Əsas Səhifə / Ölkə

Bələdiyyə sədrindən şikayət var

22-01-2016, 05:02
Bələdiyyə sədrindən şikayət var
Ucar rayonunun Küçəkənd kənd sakini Müşfiq Məmmədyarov bələdiyyə sədrinin ondan rüşvət istədiyi üçün "Qafqazinfo”ya müraciət edib.

Sakin bildirib ki, sahəsi 1, 70 ha olan ərazidə saldığı süni gölün istifadə edilməsinə bələdiyyə sədri Ağakişi Kərimov əsassız olaraq qadağa qoyub: "Mən 2003-cü il tarixdə 1,70 ha torpaq sahəsini icarəyə götürüb orada göl yaratmışam. Həmin ərazini 15 illik icarəyə götürməyimə dair Küçəkənd bələdiyyəsi ilə 07 iyun 2003-cü il tarixdə müqavilə bağlamışam və qanunu qaydada həmin vaxtdan etibarən icarə pulu ödəmişəm. Ancaq müqavilə bağlanan zaman bələdiyyə sədri başqa şəxs idi. İndi məqsədim həmin göldə yenidən balıq yetişdirib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. Əldə etdiyim gəlirlə həm vergi ödəyicisi olaram, həm də bu çətin vəziyyətdə bir neçə nəfəri işlə təmin edərəm. Yeni sədr Ağakişi Kərimov isə məndən göldən istifadə edilməsi üçün rüşvət tələb edir”.

M.Məmmədyarovun sözlərinə görə, gölü yenidən hazırlamaq üçün kifayət qədər vəsait lazım olduğu üçün bələdiyyənin istədiyi məbləği vermək imkanı yoxdur: "Həmin gölü yenidən hazırlamaq üçün bizə xeyli miqdarda vəsait lazım olacaq. Bələdiyyə sədri öz əməllərini onunla əsaslandırır ki, kənd sakinləri bu göldə mənim balıq yetişdirməyimə razı deyil. Göl yaşayış sahəsindən 1 km aralıda yerləşir və əvvəllər də balıq yetişdirdiyim zaman heç bir problem yaşanmayıb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadəyə şikayət ərizələri ilə müraciət etmişik. Bu dəfə də media vasitəsilə aidiyyatı şəxslərə səslənərək qanunu tədbirlərin görülməsini xahiş edirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]