Əsas Səhifə / Elm

Bakı Dövlət Universitetində üçtərəfli anlaşma memorandumu imzalanıb

23-01-2018, 15:44

Yanvarın 23-də Bakı Dövlət Universiteti (BDU), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Almaniyanın Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAİR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi BDU-nun rektoru Abel Məhərrəmov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və GMBH-nin direktoru Paolo Giubellino imzalayıblar.

Memorandumda elmi əməkdaşlığı gücləndirmək, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminar, simpozium və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələrinin tədqiqi, tədqiqatçıların mübadiləsi kimi məsələlər əksini tapıb.

Akademik A.Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.

Nazir R.Quluzadə əməkdaşlığın və imzalanacaq memorandumun əhəmiyyətini qeyd edib, beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi-texniki proqramlarda, təcrübələrdə iştirakın vacibliyini vurğulayıb.

Professor P.Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.

Görüşdə rəqabət qabiliyyətinin artırılması, sosial və iqtisadi sistemlərin inkişafı, sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib, Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını təşviq etməyin zəruriliyi qeyd olunub.






Administratorla əlaqə

077 611-55-22

[email protected]