İdman

Bakıda avstriyalıları vuran sürücünün cinayət işinə baxılmasına xitam verildi

16-01-2016, 11:12
Bakıda avstriyalıları vuran sürücünün cinayət işinə baxılmasına xitam verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib.

Xeberman.com  xəbər verir ki, APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında məhkəməyə Baş Prokurorluqdan daxil olan məktub oxunub. Məktubda qeyd edilib ki, zərərçəkən şəxslərə Avstriya səfirliyi və Avropa Komitəsi tərəfdən istintaqın başa çatması və işin məhkəməyə göndərilməsi barədə məlumat verilib. Prosesdə təqsirləndirilən Vəli Əhmədovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, ittiham üzrə zərərçəkən şəxslərin ifadəsi yoxdur. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə onun vəsatətini təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb.

 Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 08:30-da, I Avropa Oyunlarının "Atletlər kəndi”nin nəqliyyat deposunda, "Bakubas” (Bakubus) Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Şahinoviçə və Luna Payerə bədən xəsarətləri yetirib.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]