Əsas Səhifə / Gündəm

Rasim Əliyev işi: Səhiyyə Nazirliyi öz həkimlərini gülünc formada müdafiə edib

22-01-2016, 05:29
Rasim Əliyev işi: Səhiyyə Nazirliyi öz həkimlərini gülünc formada müdafiə edib

Mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktı üzrə qaldırılan cinayət işinin materiallarında daha bir ziddiyyətli məqam üzə çıxıb.


ANN.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Baş Prokurorluğa göndərdiyi məktubda həkimlərin səhlənkarlığı, eləcə də təcrübəsiz olması bariz şəkildə özünü göstərir. Həmin məktubu oxuculara təqdim edirik:

 
 

"Xəstə ilə qətiyyən maraqlanan olmayıb”

Adının açıqlanmasını istəməyən həkimlərimizdən biri Səhiyyə Nazirliyinin məktubu ilə yaxından tanış olub və rəsmi sənədi şərh edib. Onun ilk təəssüratı belədir ki, istənilən tibbi biliyi olan həkim rəsmi qurum adından hazırlanan arayışın savadsızlığını aydın görər: "Sənəddə ən əvvəl diqqət çəkən məqam odur ki, zaman faktoru yoxdur və başdan ayağa ziddiyyətlərlə doludur. Məktubu oxuyandan sonra belə nəticə çıxarmaq olar ki, məktub sadəcə formal xarakterlidir”.

Müsahibimiz daha sonra Səhiyyə Nazirliyinin sənədi ilə bağlı digər məqamlara toxunub: "Rəydə ölümün birbaşa səbəbi göstərilməyib. Yazılıb ki, xəstənin vəziyyəti qəfil pisləşib. Sual yaranır ki, nəzarət altında (əgər olubsa) olan xəstənin halı qəfildən necə pisləşə bilər axı? Burdan belə nəticə çıxır ki,  xəstə xəstəxanaya qəbul ediləndən ta əməliyyat masasına götürələnədək nəzarətsiz qalıb. Eləcə də nə üçün rəydə Rasim Əliyevin əməliyyata saat neçədə götürülməsi qeyd edilməyib?”  

Həkim məktubda Rasim Əliyevin sub-kapsulyar zədələnmə aldığının yazıldığını  deyir: "Əgər dalağda belə zədə varsa, niyə ultrasəs müayinəsi (USM) bunu göstərməyib? Adətən, dalağda, kapsullarda hər hansı bir vəziyyət yaranarsa, (kapsullar şişdikdə) neqativ görüntü olarsa, bunu USM mütləq göstərir. Rasim Əliyevdə qanaxmanın olmasını USM-in göstərməməsinə gəlincə, çox böyük ehtimal ki, qanaxma olub, ancaq kapsulun altında toplandığı üçün bunu aparat müəyyən etməyib. Amma bu da əsas vermir ki, USM düzgün aparıldığını deyək. Yox!”  

Ekspert təkrar edib ki, xəstə ilə qətiyyən maraqlanan olmayıb: "Sadəcə həkimlər qəfil ayılıblar ki, xəstə artıq ölür. Buna görə də onu tələm-tələsik əməliyyata götürüblər. Çox böyük ehtimal ki, əməliyyat zamanı dalağın qapısı ilə yanaşı mədəaltı vəzin quyruq hissəsini də tutublar, nəticədə qanaxma içəri toplanıb. Kəskin qanaxma isə xəstənin ölümünə səbəb olub. Səhiyyə Nazirliyinin Baş Prokurorluğa təqdim etdiyi bu rəyi oxuduqda da görünür ki, həkimlər xəstəyə düzgün tibbi yardım göstərməyiblər. Səhv diaqnozların qoyulması nəticəsində əməliyyat da düzgün aparılmayıb”. 

Həkim qeyd edib ki, rəydə daha bir ziddiyyətli məqam torakosintezin (döş qəfəsinin punksiyası; plevra boşluğunun punksiya edilərək bu boşluqda toplanan mayenin boşaldılması – red.) edilməsi üçün əsasın nə olmasıdır: "Heç bir əsas göstərilmədən, sadəcə cərahiyyə əməliyyatlarının adı göstərilib. Torakosintezin əvəzinə drenaj da oluna bilərdi. 

