Xəbərlər / Reportaj

“Şuşanın, Laçının işğalında Elçibəyin rolu olub” — Rəhim Qazıyevdən şok MÜSAHİBƏ

23-07-2017, 13:34

Azərbaycanın keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Rəhim Qazıyev "Ölkə.Az” xəbər portalına müsahibə verib. Xeberman.com həmin müsahibəni oxuculara təqdim edirik:


"Yeltsin Ter-Petrosyanı qucaqlayıb deyir ki, türkləri sənin qarşısında diz çökdürəcəm”

– Bu yaxınlarda Müsavat başqanı Arif Hacılının sizin haqqınızda söylədiyi fikirlərlə yenidən gündəmə gəldiniz. Ancaq həmin müzakirələr zaman sosial şəbəkə istifadəçiləri sizi "Şuşa getsə, başıma güllə çaxaram” fikirlərinizə görə ittiham edərək, nə üçün başınıza güllə çaxmadığınızı sual edirlər. Bu cür suallara nə cavab verərdiniz?

– Birincisi, mən heç zaman "Şuşa getsə, başıma güllə çaxaram” deməmişəm. İnanmırlarsa, gedib mənim Ali Sovetin qarşısındakı çıxışlarıma baxsınlar. Bunun video görüntüləri də qalır. Vidokameranı icad edənin atasına Allah rəhmət etsin. Gedib baxa bilərlər. Həmin çıxışım "Youtube” internet səhifəsində də yerləşdirilib. Orada 6 dəqiqəlik video çıxış var. Həmin videodan da görmək olar ki, mən elə çıxış etməmişəm. Həmin dövrdə mən dəli kimi ora gəlmişdim. Bunun da səbəbləri var idi. Həmin vaxtı Daşkənddən yeni qayıtmışdım. Nədənsə heç kəs bunu demək istəmir. Düz 164 il Azərbaycanı təpiyi altında əzən rus ordusunu ölkəmizdən çıxarılması haqqında rəsmi protokola mən imza atmışam. Bunu Əbülfəz Elçibəy etməyib, mən etmişəm. İndi bunu Əbülfəz Elçibəyin adına çıxartmaq istəyirlər. Eybi yox, Allah canlarını sağ etsin! Amma rus qoşunlarının Azərbaycandan çıxarılmasında Elçibəyin rolu olmayıb. Həmin tarixi də dəqiqliyi ilə sizə təsvir edəcəm. Deməli, həmin vaxtı Yaqub Məmmədovu qovdular, onun yerinə Ayaz Mütəllibov yenidən hakimiyyətə gəldi. Xatırlayanlar yaxşı bilir, həmin vaxtı Hacı Əbdül və digərləri Ayaz Mütəllibovu parlamentdə öpüş yağışına tutmuşdu. Təsəvvür edin ki, eyni vaxtda Şuşa, Laçın gedir, Ayaz Mütəllibovla Əbülfəz Elçibəyin adamları hakimiyyət uğrunda bir-birini qırır. Həmin il aprelin 20-dən mayın 18-ədək gecə-gündüz mitinqlər gedirdi. Bu tarixdir və heç kəs dana bilməz. Həmin dövrdə Azərbaycanda hakimiyyət tam iflic olmuşdu.

Mən isə Gəncədə qonaq evində oturmuşdum, yaxınlıqda yerləşən Goran hərbi şəhərciyində 2700 döyüşçü toplayıb, Əfqanıstanda döyüşmüş 104-cü dviziyanın komandanı general Şerbakın rəhbərlik etdiyi 37 zabitlə bir yerdə onları torpaqları azad etmək üçün müharibəyə hazırlayırdım. Həmin döyüşçülərin hazırlanması prosesini Gəncədə oturub yaxından izləyirdim. Mən Gəncədə bu işlərlə məşğul ola-ola Əbülfəz Elçibəyin adamları Bakıda vəzifə üstündə dava edirdilər. Bunları görüb-eşidib ürəyim ağrayırdı. Dediklərimə şahid olanlardan biri də həmin dövrdə Gəncənin rəisi olan və indi səfir kimi çalışan Eldar Həsənovdur. Eldar Həsənov bütün bu hadisələri gözü ilə görüb.

