Xəbərlər / Şikayət

“Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”

18-09-2017, 09:58

"Koroğlu” MMC-nin sabiq işçisi işlədiyi şirkət barədə şok faktlar açıqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən "Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. İttihama görə, Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir.

Rauf Əliyev bildirib ki, 4 il əvvəl 2013­cü ildə "Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğum yüksək vəzifədən imtina edərək ayrılıb: "Mənim bu addımımı özünə qarşı hörmətsizlik kimi qəbul edən Tahir Əliyev bu addımı atmazdan əvvəl yaxşı fikirləşməyimi, əks təqdirdə həyatımı məhv edəcəyini bildirdi. Mən bu təhdidə baxmayaraq işdən ayrıldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Koroğlu” MMC-nin direktoru Tahir Əliyev isə həmin gündən ona qarşı prinsipial addımlar atmağa başlayıb: "Başqa şirkətlərdə işə qəbulumda öz əlaqələri vasitəsi ilə maneələr yaratdı. Mənə dəfələrlə təhdid və hədə-qorxularla geri "Koroğlu” MM­C-yə dönməyimə məcbur etmək istədi. Tahir Əliyevin məndən "Koroğlu” MMC-yə geri dönməyimi təkidlə tələb etməsinin əsas səbəbi orada işlədiyim 4 il müddətində yüksək vəzifələri icra etdiyimdən, şirkət rəhbərliyinin işçilərə qarşı apardığı gizli oyunlardan və qanunsuzluqlardan ətraflı məlumatımın olmasını özünə qarşı böyük təhlükə kimi görməsi idi. Amma mən yenə də fikrimdən dönmədim. Bu zaman isə 2015-ci ildə mənə qondarma ittihamla cinayət işi açdıracağını bildirdi və Sabunçu rayon Prokurorluğuna uydurma şikayətini göndərdi. Şikayətin əsassız və rəsmi heç bir fakta əsaslanmadığına görə icraata alınmadı”.

"Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”

Rauf Əliyev qeyd edib ki, 2016-cı ildə Tahir Əliyev öz əlaqələrini və gücünü işə salaraq şikayəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına alınmasına nail olub: "İdarədə aparılan ibtidai istintaq zamanı mənim təqsirimi sübuta yetirəcək heç bir rəsmi sübüt olmadığına görə, işə baxan müstəntiq Rafail Şahvələdov məni təhdid etməyə başladı və bu işin yuxarıdan tapşırılmasını əsas gətirərək mənim qarşıma 1 çıxış yolu qoydu. Depozit olaraq idarənin bank hesabına 20 000 manat ödəməyimi. Bununla da məhkəməyə çöldən gedəcəyimə və məhkəməni udduğum zaman məbləğin geri qaytarılacağını bildirdi. İstintaqın sifarişli və qərəzli aparıldığını görərək, evimi satdım və depozit olaraq 20 000 manat ödəmək qərarına gəldim. Bunu etməyimə səbəb, azadlıqda olub, haqq səsimi lazımı şəxslərə çatdıra bilməyim idi. Müstəntiq isə bu ödənişi məndən depozit adı ilə aldı və şirkətin hesabına ödədi. Bununla da mənə təqsirləndirilən şəxs statusu verərək ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi”.

Rauf Əliyev qeyd edib ki, 11 aprel 2017-ci il tarixindən barəsində qaldırılan Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun icraatındadır: "Bu müddət ərzində barəmdə qaldırılan cinayət işinin materialları ilə yaxından tanış olaraq orada əks olunan qanunsuz faktları aşkarlayaraq, ərizə ilə hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova müraciətlər etmişəm. Qara mühasibatlıqdan istifadə edərək real dövriyyəsindən dəfələrlə aşağı rəsmi dövriyyə göstərərək dövlətə tam vergisini ödəməyən, istifadə müddəti bitmiş malların tarixini yeniləyərək satışa çıxardan, zay məhsullara görə yazılan cərimələrlə yüzlərlə gəncin həyatını məhv edən, intihara sövq edən şirkət hal-hazırda özünü zərərçəkmiş kimi təqdim edir. Ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan yararlanaraq yalnız öz mənafeyini düşünən, gözəgörünməz "ağsaqqal” adlandırdıqları havadarlarının adı ilə apardıqları qanunsuzluqlara qanuni don geydirə bilmələrini nümayiş etdirərək, yüzlərlə gəncin həyatını məhv edən "Koroğlu” MMC-nin apardığı idarəetmə sisteminə qarşı apardığım açıq mübarizəmi sonuna kimi davam etdirməyimi özümə mənəvi bir borc bilirəm. 4 il ərzində mənim yaşadıqlarımın gələcəkdə Koroğlu MMC-nin gənc işçilərinin başına gəlməməsi üçün bunu etməliyəm . Artıq bu qanunsuzluqlardan lazımi dövlət qurumları xəbərdar olmalıdır. Bütün bunları yaşayaraq, məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak etməyimə baxmayaraq qanun və ədalətin aliliyinə güvənərək bu uydurma ittihamın ifşa olunacağına inanıram”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şirkətin idarəetmə sistemindən istifadə müddətinə 15 gün qalmış məhsullar DOM planı (Diqqətdə olan mallar) adı altında ticarət nümayəndələri vasitəsi ilə marketlərə satdırılır: "15 gün sonra avtomatik olaraq həmin mallar zay məhsul kimi marketlərdən geri qaytarılır. Bu zaman qaytarılan malların məbləğinin 90%-i nisbətində ticarət nümayəndəsinin hesabına cərimələr yazılır. Bununla da ticarət nümayəndələri faktiki şirkətə borclanmış olurlar. Şirkət rəhbərliyi isə bundan istifadə edərək Ticarət nümayəndələrinə istədiyi satış şərtini diqtə etməyə başlayır. Faktiki olaraq şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu mövcuddur. Bununla da yüzlərlə gəncin həyatı məhv olur. Buna dözüm gətirə bilməyənlər isə hətta intihara belə əl atırlar. İşlədiyim müddət ərzində 2 intihar halının şahidi olmuşam”.
///gündəmxəbər

Administratorla əlaqə

077 611-55-22

[email protected]