Eyni zamanda ölümə səbəb narkoz, narkoz həkiminin səhlənkarlığı ola bilər. Yəni həkim xəstəyə qədərindən çox narkoz verməklə onu şok vəziyyətinə sala bilər və o, buna görə ölə bilər. Ancaq rəsmi sənəddə cərrahi əməliyyatın bu mərhələsi haqqında geniş məlumat verilməyib”.

Ekspert sonda qeyd edib ki, ölümün ilkin səbəblərini USM müayinə etsə də, düzgün dəyərləndirilməyib: "Daxildə olan dəyişiklikləri ultrasəs görməlidir. Xəstə nəzarətsiz qalıb və kəskin şəkildə qanaxmadan dünyasını dəyişib”.


"Səhiyyə Nazirliyi ən azından belə gülünc rəy hazırlamamalı idilər”

Səhiyyə Nazirliyinin rəsmi məktubu ilə yaxından tanış olan və adını anonim saxladığımız digər  tibb mütəxəssisi bu qənaətdədir ki, qurum açıq-aşkar jurnalisti müayinə edən, cərrahi əməliyyata aparan əməkdaşlarının müdafiəsinə qalxıb: "Məsələnin elə maraqlə tərəfi də odur ki, həkimləri cinayət məsuliyyətindən qorumağa çalışan Səhiyyə Nazirliyi bu cür gülünc rəy tərtib ediblər. Məktubu oxuyanda belə təssürat yaranır ki, guya bu rəyi onlardan başqa heç kim oxumayacaq. Necə ola bilər ki, dalağın partlamasını həkim görməsin?! Absurtdur! Dalaq partlayıbsa, onun konturları aydın şəkildə ultura səs müayinəsində (USM) görsənir. Mən bir tibb mütəxəssisi kimi belə nəticə çıxara bilərəm ki, mərhum jurnalist, yaxud xəstə nə ultrasəs müayinəsi, nə də rentgen olunmayıb. Mədəaltı vəzin quyruq hissəsi cırılıbsa, USM-də mütləq dəyişikliklər nəzərə çarpır. USM-də ən pis halda dumanlı şəkildə mədəaltı vəz görünməliydi. Ultrasəs müayinəsi aparan həkim yəqin o qədər savadsız olub ki, onu görməyib”.

Müsahibimiz daha sonra rəydə yer almış qarın boşluğunda suyun olmaması məsələsinə də münasibət bildirib: "Necə ola bilər axı, dalaq partlasın, amma qarın boşluğuna qan axmasın? Səhiyyə Nazirliyi öz həkimlərini müdafiə etmək istəyirdilərsə, ən azından bu şəkildə gülünc rəy yazmamalı idilər. Bu rəyə hansı tərəfdən baxırsansa bax, həkimlərin xəstəyə etinasız yanaşdıqları, təcrübəsiz olduqları, yalnız son anda nəsə etməyə cəhd göstərdikləri aydın olur”.

Xatırladaq ki, hadisə 2015-cü il avqustun 8-də baş verib. ANN.TV-nin reportyoru olan Rasim Əliyev Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. 

İnsidentə səbəb R.Əliyevin "Facebook” statusunda futbolçu Cavid Hüseynovu tənqid etməsi olub. Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu tənqid edən Rasim Əliyevə zəng edərək təkzib verməyi tələb etmişdir.

Elşən İsmayılov futbolçu Cavid Hüseynovun bibisi oğludur.

R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib. Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yanvarın 27-də Cavid Hüseynovun məhkəməsi başlayacaq.

Rasim Əliyevin doğmaları və vəkillər onun ölümündə həkim səhlənkarlığının olmasını iddia edir və müttəhimlər kürsüsündə jurnalisti döyənlərlə yanaşı həkimlərin də əyləşməsini tələb edirlər.  //ann.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]