Mən Gəncədə oturmuşdum. Ayın 14-də Abbas Abbasov mənə zəng edib dedi ki, ayın 15-də Daşkəndə MDB-nin sammiti keçiriləcək. Həmin iclasda Rusiyanın müdafiə naziri (1992-1996-cı illərdə) Pavel Qraçov da iştirak edəcək. Abbas Abbasov təkidlə dedi ki, həmin iclasa mütləq mən də getməliyəm, əks halda Qraçov yekun sənədə imza atmayacaq. Mən isə dedim ki, Azərbaycanda vəziyyət yaxşı deyil, mən gələ bilmərəm. Abbas Abbasov yarım saatdan sonra birdə zəng edib məni Daşkəndə gəlməyə çağırdı. Dediklərimə Abbas Abbasov da şahiddir. Mən də məcbur olub Daşkəndə getməyə qərar verdim. Bu zaman rəhmətlik Vahid Musayevə zəng edib xahiş etdim ki, son dərəcə diqqətli ol, mən tez gedib-qayıdacam. Ayın 15-i saat 22-23 arası olardı, mən AZAL-ın prezidenti Ədalət Əliyevə zəng edib xahiş etdim ki, təcili Gəncəyə bir yüngül təyyarə göndər, təcili Daşkəndə uçmalıyam, avtomobillə gəlsəm, çata bilməyəcəm. Ədalət Əliyev isə mənə dedi ki, Gəncəyə gecə təyyarə göndərə bilmirəm. Çünki hava limanı gecə işıqlandırılmır. Mən isə ona dedim ki, sən təyyarə göndər, bir maşınlar tapıb gecə hava limanının uçuş zolağını işıqlandıracağıq. Təqribən bir saat sonra məni Gəncə hava limanının təyyarə meydanına 104-cü dviziyanın komandanı general Şerbak və Gəncə polis idarəsinin rəisi, polkovnik Eldar Həsənov gətirərək, yola salıblar. Eldar Həsənovdan da xahiş etdim ki, yeni hazırlanan döyüşçülərlə özün məşğul ol, nə isə çatışmasa təşkil elə və sairə. Eyni məsələni rəhmətlik Vahid Musayevə də tapşırmışam. Gəncədən saat 23-də Bakıya uçmuşam. Bakı Binə Hava limanında isə məni köməkçim Bəkir Qocayev qarşılayıb. Həmin günü gecə saat 2-də köməkçimlə bərabər Daşkəndə uçmuşuq. Ayın 15-i səhər saat 6-da Daşkəndə çatmışam. Özbəkistanın müdafiə naziri məni qarşılamaq üçün Daşkənd hava limanına maşın göndərmişdi. Oradan qaldığımız yataqxana tipli otelə getdik. Həmin günü saat 10:00-da iclas başlayacaqdı. Mən yuxusuz olduğum üçün, qaldığım otaqda bir-iki saat olmazdı ki, yatmışdım. Köməkçim məni oyatdı. Dedi ki, iclas başlayır, Qraçovun köməkçisi səni çağırır. Gedib bufetdə onunla görüşdüm. Qraçovun mənə ilk sözü bu oldu: "Rəhim Qazıyev, sizdə hər şey artıq qaydasına düşüb”. Mən isə ona cavabımda dedim ki, siz nə danışırsınız, nə yaxşılaşıb? Qraçov isə bildirdi ki, artıq Ayaz Mütəllibov hakimiyyətə qayıdıb. Hər şey yaxşı olacaq. Mən də Qraçova bildirdim ki, siz özünüzdə demokratiya qurursunuz, ancaq köhnə kommunistləri Azərbaycanda hakimiyyətə göndərirsiniz? Bunu deyəndən sonra Qraçov mənə dedi ki, gərək sən prezident Boris Yeltsinlə görüşüb danışasan. Həmin sammitdə Boris Yeltsin də iştirak edirdi. O gündədək mən Boris Yeltsinlə heç vaxt üz-üzə gəlməmişdim. Çox əsəbi şəkildə iclasa qatılmışdım. Həmin günü Daşkəndə Boris Yeltsinin, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Ermənistan prezidenti Levon Ter-Petrosyanın, baş nazir Vazgen Sarkisyanın və digər şəxslərin iştirakı ilə MDB-nin toplantı başladı. Toplantıda Azərbaycan nümayəndə heyətinə Baş nazirin birinci müavini Aydın Əzimbəyov rəhbərlik edirdi. Mən, müavinim Rza Kazımov, Abbas Abbasov və digər bir neçə şəxslər onun tərkibində iştirak edirdik. Biz həmin toplantıya müşahidəçi qismində dəvət olunmuşduq. Həmin günü isə Azərbaycanda hakimiyyət iflic olub, heç kəs hakimiyyəti tanımır. Daşkənddə bilmirdilər ki, Azərbaycanda prezident kimdir. İclasa çıxış edən Nursultan Nazarbayev ayağa qalxıb Ayaz Mütəllibovu təbrik etdi və dedi ki, nəhayət dostumuz Aya Mütəllibov Azərbaycanda hakimiyyətə qayıdıb, həqiqət zəvər çalışıb və sairə. Boris Yeltsin də iclasda kefli-kefli iştirak edirdi. İclasın fasiləsi zamanı mən Boris Yeltsinə yaxınlaşmaq istədim. Gördüm ki, çay fasiləsi zamanı Boris Yeltsin Ter-Petrosyanı qucaqlayıb öpür və ona deyir ki, darıxma, mən türkləri sənin qarşısında diz çökdürəcəm. O an az qaldım ki, gedib Boris Yeltsinə şapalaq vurum. Özümü güclə saxladım.

