 illiyi ilə əlaqədar mayda gözlənilən amnistiyaya düşəcəyi ehtimalı yüksəkdir.
Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı.
Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir.
Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
Press-az.com xəbər verir ki, SİAM.Az yazır ki, əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü.
Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq.
Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə düşə bilər.
Bu gün İ.Məmmədov və Ə.İnsanov hakimiyyət üçün ciddi problem olmasa da, başağrısıdır. Onların azadlığa çıxması iqtidara böyük divident qazandıracaq.
Çünki hakimiyyətə yönəlik tənqidlər dayanacaq, Qərbdən alqış dolu bəyanatlar gələcək, seçki ərəfəsində iqtidara xal qazandıracaq.
Digər tərəfdən isə hakimiyyət REAL-ın partiya olmasını istəmir. Yəni ölkənin keçmişi ilə deyil, gələcəyi ilə əlaqəsi olan müasir siyasi partiyanın yaranmasını arzulamır.
Bu, hakimiyyətin illərlə qurduğu siyasi sistemə uyğun deyil. Bu siyasi sistemə əsasən 1990-cı illərdə yaranan, bir qismi hakimiyyətdə olmuş siyasi partiyalar daxildir.
Hakimiyyət həmin qurumları tənqid edə, dəyişmədiklərini, müasir dövrə uyğun olmadıqlarını bəyan edə bilir. REAL isə yeni bir təşkilatdır və ona qarşı belə təbliğat aparmaq çətindir.
Hakimiyyət bunu görür və anlayır, indidən gələcəyin daxili siyasi çərçivəsini, konstruksiyasını qurur. REAL bu konstruksiyaya heç cür uyğun gəlmir.
Hakimiyyət Avropa Şurası ilə problemlərin yaşandığı bir dönəmdə İlqar Məmmədovun siyasi reytinq qazandığını görür, onun siyasi və alternativ opponent kimi güclənməsini istəmir.

Siam.az
Şamxal

Administratorla əlaqə

077 611-55-22

[email protected]