Əsas Səhifə / Gündəm / Ölkə

Lənkəranda bahalaşma əleyhinə etiraz

12-01-2016, 10:27
 Lənkəranda bahalaşma əleyhinə etiraz

Liman şəhərinin sakinləri qiymətlərin və işsizliyin artmasına etiraz edirlər.
 

Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev xəbər verir ki, polis hələ də aksiya iştirakçılarını Bakı-Astara yolundan tam uzaqlaşdıra bilməyib:

«Polis istədi bir neçə nəfər tutub aparsın, aksiya iştirakçıları buna imkan vermədi. Yolda hələ də bəzi insanlar və onların gətirdiyi maşınlar qalır».

«ARVADIN, UŞAQLARIN GÖZÜNÜN İÇİNƏ BAXA BİLMİRİK»

Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər:

«Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyin baş alıb getməsinə etiraz edirlər. Bəs deyirdilər ki, Azərbaycan neftdən asılı deyil, qeyri-neft sektoru inkişaf edib. Bəs nə oldu?».

Aksiya iştirakçılarından biri isə AzadlıqRadiosuna deyib ki, artıq yaşaya bilmirlər:

«Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».

İman Əliyev deyib ki, hadisə yerinə polislər gəlib. Onlar aksiyanı dağıtmağa çalışırlar. İman Əliyevin sözlərinə görə, ötən ilin fevralında birinci devalvasiya zamanı da Liman sakinləri yolu bağlayıblar. Onun müraciətindən sonra aksiya dayandırılıb:

«Onda həm əhali, həm də yerli hakimiyyət orqanları məni qınadı. Sadə insanlar məni qınadılar ki, bizim qarşımızı niyə alırsan? Yerli hakimiyyət orqanları da aksiyanın təşkilatçılığını üstümə atıb, məni tutmaq istəyirdilər. Bugünkü aksiya da kortəbii, əhalinin öz istəyi ilə keçirilir».

azadlıq radiosu


Administratorla əlaqə

077 611-55-22

[email protected]