Növbəti fasilədə Boris Yeltsinə yaxınlaşıb dedim ki, mən müstəqil Azərbaycan Respublikasının müdafiə naziriyəm. O isə mənə cavab verdi: "Nə olsun Azərbaycanın müdafiə nazirisinən?” Əslində anası ölmüş Yeltsin düz deyirdi də! Yalnız adım müdafiə naziri idi, ancaq heç bir silahım yox idi. O vaxtı Azərbaycanın bütün silah-sursatı, hərbi texnikası rusların əlində idi.

Sonra Yeltsinə dedim ki, mən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvüyəm. Yenə də dedi ki, nə olsun!
Mən də dedim ki, o olsun ki, biz ölümü gözə alaraq və Azərbaycan Xalq Cəbhəsi olaraq bir neçə il öncə Rusiyada demokratiyanı dəstəkləyib, sizin hakimiyyətə gəlməyinizə təkan vermişik. Halbuki, həmin dövrdə bizi sizi müdafiə edəndə Ayaz Mütəllibov sizi deyil, Qorboçovu müdafiə edirdi. İndi Ayaz Mütəllibova buna görə dəstək verirsiniz? Bu sualı verən zaman sanki Boris Yeltsində ayılma baş verdi. Bir qədər düşünəndən sonra yanında olan Qroçova dedi ki, planlaşdırılan işləri təxirə salın. O dövrdə mən bunun nə olduğunu bilmirdim. Həmin günü axşam Bakıya qayıdıb, oradan da birbaşa Gəncəyə uçdum. Gəncədə yenə də məni Eldar Həsənov və Şırbak qarşıladılar. Həmin vaxtı aeroportda Şırbak mənə məruzə etdi. Dedi ki, sizə bildiriləsi iki məsələ var. Bunlardan biri yaxşı, biri isə pisdir. Dedim nə məsələlərdir? Şırbak dedi ki, siz ötən gün Azərbaycan xalqını qaçılmaz qandan xilas etmisiniz. Soruşdum ki, nə məsələdir? Dedi ki, ayın 15-də saat 15:00-da biz Ali Sovetin qarşısına desant toplayıb, Ayaz Mütəllibovun prezidentliyini təmin etməli idik. Ancaq mənə əmr gəldi ki, təxirə salınsın. O zaman anladım ki, Boris Yeltsinin dediyi "təxirə salın” söhbəti məhz bu imiş. Halbuki, özümün də bu plandan xəbərim olmaya-olmaya böyük bir fəlakətin qarşısını almışdım. Əslində, mənim Boris Yeltsinlə söhbət etməyimi Qraçov demişdi. Bütün bunları mən Rəhim Qazıyev etmişəm. Ancaq bunu heç kim demək istəmir.

"Ayaz Mütəllibovun devrilməsini və rus qoşunlarının Azərbaycandan çıxarılması şəxsən mən etmişəm”

– Dediklərinizdən belə çıxır ki, Ayaz Mütəllibovun devrilməsində əsas rolu siz oynamısınız?

– Bəli, mən Boris Yeltsinlə söhbət etməsəydim, bəlkə də Ayaz Mütəllibov rus qoşunlarının dəstəyi ilə hakimiyyətə gələcəkdi. Bütün bunlara insanlar da, tarix də şahiddir. Ayaz Mütəllibov isə bu hadisələri lap dəqiq söyləyə bilər. Məhz buna görə də Ayaz Mütəllibov deyirdi ki, mənim hakimiyyətə gəlmək planımı Rəhim Qazıyev pozub və sairə.

Bayaqkı məsələyə qayıdım. Deməli, Şırbaka sual verdim ki, bəs ikinci məsələ nədir? Dedi ki, sizin Goranda hazırladığınız 2700 hərbiçidən 2500 nəfərini Bakıya aparıblar. Həmin an dəli olmuşdum. Çünki mən həmin döyüşçülərlə əks-hücum əməliyyatı keçirib, torpaqları işğaldan azad edəcəkdik. Qraçovun hazırladığı həmin könüllülərin içərisində Tofiq Yaqublu da var idi. Tofiq Yaqublu da düşmənə qarşı döyüşən oğullardandır.

