Əsas Səhifə / Media

Milli mətbuatımızın yaranmasından 142 il keçir

22-07-2017, 16:12
Milli mətbuatımızın yaranmasından 142 il keçir
1832-ci ildə “Tiflis əxbarı” qəzeti və 1845-ci ildə “Zaqafqazski vestnik” qəzetinə “Qafqazın bu tərəfinin xəbəri” adlı Azərbaycan dilində buraxılan əlavə, milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.


Milli mətbuatımızın bünövrəsi yalnız 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşir, redaktoru və korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Nəşrin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi.



Lakin rus-türk müharibəsi dövründə “türk-tatar” dilində nəşr edilən qəzetin arxa cəbhədə oxunmasından ehtiyat edərək Rusiya hökuməti 29 sentyabr 1877 il tarixində “Əkinçi”nin rəsmi nəşrinin dayandırılması barədə fərman verib. Bu işdə “Əkinçi”nin mürəttibi erməni Minasovunin donosları da öz işini gördü.


XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi “Şərqi-rus” qəzeti oldu. “Şərqi-rus” Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi.
Qəzet ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - “Molla Nəsrəddin” işıq üzü gördü. Bu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Onun milli oyanış prosesinə xidmət edən haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, Türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi.



Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə ölkədə həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı. Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.


Hazırda Azərbaycanda 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub.


2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin sərəncamı ilə paytaxtın Bibiheybət qəsəbəsində KİV işçiləri üçün inşa edilmiş 156 mənzillik bina istifadəyə verilib. Elə həmin gün ölkə rəhbərinin iştirakı ilə jurnalistlər üçün daha bir yaşayış binasının təməli qoyulub ki, onun da açılışı məhz milli mətbuatımızın yaranmasının 142-ci il dönümünə, yəni bugünlərə təsadüf edib. İyulun 20-də ölkə başçısının da iştirakı ilə jurnalistlər üçün yeni tikilən binanın açılış mərasimində 255 nəfər mətbuat nümayəndəsinə mənzil təqdim olunub. Eyni zamanda elə həmin günü prezidentin iştirakı ilə jurnalistlər üçün üçüncü binanın da təməli qoyulub.


Onu da qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini də mükafatlandıracaq.


Milli Mətbuat günü münasibətilə bütün jurnalist həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq.


Musavat.com[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]