Analitika

Ölkədə nə baş verir? - Mədətovun bıçaqlanması, Canıyevin “Quli”yə qəsdi, “Qoca”nın ölümü, Gəncə və aeroportda atışma...

27-11-2017, 23:32
Ölkədə nə baş verir? - Mədətovun bıçaqlanması, Canıyevin “Quli”yə qəsdi, “Qoca”nın ölümü, Gəncə və aeroportda atışma...Ölkədə kriminal hadisələr bir-birini əvəzləyir; Bu olaylar heç də sıradan məişət zəminində cinayətlər deyil...

Palitika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə, ardıcıl olan kriminal hadisələr prezidentin keçmiş mühafizəçisi Müşviq Mədətovun bıçaqlanması və atışmada polis rəisinin müavinin güllələnməsi ilə başlayıb.

Sonra Astaradan Bakıya gedən qatarda iki məhkum qaçır(ılır), “Lotu Quli” azadlığa buraxılır, Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılır, Gəncədə atışma olur, Xırdalanda müxalifətin mitinqində terror planlaşdıran üç nəfər öldürülür.

Ardınca qaçan dustaqlardan biri - “Qoca” ləqəbli Etibar Məmmədov öldürülür. Ancaq çox keçmir ki, kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinə görə qardaşı Namiq Canıyev İstanbulda “Lotu-Quli”yə sui-qəsd təşkil etməkdə ittiham olunur.

Noyabrın 4-də isə gecə saat 22: 30 radələrində Heydər Əliyev adına Hava Limanında polislə silahlı şəxslər arasında qarşıdurma baş verdiyi xəbəri yayılır.

Şahidlərin nuh.az-a bildirdiyinə görə sərnişinlər ərazidən uzaqlaşdırılıb. Və sonda polis kriminal qrupun üzvləri olan silahlı şəxsləri tərksilah edib. Məlumatda silahlı şəxslərin kimliyinin araşdırıldığı bildirilir.

Analitiklərin fikrincə, proseslər tezliklə daha aktiv fazaya keçid edəcək. Hadisələrin inkişaf tempi və xronoloji rabitəliliyi daha spontan olaylar, fors-major situasiyalar ehtimalını gücləndirir.

Palitika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə, son günlərdə qeydə alınan məhbus qaçışı və cinayətkar qruplaşmalar arasında atışmaların intensivləşməsi ölkədə krimonegen gərginliyi artırıb.

Son günlər məhbus qaçışı və cinayətkar qruplaşmalar arasında baş verən atışmaların intensivləşməsi nəticəsində ölkənin kriminonegen durumunda gərginliyin bir qədər artması müşahidə olunsa da, bir çoxları vəziyyəti daha da şişirdilərək ictimaiyyətdə yanlış qorxu xofu yaratmaq istəyirlər.

Ölkədə kriminogen vəziyyətin qətiyyən nəzarətdən çıxma təhlükəsi yoxdur. Bəzi cinayətkar qrupların qismən fəallaşmalarını vəziyyətin nəzarətdən çıxması kimi təqdim etmək sadəcə naşılıqdır.

Azərbaycanda ictimai asayiş mövcuddur. Paytaxt Bakıda şəhər sakinləri, eləcə də xarici turistlər gecə saatlarında da küçələrdə rahat şəkildə gəzə bilirlər. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri sayılır.

Ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxma ehtimalını dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev belə bir təhlükənin real olmadığını deyib:

“Qəti şəkildə bildirirəm ki, ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxma təhlükəsi yoxdur. Çünki bizim Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları vəziyyəti tam nəzarətdə saxlayırlar.

Əlbəttə ki, bəzi cinayətkar qruplar ara-sıra fəallaşmağa cəhd göstərirlər və bu da başa düşüləndir. Ümumiyyətlə, Azərbaycanda cinayətkarlığın səviyyəsi MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Eyni zamanda, törədilmiş cinayətlərin, xüsusilə, ağır cinayətlərin açılması üzrə göstəriciyə görə Azərbaycan 90 faizlik nəticə ilə bu ölkələr arasında ön yerlərdən birini tutur.

Bu, əlbəttə ki, hüquq-mühafizə orqanlarının operativ və adekvat fəaliyyətinin təsdiqidir. O baxımdan, ölkədə kriminogen vəziyyətin nəzarətdən çıxması mümkünsüzdür.

Daxili İşlər Nazirliyi və Baş prokurorluğun son hesabatlarında çox sayda cinayətkar dəstələrin, mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi haqqında real məlumatlar yer alıb.

Bəzi cinayətkar qrupların fəallaşmağa cəhd göstərməsi təbiidir. Ancaq əsas məsələ budur ki, hüquq-mühafizə orqanları operativ fəaliyyətləri ilə o fəallaşmanın qarşısını qətiyyətlə alırlar.

Nəzərə alaq ki, Azərbaycanla qonşu ölkələrdə kriminogen vəziyyət xeyli kəskindir. Bu da istər-istəməz Azərbaycana da təsirsiz ötüşmür.

Lakin ölkənin güc strukturları bu neqativ tendensiyaların genişlənməsinə qətiyyən imkan vermir. Bu da bizim hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlığının nümunəsidir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]