Gorandakı döyüşçülərin Bakıya aparılmasından xəbər tutan kimi artıq Bakıya qayıtmağa məcbur oldum. Gəlib gördüm ki, həmin döyüşçülər əllərində avtomatla Bakıda Ali Sovetin binasını mühasirəyə alıblar. Mən də çox əsəbi idim, qarşıma çıxın ilk əsgərə şapalaq vurdum. Sonra da həmin əsgərdən üzr istədim. Çünki o əsgərlərin günahı yox idi, onları Bakıya aparmışdılar. Gördüm Əbülfəz Elçibəy tribunada çıxış edir. Təsəvvür edin ki, bir tərəfdə Şuşa, Laçın gedib, digər tərəfdə isə hakimiyyət uğrunda mübarizədə Əbülfəz Elçibəyin tərəfdarları qalib gəlib bayram edirdi. Bütün bunları görüb çox əsəbləşmişdim. Elçibəyin əlindən mikrafonu alıb dedim ki, nəyi bayram edirsiniz? Əsəbi halda dedim ki, Laçın, Şuşa gedib, bəs bura 4000-4500 silahlı adamı kim gətirib? Sual verdim ki, axsı siz Bakıda kimi-kimdən qoruyursunuz? Axı torpaqsız hakimiyyət kimə lazımdır? Əbülfəz Elçibəy mənə cavab verdi ki, o da lazımdır, bu da lazımdır. Bu zaman dedim ki, mən belə müdafiə naziri olmaq istəmirəm. Çünki əlimdə ordu qalmamışdı. Cəbhə bölgəsinə topladığım hərbiçiləri Bakıya gətirib yığmışdılar. Şərt qoydum ki, əgər sabay saat 12-dək bu hərbiçilər öz yerlərinə qaytarılmasa, mənim bir əlacım qalır. Gəlib bu xalqın qarşısında başıma güllə vuracam. Bu çıxışımın videosu da var. Kim istəsə "Youtube”-dən baxıb izləyə bilər. Görün hreç orada "Şuşa getsə, başıma güllə vuraram” fikri varmı? Əksinə, Şuşanın, Laçının getməsində Əbülfəz Elçibəy hakimiyyətinin rolu olub. O əsgərləri də Ali Sovetin qarşısına cəbhəçilər toplamışdı. Nə olsun ki, müdafiə naziri idim? Bütün hərbiçilərimi cəbhə hakimiyyəti Bakıya toplamışdı. Belə müdafiə naziri olur? Mən fərarilik edənlərin güllələnməsi barədə əmr vermişdim. Ancaq səlahiyyətim yox idi, Əbülfəz Elçibəy prezident idi, bütün səlahiyyətlər onda idi, ancaq heç kəsi cəzalandırmırdı.

1992-ci il mayın 15-də isə 164 il Azərbaycanı ayaqları altında əzən və Azərbaycan Demokratik Xalq Cümhuriyyətini işğal edən XI qızıl ordunun törəmələrinin Azərbaycandan çıxarılması haqqında rəsmi tarixi sənədə imza atmışam. Bunu mən etmişəm. Sadəcə olaraq həmin vaxtı dövlət başçısı Əbülfəz Elçibəy olduğu üçün onun adına çıxarırlar. Halbuki 14-15-i mayda cəbhəçilər hakimiyyətdə olmayıb. Həmin günlərdə Azərbaycanda hərc-mərclik olub. Cəbhəçilər hakimiyyəti mayın 16-da götürüblər. Mən isə mayın 15-də rus qoşunlarının Azərbaycandan çıxarılması barədə sənədə imza atmışam. Əbülfəz Elçibəy hələ hakimiyyətə gəlməmiş mən Ağdərə əməliyyatını aparmışam. Adamın Allahı olar, axı bunlar nəyə görə mənimlə açıq müzakirələrə gəlmək istəmirlər? Arxamca gedib orada-burada səhv fikirlər söyləyirlər. Məgər mən nəyi səhv deyirəm? Əgər səhvəmsə, niyə onlar mənimlə üz-üzə oturmaqdan qaçırlar? Əgər onlara xəyanət etmişdimsə, bəs nə üçün bunu məhkəmədə sübut edə bilməyiblər? Deyirlər, Rəhim Qazıyev torpağı satıb, xəyanət edib və sairə. Adama deyərlər ki, məgər Azərbaycanın ən ağır günlərində Ali Baş Komandan-prezident olaraq ölkəni atıb Kələkiyə mən getmişdim? Mən Heydər Əliyevin dalınca 4 dəfə təyyarə göndərmişdim? Heç indiyədək eşitmisinizmi ki, avtomobil qəzasında sürücü qala-qala maşında əyləşənləri tutsunlar? Vaxtilə Azərbaycanı idarə edənlər də siz olmusunuz da! Mən istefa vermiş adamam. Həmin dövlətin başında Əbülfəz Elçibəy, sağında İsa Qəmbər, solunda Pənah Hüseyn, Sülhəddin Əkbər dayanmışdı. Bu adamlar nə üçün özlərində günah görmürlər? Adamın abır-həyası olar. Mən nazir olanda da heç kəsin diktəsi ilə oturub-durmamışam. Ona da görə əleyhimə danışırlar.

