Əsas Səhifə / Media

Ailəsinin Fikrət Fərəməzoğlu ilə görüşünə problem yaradılır

21-07-2017, 12:02
Ailəsinin Fikrət Fərəməzoğlu ilə görüşünə problem yaradılırJurnalist Fikrət Fərəməoğlunun ailəsi ilə görüşünə və telefonla danışmasına maneə yaradılır.

Bu barədə Jam.Az-a jurnalistin həyat yoldaşı Faiqə Nüsrəti məlumat yayıb.

O bildirib ki, bir neçə gün öncə təcridxanada görüşünə mane olublar. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədova rəsmi müraciət göndərib və bu qanunsuzluğa son verilməsini xahiş edib.

Jurnalistin həyat yoldaşı deyib ki, eyni problem ötən gün də yaşanıb. Belə ki, ötən gün oğlunun ad günü ilə bağlı Fikrət Fərəməzoğlu evə zəng edib, ancaq 1 dəqiqədən sonra danışığı kəsilib.

"Danışıq kəsiləndən sonra zəng etdim həmin nömrəyə. Dedilər ki, Fikrəti apardılar", - Faiqə Nüsrəti bildirib.

Jurnalistin həyat yoldaşı bütün bunların qanunsuz olduğunu vurğulayaraq, mübarizəsini davam etdirəcəyini deyib.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanıb. Amma jurnalist ittihamı qəbul etməyib, "restoran”, "masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirib.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib.

O, həmin vaxt "24 saat" qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.

Jurnalist iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində 7 il azadlıqdan məhrum edilib. Hökmü Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

Hökmdən əvvəl Fikrət Fərəməzoğlu məhkəmədə son sözünü deyib. Günahsız olduğunu deyən jurnalist uzun müddət polisin fəaliyyətini tənqid etdiyinə görə sifarişlə həbs olunduğunu bildirib: "İşin içində bir sifariş var. Bilirdim ki, polisi tənqid elədiyimə görə gec-tez cəzalandıracaqlar. Sadəcə, geci-tezi vardı. 2016-cı ildə əllərinə fürsət düşdü. Amma bunu da biabırçı şəkildə elədilər".

İş üzrə zərərçəkmiş qismində tanınan, hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan üç nəfəri tanımadığını deyən Fikrət Fərəməzoğlu söyləyib ki, 6 ay 24 günlük məhkəməsində zərrə qədər ədalət görməyib: "Bu məhkəmədə özümü sehrbaz kimi hiss elədim. Naxçıvanda olan adamın eyni vaxtda Bakıda kiminləsə görüşməsi üçün gərək o adam cin atına minib gəlsin..."

Jurnalist çıxışının sonunda məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. Əlavə edib ki, hüquqlarının müdafiəsi üçün sona qədər mübarizə aparacaq.

Fikrət Fərəməzoğlunun son sözündən sonra hakimlər müşavirəyə gedib. Təxminən on dəqiqəlik müşavirədən sonra jurnalistin 7 il azadlıqdan məhrum edilməsi haqda hökm elan olunub. Eyni zamanda, ona iki il jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Hökmdə göstərilib ki, himayəsində iki azyaşlı övladının olması, müsbət xarakterizə olunması onun vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alınıb.

Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Beynəlxalq təşkilatlar və yerli hüquq müdafiə təşkilatları Fikrət Fərəməzoğlunu siyasi məhbus kimi tanıyıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]