Ölkə

Xəstəxanada ölən körpə, ananın xəbəri olmadan dəfn edilib – İDDİA + VİDEO

12-07-2017, 23:51

Ananın xəbəri olmadan ölən körpə kimsəsizlər qəbiristanlığında dəfn olunub.

Xeberman.com Xəzər TV-yə istinadən məlumatına görə, ağlasığmaz iddianı 37 yaşlı Günay Axundova ortaya atıb.

O, 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib.

Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra isə uşaq ölüb.

Günay Axundova iddia edir ki, həkim uşağın öldüyü barədə məlumatı onlara gec verib.

Körpəsinin öldüyünü biləndən sonra ana onun meyitini tələb edib. Ona bildirilib ki, uşağın cəsədi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Günay Axundova deyir ki, aprel ayının 10-da uşağın meyitini götürmək üçün adıçəkilən quruma müraciət edib və ona uşağın Hövsan qəsəbəsində yerləşən kimsəsizlər qəbiristanında dəfn edildiyi deyilib.

Zərərçəkmiş şəxs iddia edir ki, uşağı ondan xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn ediblər.

Məsələ ilə bağlı 2 saylı şəhər qəbiristanlığından bildiriblər ki, həqiqətən üzərində Günay Axundovanın adı qeyd edilmiş uşaq meyiti aprel ayının 12-də basdırılması üçün gətirilib.

Uşağın ölümündə və gizli dəfn olunmasında adı hallanan həkim Vüsalə Ağalarova isə bildirib ki, Günay Axundova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ana əməliyyat olunaraq reanimasiya şöbəsinə götürülüb.

Uşaq dünyasını dəyişəndə həkim evdə olub, yəni onun ölməsini ertəsi gün işə gələn zaman bilib.

Vüsalə Ağalarova deyir ki, uşağın ölməsi ilə bağlı həm anaya, həm də ataya vaxtında məlumat verilib. Həkim uşağın ondan xəbərsiz dəfn edilməsi məsələsinə də aydınlıq gətirib.

Səhiyyə Nazirliyindən də verilən açıqlamada Günay Axundovanın iddialarının əsassız olduğu bildirilib.

Hüquqşünaslar isə deyirlər ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi uşağın dəfn olunması ilə bağlı valideynə rəsmi müraciət etməlidir. Əgər valideyndən bir xəbər çıxmazsa, o zaman meyit kimsəsizlər qəbiristanlığında dəfn oluna bilər.

İndi Günay Axundovanın bir istəyi var, o da övladının meyitini tapmaqdır. Bu məqsədlə də o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]