"Qarabağda döyüşlər gedəndə Elçibəyin kürəkəni qaçıb Türkiyədə fərarilik edirdi”

– Bəs siz özünüzü hansısa məsələdə təqsirli görürsünüzmü?

– Vəzifədə olanda ən böyük təqsirim o olub ki, mən ermənidən savayı düşmənimizin olmadığını zənn etmişəm. Ətrafımda olan erməniləri isə görməmişəm.

İkinci böyük səhvim isə şərəfsizlərin fitnəsinə uyub istefa verməyimdir. Gərək mən istefa verməyəydim. Bəzən cəbhəçilər deyir ki, guya məni istefaya göndəriblər və sairə. Əgər məni istefaya göndəriblərsə, yalançının zatına lənət olsun! Mən istefa ərizəmi 17 fevral 1993-cü ildə yazıb getmişəm. Bunlar isə mənim istefamı 20-də qəbul ediblər. Bu tarixdir, bunu gizlətmək mümkün deyil.

Sonra deyirlər ki, guya fevralın 17-də keçirilən Milli Məclisin qapalı iclasında mənim xəyanətlərim açılıb. Ay şərəfsizlər, siz məni nə qədər çox istəyirsiniz ki, indiyədək o xəyanətləri açıb ortaya çıxara bilmirsiniz?

Deyirlər ki, guya torpaqları mən vəzifədə olanda vermişəm. Əgər mən vermişdimmsə, o zaman Heydər Əliyev kimi məlumatlı bir şəxs Şuşanın işğalından 14 ay 21 gün sonra mənə nə üçün Baş nazirin müavini vəzifəsini təklif edirdi? Məgər Heydər Əliyev kimi kifayət qədər məlumatlı keçmiş "KQB” generalı bilmirdi ki, torpaqları mən satmamışam? Əgər Şuşa və Laçını mən vermiş olsaydım, Heydər Əliyev heç vaxt bu vəzifəni mənə verməzdi. Mənim sonradan Heydər Əliyevlə də qarşıdurmaya getməyimin də əsas səbəbi Xalq Cəbhəsində mənə qarşı məkrli məqsədlər güdən adamlara görə olmuşdu. İndi Arif Hacılı və digərləri mənim haqqımda yalanlar danışırlar. Əvvəla, bu adamlar məndən ən azı 15-16 yaş kiçikdirlər. 1988-ci ilin Xalq Hərəkatı zamanı mənim 45 yaşım var idi. Heç hərbiçi də deyildim. Elmi dərəcəm olan institut müəllimi idim. Ancaq o yaşımda əlimdə avtomat cəbhələrdə idim. Ancaq Arif Hacılı, İsa Qəmbər və digərlərindən bir nəfər desin ki, həmin vaxtı məndə əlimdə silah cəbhədə olmuşam. Onlar nəinki döyüşüblər, heç cəbhədə silah atan uşaqlara bir stəkan su da verməyiblər. 1993-cü ildə mən istefa verəndən sonra Füzulinin də işğal təhlükəsi yaranmışdı. Həmin vaxtı İsa Qəmbər harada idi? Mən isə 1988-ci ildən cəbhələrdə olmuşam, ondan-bundan silah-sursat toplayıb cəbhə xəttinə aparmışam. Bunların hansı birini onlar ediblər?
Deyirlər ki, Əbülfəz bəy olmasaydı, Rəhim Qazıyev rus ordusuna Azərbaycandan çıxarmayacaqdı və sairə. Bəli, Əbülfəz Elçibəyin həmin dövrdə hakimiyyətdə olması mənə əlavə təkan verdi ki, rus qoşununu ölkədən çıxarım. Ancaq mən bunu Vətəni sevdiyim üçün etmişəm.

İndi bəzi adamlar durub Qarabağda döyüşməkdən dəm vururlar. 1993-cü ildə Əbülfəz Elçibəyin ən ağır vaxtında onun kürəkəni olan Aqil Səmədbəyli qaçıb Türkiyədə gizlənirdi. Əgər Aqil Səmədbəyli yaxşı adam olsaydı, gəlib qaynatasının ağır vaxtlarında yanında olardı. Həmin fərarilər indi qəhrəmanlıqdan danışırlar. Aqil Səmədbəyliyə sual verirəm: Həmin vaxtı mənim 45 yaşım var idi və Qarabağda vuruşurdum. Bəs sən harada idin?

"Hakimiyyət davası etsəydim, mən də bir partiya yaradardım”

– Bəs Azərbaycan Xalq Cəbhəsinin fəalları içərisində sizin mənfi obrazla tanınmağınıza səbəb nədir?

