Əsas Səhifə / Yaşam

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasında özbaşınalıq

12-01-2016, 20:48

Məlum olduğu kimi, bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də məhz məmur özbaşınalıqları və bu neqativ hala qarşı aparılan mübarizə tədbirləri ilə bağlıdır. Həmçinin bu da məlumdur ki, məmur özbaşınalığı əslində kifayət qədər geniş anlamlı bir məvhum olmaqla, özündə rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşma, süründürməçilik, qeyri-öbyektivlik və bir çox digər neqativ halları birləşdirir. O cümlədən, yaranmış bu və ya digər şəraitdə vətəndaşlara qarşı yol verilən haqsızlıqlar da məmur özbaşınalığının təzahürlərindən biridir. Öz növbəsində bu haqsızlıqların bir növü də, bəzi harınlamış mənsəb sahiblərinin öz "qapılarında” işlətdikləri fəhlə və ya ustaların pulunu kəsməkdə, bəzən isə ümumiyyətlə verməməkdə ifadə olunur. Yeri gəlmişkən, qəzetimizin səhifələrində məhz bu neqtiv hal barədə kifayət qədər çox yazılıb. Hətta belə də demək olar ki, məmur özbaşınalığının məhz bu ifadəsi bəlkə də son vaxtlar ən çox yayılmış təzahürlərdən birinə çevrilməkdədir. Həm də bu hüquq pozuntusuna həqiqətən də bir çox hallarda məhz vəzifəli şəxslər tərəfindən yol verildiyinə baxmayaraq, redaksiyamıza daxil olan məlumatlarda belə əməllərdə müxtəlif peşə sahiblərinin ittiham olunduqları hallar da kifayət qədərdir. Ümumiləşdirilmiş formada məsələnin mahiyyəti bundan ibarətdir ki, "qolu zorlu” birisi tikinti, təmir və yaxud da hər hansı başqa işlə bağlı müəyyən şəxsi (şəxsləri) özü üçün çalışdırır, bundan sonra isə, qolunun gücünə, puluna, əlaqələrinə, yüksək vəzifəli qohumuna və ya himayədarına güvənərək işlətdiyi adamın pulunu vermir. Bəzən belə bir təəssürat yaranır ki, sanki müəyyən təbəqə insanlar arasında işlətdiyi adamın qazandığı halal pulu ona vermək hətta ayıb sayılır..?

Bu mövzuda dünən redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində də vətəndaş Elxan Hacıyev Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının həkimi Kamran Şahbazovdan narazılığını bildirir. Qeyd edək ki, bu klinika 2002-ci ildə Səhiyyə nazirinin müvafiq əmri ilə yaradılmışdır. Hal-hazırda klinikaya tibb elmləri doktoru, dosent A.M.Səfərov (direktor) rəhbərlik edir. Müəssisənin baş həkimi isə tibb elmləri namizədi, dosent M.H.Əliyevdir. Redaksiyamıza müraciət edən vətəndaş E.Hacıyev isə bildirir ki, o, bir müddət əvvəl həkim Kamran Şahbazovun sifarişi ilə onun klinikada işlədiyi otağının, 310-cu "diş kabineti”nin təmir işlərini həyata keçirmişdir. İşlər başa çatdıqdan sonra Kamran həkim Elxan Hacıyevə 2900 manat məbləğində borclu qalmışdır. Lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, həkim bu borcu ödəmək niyyətində deyil. Bundan sonra rəhbərliyə şikayət etmək qərarına gələn E.Hacıyev klinikanın direktoru Alqış Səfərova müraciət edir. Lakin Alqış Səfərov da məsuliyyəti boynundan ataraq vətəndaşa bildirib ki, onun bu məsələyə qətiyyən aidiyyatı yoxdur və E.Hacıyev məhkəməyə müraciət edə bilər. Əlbəttə, vətəndaş bu işlə bağlı məhkəməyə müraciət edə bilər və yəqin ki, edəcəkdir də. Lakin, görəsən bir dövlət tibb müəssisəsinə aid olan bir otağın təmiri məsələsinin bu müəssisənin direktoruna aid olmaması nə dərəcədə məntiqə uyğundur? Nəyə görə bu otağın təmirini həkim Kamran Şahbazov sanki öz mülkiyyəti imiş kimi, öz istəyinə uyğun həyata keçirməlidir? Digər tərəfdən isə, bizim əldə etdiyimiz məlumatlara görə, Alqış Səfərovun rəhbərlik etdiyi bu klinika əslində elə özəl müəssisə kimi fəaliyyət göstərməkdədir. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, klinikanın pullu xidmətləri, icarəyə verilən otaqlar və digər məqamlar, bu tibb müəssisənin dövlət tabeliyində olduğunu çoxdan hər kəsə unutdurub…

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]