İdman

Rəssam: Maradona Azərbaycanı tanımadığı üçün utandı

24-01-2018, 15:51

Azərbaycanlı rəssam Elnur Mahmudov bu günlərdə dünya şöhrətli argentinalı futbol ulduzu Dieqo Maradonanın portretini çəkərək canlı əfsanənin özünə hədiyyə edib.

Oxu.Az xəbər verir ki, Mahmudov Maradonanın portretini necə çəkməsindən danışıb:

“Payızda İzmirdə keçirilən simpozium zamanı Dubayda həkim işləyən dostumla görüşdüm. O, yeni işlərimi görüb kiməsə göstərdi. Amma mən onun məhz kim olduğunu bilmədim, bunu mənə demədi. Mənim şəkillərim bu adamın çox xoşuna gəldi və o, mənə Maradonanın portretini sifariş etdi. Onda onlar məni portreti futbolçuya şəxsən verəcəyim barədə xəbərdar etməmişdilər. Düşündüm ki, standart sifarişdir, çəkəcəyəm və göndərəcəyəm”.

Maraqlıdır ki, şəklin 10 gün müddətində ərsəyə gəldiyini bildirən rəssam futbolla maraqlanmadığını deyib:

“Düzü, futbolla maraqlanmıram. Amma Maradonanı tanımamaq mümkün deyil. Onu bütün dünya tanıyır. Mən ona hörmət edirəm, Maradona adı brendə çevrilib. Uşaq olanda bir neçə dəfə onun iştirak etdiyi matça baxmışam”.

2005-ci ildən Peşəkar Rəssamlar İttifaqının üzvü olan Mahmudov Maradona ilə görüşü barədə danışıb:

“Mən sifarişçiyə xəbər verəndə ki, portret artıq hazırdır, o, mənə sürpriz etdi. Dubayda mənim Maradona ilə görüşümü təşkil etdi ki, portreti ona şəxsən təqdim edim. Bu, mənim üçün gözlənilməz idi. Onun yaxınına düşmək praktiki olaraq mümkün deyildi. Maradonanın hər dəqiqəsi puldur. Ona qabaqcadan zəng edib bildirmişdilər ki, mən onun yanına gedəcəyəm. Futbolçunun gündəlik qrafiki saatlara bölünür və mənə 30 dəqiqə vaxt ayrıldı.

Açığını deyim ki, Maradona ilə görüş əvvəlcə rəsmi səviyyədə keçirildi. Futbolçu üçün bu, adi görüşlərdən biri idi, hansı ki, kimsə onun yanına gəlir və tanış olmaq istəyir. Görüşdən 10 dəqiqə sonra mən getmək istədim, çünki özümü o mühitdə yad hiss etdim. Biz getmək üçün ayağa qalxanda meneceri Maradonaya xəbər verdi ki, ona sürpriz etmək istəyirəm.

Futbolçunun gözü dərhal təəccübdən böyüdü. Mən şəkli açanda o, şokda idi. Bunu onun gözlərindən başa düşdüm. Maradonanı hansısa bahalı hədiyyə ilə təəccübləndirmək olmaz, çünki onun hər şeyi var. O, portreti görəndən sonra məni qucaqlamağa başladı və uzun müddət məni buraxmadı. Şəkil onun çox xoşuna gəldi, çünki o, qeyri-adi texnika ilə çəkilmişdi. Bundan sonra mən qarşımda tamamilə başqa, mənimlə saatlarla danışmaq istəyən Maradonanı gördüm. O, mənimlə maraqlanmağa başladı ki, kiməm, hardan gəlmişəm. Biz hətta onunla birlikdə evini dolaşdıq ki, portreti hansı divardan asaq. O, şad oldu və təəccübləndi. Onun evində şəkillərdən başqa, bir dənə də olsun rəsm yox idi. Maradonanın meneceri mənə dedi ki, çəkdiyim portret futbolçunun muzeyinə düşəcək”.

“Onunla görüşə Kanadada yaşayan dostumla getmişdim. Ona görə də Maradona əvvəl elə başa düşdü ki, mən də Kanadadan gəlmişəm. Mən deyəndə ki, Azərbaycandan gəlmişəm, o, bu ölkənin hara olduğunu bilmədi. Futbolçu hətta buna görə utandı. Mən ona Azərbaycan haqqında ətraflı danışdım və fotoşəkillər göstərdim. Söhbətimizdən sonra Maradona məni qucaqladı və dedi ki, hansı millətdən olmağıma baxmayaraq, mənimlə tanış olmaq onun üçün xoşdur. Əminəm ki, o, bizə vaxt ayırdığına görə peşman olmadı. Hətta bizə daha çox vaxt ayıra bilmədiyi üçün bizdən üzr istədi. Hədiyyə olaraq öz futbol köynəyini mənə verdi və mənim üçün imzaladı. Onun meneceri bizə daha yaxından tanış olmaq üçün növbəti gün səhər gəlməyi təklif etdi, amma biz imtina etmək məcburiyyətində qaldıq. Çünki mən növbəti gün İzmirə getməli idim. O, mənə öz nömrəsini verib dedi ki, nə vaxt Dubayda olsam, ona yenidən zəng edim”, – deyə Elnur Mahmudov bildirib.

Rəssam: Maradona Azərbaycanı tanımadığı üçün utandı

Administratorla əlaqə

077 611-55-22

[email protected]