– Nə bilim? Yəqin ki, o vaxtkı hakimiyyətin məni gözdən salmaq istəyi, "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinin mənim haqqımda gecə-gündüz apardığı yalan təbliğatdır. Hələ 1992-ci ildə İsa Qəmbər Müsavat partiyasını yaradanda ona etiraz etmişəm. Demişəm ki, a kişi, siz nə edirsiniz? Özünüz də görürsünüz ki, biz iqtidara yeni gəlmişik, çox zəifik. Ancaq sən hakimiyyət daxilində alternativ siyasi təşkilat yaradırsan. İsa Qəmbərə dedim ki, əgər rəhmətlik Elmira Qafqarova partiya yaratsaydı, səndən daha çox tərəfdar qazanardı. Axı bu nəyə lazımdır? Məgər Müsavat ideyalarını təbliğ etmək üçün iqtidar komandası ikiyəmi bölünməli idi? Mən bu gün də bu sözlərimin üstündə dayanıram. Gəlsinlər, yenə də üzlərinə deyim. Nə də mən onlar kimi romantik düşünmürəm. Əgər hakimiyyət davası etsəydim, o zaman mən də bir partiya yaradardım. Bunu etmək üçün nə elmi dərəcəm, nə siyasi təcrübəm, nə də savadım onlardan az deyildi. Ancaq mən siyasi partiya yaratmadım. Özümü heç vaxt gözə soxmurdum, hər zaman pəncərədən girirdim və sairə.

"Reytinqim Elçibəyin reytinqindən qat-qat çox idi, istəsəydim ki, hakimiyyətə gələ bilərdim”

– Əgər istəsəydiniz, hakimiyyətə gələ bilərdinizmi?

– Əlbəttə ki, edə bilərdim. Gedib o dövrün adamlarından soruşun. Həmin dövrdə mənim reytinqim Əbülfəz Elçibəyin reytinqindən qat-qat çox idi. İstəsəydim ki, hakimiyyətə gələ bilərdim. Ancaq heç vaxtı belə iddiam olmayıb.

"Sülhəddin Əkbər "KQB”-nin agenti olub”

– Həmin dövrdə Sülhəddin Əkbər sizə "Rəhim Qazıyev, Rusiyaya işləməyinizlə bağlı əlimizdə faktlar var, yaxşısı budur xoşluqca istefa verib gedin və sairə” kimi xəbərdarlıq edibmi?

– Xeyr, belə bir dialoqumuz olmayıb. Ümumiyyətlə, Sülhəddin Əkbər əsla mənə yaxınlaşıb belə söz deyə bilməzdi. Bu gün Sülhəddin Əkbər də, mən də sağam. Gəlib üzümə desin!

O məsələ necə olub, qoyun deyim. Deməli, 1993-cü il fevralın 17-də keçirilən Milli Məclisin iclasında Sülhəddin Əkbər dedi ki, bizim əlimizdə telefon danışıqlarının səs yazısı var, Rəhim Qazıyev ruslarla əlaqələr saxlayır. Həmin iclasda Əbülfəz Elçibəy də iştirak edirdi. Mən ayağa qalxıb, Sülhəddinin ittihamlarına cavab verdim. Dedim ki, Sülhəddin Əkbər, mən 11 və ya 12 fevralda Ağdərədə idim, vəziyyət gərginləşmişdi. Həmin vaxtı Gəncədən Şerbakla telefonla danışmışam. Şerbaka demişəm ki, vəziyyət ağırdır, mənə kömək elə, Ağdərədə vəziyyəti düzəldim.

Şerbak da mənə bildirdi ki, cənab nazir, siz orada döyüşüb can qoyursunuz, ancaq cəbhə hakimiyyəti sizi məhv etmək istəyir. Mən isə Şerbaka dedim ki, sən mənə indi kömək göndər, Ağdərədə vəziyyəti düzəldim, içimizdəki əclaflarla da danışacam. Əgər bu telefon danışığından əlavə Sülhəddin Əkbərdə nə isə varsa, ortaya çıxartmasa kişi deyil. Əgər onlar düz olsalar, o zaman Sülhəddin kimi şərəfsizdən üzr istəməsəm mən kişi deyiləm. Həmin Sülhəddin Əkbər Tibb Universitetinin 3-cü kursunda oxuyanda onu Milli Təhlükəsizlik Nazirliyinə cəlb edən adam Fəxrəddin Təhməzov olub. Zaman keçəndən sonra Fəxrəddin Təhməzov Azərbaycanın milli təhlükəsizlik naziri olub, Sülhəddin Əkbər isə onun birinci müavini olub. Ona görə də Sülhəddinin satqınlığını təkcə mən yox, Qurban Məmmədov və bütün tələbə yoldaşları yaxşı bilirlər. Sülhəddin Əkbər "KQB”-nin agenti olub. O, Əbülfəz Elçibəyin də yanında bilərəkdən oturmuşdu. Təsəvvür edin ki, bir adam haqqında gecə-gündüz şikayət və dedi-qodu danışanda necə olur? Axırda beşinə inanmasan da, onuna inanacaqsan. Məni də gözdən bu cür saldılar. Mən ilk istefa ərizəmi 1992-ci ilin sonunda, ikinci ərizəmi isə 1993-cü ilin noyabrında vermişəm. Heç biri qəbul olunmayıb.

