İqtisadiyyat

Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır

28-09-2017, 12:06

Azərbaycan və Belarus əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsində və bu sahədə ölkəmizdə birgə müəssisənin yaradılmasında maraqlıdır. Sentyabrın 27-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb.

Görüşdə Şahin Mustafayev Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr olmaqla, iqtisadiyyatın bir çox sahələrini əhatə etdiyini və uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, bu ilin mayında Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ölkələrimiz arasında əlaqələrin inkişafında, Azərbaycan məhsullarının Belarusa ixracının artırılmasında əhəmiyyətlidir. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdıran iqtisadiyyat naziri Valeri Malaşkonun səfərinin də Azərbaycan-Belarus əlaqələrinin, xüsusilə də səhiyyə və əczaçılıq sahəsində əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edə bilərlər. Bildirilib ki, sentyabrın 28-də Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək və bu sərgi çərçivəsində parkın fəaliyyəti və burada yaradılan əczaçılıq müəssisələri barədə təqdimatlar keçiriləcəkdir.

Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]