1992-ci ilin 17 iyulunda mən Əbülfəz Elçibəyə dedim ki, mən sizin prezident olmağınızı istəməmişəm. Ancaq artıq hakimiyyətə gəlmisiniz. Mən də Ağdərə əməliyyatını keçirtmişəm, silah-sursat alınmasına başlanılıb. Mənə qədər isə ruslardan bir ədəfd çöp də alınmamışdı. Dedim ki, artıq mən istefa verirəm. Əbülfəz Elçibəy mənə etiraz etdi. Dedi ki, heç yerə getmirsən, əks halda bu xəyanətdir və sairə. Mən isə Elçibəyə dedim ki, bu komanda ilə işləyə bilmərəm. Bəs müxalifət nə üçün bütün bunları dilə gətirmir? Çünki onların əsl sifəti budur. Mən bütün dediklərimin də arxasında dayanıram.

"Həbsxanadan çıxandan sonra müxalifətin bütün təkliflərini rədd etmişəm”

– Bir müddət öncə müxalifət qüvvələri ilə tez-tez görünürdünüz. Həmin ərəfədə belə məlumatlar yayıldı ki, Rəhim Qazıyev Milli Şuraya qoşulub və sairə...

– Kim, mən görünmüşəm? Əsla ola bilməz. Mən Milli Şuraya da üzv olmaq istəsəm, qələt edərəm. Mənim Milli Şurada nə işim var? Ümumiyyətlə, mən həbsxanadan çıxandan sonra müxalifətin bütün təkliflərini rədd etmişəm. Milli Şuraya yaxın olan adamlardan mənə təkliflər olub. Ancaq razılıq verməmişəm. Hətta, onlara Peyğəmbərdən misal da çəkmişəm. Demişəm ki, Peyğəmbərimiz deyir ki, kim məni birinci dəfə aldatsa, Allah ona lənət etsin, həmin adam məni ikinci dəfə aldatsa, Allah mənə lənət etsin. Ona görə də mənim bundan sonra müxalifətlə yollarım ayrıdır və heç zaman bir ola bilməz.

"Elçibəy nə üçün Kələkidə doğmalarına deyil, yəhudilərə məktub göndərirdi?”

– Bu yaxınlarda Novella Cəfəroğlu mərhum prezident Əbülfəz Elçibəyin İsraildə məxfi məktublarının olması ilə bağlı fikirlər səsləndirib. Bu barədə vaxtilə sizin hər hansı şübhələriniz olubmu?

– Bütün bu cür müzakirələrdən mənim də məlumatım var. Ancaq əlimdə faktlar olmadığı üçün bu barədə dəqiq nə isə söyləyə bilmirəm. Mən də sizin kimi Elçibəy haqqında deyilən bu sözləri eşitmişəm. Amma əlimdə sənəd olmadığı üçün onu təsdiq edə bilmərəm. Mən nədə çəbhəçi deyiləm ki, durub deyim, əlimdə Rəhim qazıyevlə bağlı məxfi səs yazısı var və sairə. Sonrada onu çıxarıb ortaya qoya bilməyim. Belə yalanları danışmaq üçün bazar fahişəsi olmaq lazımdır. Mən Əbülfəz Elçibəy haqqında elə bir sənədin olduğunu yalnız eşitmişəm, ancaq görməmişəm. Novella Cəfəroğlunun dediklərində maraqlı məqamlar var. Əgər vaxtilə mən İsarilə bir cümlə nə isə yazıb göndərsəydim, indi nəslimi-kökümü söyərdilər. Əbülfəz Elçibəy nə üçün Kələkidə doğmalarına deyil, yəhudilərə məktub göndərirdi? Bəli, burada niyələr var. Ancaq mən bunu dəqiq deyə bilmərəm.

"Əbülfəz Elçibəyə şəxsən demişdim ki, səndən prezident olmaz”

– Siz özünüzü Əbülfəz Elçibəyin komandasının üzvü hesab etməmisiniz?

– Xeyr, mən Əbülfəz Elçibəyin komandasında yer almamışam. Mən ona yaxın olmuşam, ancaq onun komandasında olmamışam. Zaman olub ki, mən Əbülfəz Elçibəydən ötrü canımdan da keçməyə hazır olmuşam. Yəni, ona bu qədər inanmışam. Ancaq illər keçəndən sonra səhv etdiyimi anlamışam.
Əbülfəz Elçibəy 1992-ci ilin prezident seçkilərinə namizədliyini irəli sürəndə mən ona zəng edib etiraz etmişəm. Demişəm ki, Əbülfəz Elçibəy, Allaha and verirəm, sən namizədliyini irəli sürmə. Elçibəy də incik şəkildə dedi ki, nə üçün verməyim? Dedim ki, Əbülfəz bəy, sən minlərlə insanın qarşısında demisən ki, seçkilərə heç vaxt getməyəcəksən, hər zaman müxalifətin başında dayanacaqsan və sairə. Bunu təkcə mən demirəm, bütün Azərbaycan bilir. Həmin vaxtı Əbülfəz Elçibəyin 54 yaşı vardı. Ona bildirdim ki, Əbülfəz bəy, bu 54 ildə evinizə bir dəfə də olsun bazarlıq etmisiniz? Yox! Ona görə də millətə bu vəziyyətdə siz baxa bilmərsiniz. Mənim bu sözlərimdən Əbülfəz Elçibəy incimişdi. Bir neçə gün sonra İsgəndər Həmidov yanıma gəlib dedi ki, sən nə üçün Əbülfəz bəyin mitinqlərində dəstək çıxışı etmirsən? Dedim ki, İsgəndər Həmidov, düzünü de, heç Əbülfəz Elçibəydən prezident olar? O da dedi ki, yox, olmaz. Sual verdim ki, bəs nə üçün onu prezident edirsiniz? Dedi ki, iş-işdən keçib, qoy olsun.

Bir neçə gün sonra Qurban Məmmədov da yanıma gəlib xahiş etdi ki, Əbülfəz Elçibəyin mitinqində ona dəstək çıxışı edim.
Qurban Məmmədova da sual verdim ki, hamımızdan yaxşı, onu sən tanıyırsan. Əbülfəz Elçibəydən prezident olar? O da dedi ki, olmaz. Ancaq prezident olsun, ölkəni özümüz birtəhər idarə edərik. Adlarını çəkdiyim bu adamların ikisi də sağdır. Yalan deyirəmsə, durub desinlər ki, səhvsən!
Əbülfəz Elçibəy yaxşı adam idi, ancaq həmin dövrdə onun Azərbaycanı böhranda çıxara bilməyəcəyini bilirdim. Bu mənim şəxsi qənaətim idi.

"İsa Qəmbər tapşırıq verdi ki, 1992-ci ilin seçkilərində prezident seçilmiş Nizami Süleyamovun sələri Elçibəyə hesablansın”

– Doğru söhbətdir ki, mərhum Əbülfəz Elçibəy həmin seçkilərdə rəhmətlik Nizami Süleymanova uduzmuşdu?

– Bəli, uduzmuşdu. İsa Qəmbər bunu yaxşı bilir. Həmin vaxtı mən kabinetimdə idim. İsa Qəmbər rayonlardan gələn səslərin tərsinə oxunmasını tapşırıq verdi. Yalan deyirəmsə, İsa Qəmbər durub desin ki, səhvdir! Özü də o ərəfədə İsa Qəmbər Həcc ziyarətinə getməyə hazırlaşırdı. Dindarların rəğbətini o cür qazanmaq istəyirdi. Bax, bunların əsl siması budur.

Seçkilərdə rəhmətlik Nizami Süleymanov daha çox səs toplamışdı. İsa Qəmbər də tapşırıq verdi ki, həmin səslər tərzinə oxunsun və Elçibəyə hesablansın. Elçibəy təqribən 37-38 faiz səs toplamışdı. Ona görə də məcbur olub Nizami Süleymanovun səsini Əbülfəz Elçibəyə hesablamışdılar. Ona görə də haqqı tapdalaya-tapdalaya haqqa getmək mümkün deyil.

– Deyirsiniz ki, Əbülfəz Elçibəy seçkiləri saxtalaşdıraraq, prezident olub. Bəs Elçibəy özü prezident seçkilərini bu qədər saxtalaşdırmağa necə gedə bildi?

– Bilirsiniz, bəzən insanlar göründüyü kimi olmur. Ona görə də misal var ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol!
Bunlar özlərini indi ana müxalifət adlandırır. Deyirlər ki, biz hökumətdən pul almırıq və sairə. Ancaq onların qərargahlarına, avtomobillərinə, cangüdənlərinə baxın. Bu qədər pulu haradan tapırlar? Məgər Müsavat partiyası kababxanadır? Maliyyə mənbələri haradandır? Buna inandırıcı açıqlama versinlər. Mən riyyaziyatçıyam, şükür Allaha ki, düzgün hesablamanı bacarıram. Ona görə də hər kəs dediyi sözün məsuliyyətini dərk etməlidir. Onlar məni söyməklə nə qazanacaqlar? Yaxşı, tutalım ki, mən satqınam. Sülhəddin Əkbər də deyirəm ki, bizim əlimizdə faktlar var. Adama sual verərələr ki, Vətənə xəyanətdən ağır cinayət varmı? Yaxşı, mən ağır cinayət törətmişəmsə, onu sübut etməyən kişi oğlu deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]